AMEA Arxeologiya və Etnoqrafiya İnsititutunun əməkdaşı Əjdər Babazadə
15 iyun 2021 16:06 (UTC +04:00)

AMEA Arxeologiya və Etnoqrafiya İnsititutunun əməkdaşı Əjdər Babazadə

Qədim alətlər hazırlayan azərbaycanlı: “Mükafatım ayda 312 manatdır” – İLK DƏFƏ DANIŞIR

“Hər şeydən öncə Azərbaycanda elmi təfəkkür dəyişməlidir. Eləcə də, arxeologiyadakı ənənəvi yanaşma və stereotiplər qırılmalıdır. Cəsarətlə etiraf etməliyik ki, bu gün Azərbaycanda elm bürokratlaşıb. Yeni paradiqmalara ehtiyac var. Alim məmur simasını çıxartmalı, müasirləşməliyik”.

Lent.az AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadənin qonağıdır. O, tarixə qədərki daş dövründə insanın istifadə etdiyi əmək alətlərini araşdıran ilk arxeoloqdur.

- Düzü, niyə bu sahəni seçməniz bizi təəccübləndirdi...

- Həm elmin epistemologiyasını, həm də hazırkı arxeologiya elminin metod və taktikalarını referans alaraq, elmlə məşğul olan şəxs, keçmiş, bu gün və gələcək arasında bir bağlantı qurmalıdır. O zaman bir nəfər keçmişi öyrənirsə, digəri bu günü, başqa bir qrupu isə gələcəyi öyrənməlidi. Mürəkkəb proses içərisində hər şeyi bir pazıla bənzətməliyik. Orada da hər bir elm araşdırmaçı, mütəxəssis olan şəxs, o pazılın bir parçasını yerinə qoymalıdı. O zaman bir arxeoloq kimi bizim işimiz nə olmalıdır sualını özümə verib başlamışam akademik həyata. Necə deyərlər, insan keçmişini arxeoloq öyrənir. O keçmişlə bağlı pazılın ən böyük parçalardan biri də insanın düzəltdiyi qidalanma-qorunma, həyatda qalmaq üçün alətlərdir. 2 il öncə bu sahədə hansı parçanı birləşdirə bilərəm düşünürkən, həm də Azərbaycan arxeologiyasının inkişafına necə dəstək ola bilərəm, deyə bir araşdırma edib boşluqlara baxdım. O zaman qərar verdim ki, 2-3 milyonluq tarixi ilə Homo cinsinin yonma daşlarını araşdırım. Sadəcə, bu texnologiyanı öyrənməklə əmək alətlərinin hazırlanma prosesini anlamış olmuruq. Həm də o zamankı insanın beynin necə inkişaf etdiyini öyrənirik. Bununla insanlar arasında münasibətləri də öyrənmiş oluruq. Əmək alətlərini hazırlamaq özlüyündə mürəkkəb prosesdir. Qədim insan toplumlarında bütün qrupun bu işlə məşğul olmasını düşünsək, onlar ac qalmalı idi. Demək ki, bu işlə müəyyən insanlar məşğul olmalıdır. Bu zaman onlar arasında iş bölgüsü olacaq. Biri ov ovlayıb gətirərkən, digəri bir əmək aləti hazırlayacaq. İş bölgüsü isə sosial həyatın dəyişikliyin təməl dinamiklərindən biridir.

- Gəlin buradan başlayaq, necə oldu arxeologiyanı seçdiniz?

- Hələ 3-cü kursda oxuyanda arxeoloji qazıntılara gedirdim. Şansım gətirdi, almanlarla arxeoloji qazıntı heyətinə yazıldım. Qrup rəhbəri Barbara Helvinqlə işləməyə başladım. Həqiqətən də həyatımı dəyişən, məni arxeologiyaya bağlayan insan oldu. Onun arxeologiyaya yanaşması, tətbiq etdiyi metodlar fərqli və müasir idi. Dünya müasir arxeologiyada nə varsa, hamısını qazıntıya tətbiq edirdi. Onun da yer aldığı “Ancient Kura” və “Kura in Motion” adlı iki Kür çayı layihəsini Azərbaycan və Gürcüstanda həyata keçirdik. Bu zaman Cənubi Qafqazın son neolit mədəniyyətini araşdırırdıq. Əlavə olaraq, fransız, yapon və türk heyətlərində yer aldım. Bu zaman ərzində demək olar ki, arxeologiyanın bütün yeniliklərinin şahid oldum. Arxeologiyanı onlardan öyrəndim.
Çox üzücü bir haldır ki, tarix fakültəsində arxeologiya sadəcə bir dərs kimi keçirilir. İxtisas olaraq mövcud deyil. Ona görə də magistr təhsilimi Türkiyədə, Hacettepe
universitetində aldım. Türk arxeologiyası bu gün dünya arxeologiyasında ilk onluğa düşən ölkələrdən biridi, onlardan çox şey öyrəndim.
2020-ci ildə pandemiyanın yaratdığı fürsəti dəyərləndirdim. Göyçay rayonuna səfər zamanı çay sahilində gəzərkən çox zəngin çay daşlarına rast gəldim və onları toplamağa başladım. Bunların üzərində işlədikcə hansı işə yaradığını gördüm. Maraqlıdır ki, səfər zamanı çay yatağından 50-60 metr hündürlükdə dağın ətəklərindən balıqqulağı (molyusklar) fosili tapdım. Bu, çox unikal bir hadisə idi. Çünki Qafqazın vaxtı ilə böyük okean yatağı olduğuna sübutdur.
 

AMEA Arxeologiya və Etnoqrafiya İnsititutunun əməkdaşı Əjdər Babazadə

- Arxeologiyanın bu cür öyrənilməsi üçün təkliflər irəli sürmüsünüz?

- 2019-ci ildə keçmiş AMEA prezidenti, akademik Akif Əlizadənin gənclərlə görüşündə tənqid və təkliflərimi birbaşa yazılı şəkildə, özü də maddə-maddə səsləndirdim. Hər şeydən öncə Azərbaycanda elmi təfəkkür dəyişməlidir. Eləcə də, arxeologiyadakı ənənəvi yanaşmalar və stereotiplər qırılmalıdır. Cəsarətlə etiraf etməliyik ki, bu gün Azərbaycanda elm bürokratlaşıb. Yeni paradiqmalara ehtiyac var. Alim məmur simasını çıxartmalı, müasirləşməliyik. Sonra isə birinci kadr yetişdirilməlidi, laboratoriyalar, analiz mərkəzləri qurulmalıdır. Əlbəttə, hər işin başında maddi dəstək dayanır. Onlar olduğu təqdirdə bu cür araşdırmalar apara bilərik.

- Siz təkcə daş, paleolit, mezolit, neolit dövrlərində istifadə olunan əmək alətlərini düzəldirsiniz?

- Arxeologiyanın bu gün əsasən üç əsas araşdırma metodu var: qazıntılar, eksperimental və analizlər. Mən qazıntılarda iştirak etməklə yanaşı, qədim daş dövründəki daş alətlərin texno-tipologiyası üzərinə çalışıram. Araşdırmamın əsas metodlarından biri eksperimental yolla qədim alət texnologiyasını öyrənməkdir. Ona görə də hal-hazırda gördüyünüz bu kiçik emalatxananı qurmuşam. Laboratoriyalarımız olmadığı üçün fiziki-kimyəvi analizlər aparma şansımız yoxdur. İstəyərdim ki, üzərində çalışdığım həm Qarabağın, həm də Muğan bölgəsinin yonma daş alətlərini analiz edim. Bu olmadığı üçün demək olar ki, araşdırmamız əksik sayılır. Ölkəmizdə eksperimental arxeoloji tədqiqat işini ilk biz başlamışıq. Buradan bu işi mənə öyrədən müəllimim Ergül Kodaşa təşəkkürlərimi bildirirəm. Onunla 2019-cu birgə Mardində (Türkiyə) çalışdıq.

- Eksperimental üsulla araşdırdığınız daş dövrünə aid olan alətlərin əsillərini haradan əldə edirsiniz? Emalatxananızda qazıntılar zamanı tapılan hansısa dövrə aid daş var?

- Xeyr, yanlış anlaşılmasın ekperimental təcrübələrimi arxeoloji materiallar üzərində etmirəm. Bu emalatxanda gördükləriniz özümün şəxsi təşəbbüsümlə çay və çöl yataqlarından əldə etdiyim materiallardır. Yəni hər hansı artefakt istifadə edilmir. Qazaxda Damcılı və Qarabağda, Fizulidə, Lələtəpə arxeoloji heyətinin üzüyəm. Bu emalatxanada 3 milyon il öncəki artfaktların modellərini yaradırıq, hazırlanma texnikasının üzərində çalışırıq. Yəni, geriyə baxanda, insanlar alət yaradıb, amma necə yaradıblar? Tarixin bu yöndən öyrənilməsi çox çətindir. Alət yaratmaq bir, istifadə qaydası iki və bunun yanında xammal mənbələrinin öyrənilməsi isə üç. Məsələn, siz əlinizə aldığınız hər hansı bir daşın hansı zərbədən qırıldığını, hansı qəlpələrdən əldə edildiyini bilməlisiniz.
 

AMEA Arxeologiya və Etnoqrafiya İnsititutunun əməkdaşı Əjdər Babazadə

- Bu daşları haradan gətirirsiniz? Adi daşlardan qədim insanın düzəldiyi alətləri hazırlamaq olar?

- Hazırda emalatxanamda Ceyrançöl və Kiçik Qafqazın şimal dağ ətəkləri və dərələrindəki çay daşları var. Bir azda Mardindən gətirdiyim çaxmaqdaşı mövcuddur.

- İlk düzəltdiyiniz alət hansı olub?

- Təxminən burada gördüklərinizdir. 2019-cu ildə Mardinə gedəndə orta paleolit alət tipləri düzəltdim. Sonra müəllimim doktor Kodaşın dəstəyi ilə daş alət hazırladıq. Bu emalatxanada sadəcə alətləri hazırlamıram, aləti düzəltmək üçün istifadə olunan alətləri də hazırlayıram. Daş, buynuz, ağacdan zərbə alətləri, dəridən qoruyucu vasitələr və.s.
 

AMEA Arxeologiya və Etnoqrafiya İnsititutunun əməkdaşı Əjdər Babazadə

- İbtidai insan ilk əmək aləti necə və hansı mərhələrlə hazırlayır?

- Aləti hazırlamaq üçün üç əsas məqam var: blok, nüvə və qəlpə. Blok aləti hazırlamaq üçün seçdiyimiz xammaldır. Blokdan və nüvədən qəlpələmə yolu ilə qəlpələr çıxır, sonra çeşidli alətlər hazırlanır. İlk olaraq blokların özü alət olurdu qaşovlar, çağacaqlar və baltalar kimi. Bunlar sapsız olanlardı. Sonra zaman keçdikcə texnologiysı inkişaf edir, uclar (ox, nizə) düzəldir. Sonra “blade” deyilən bıçaqvari alətlər (uzunsovlar) düzəldir. Əslində 2-3 milyon içində hər parçanı istifadə edirlər. Qədim əcdadlarımızın əmək alətləri düzəltmə texnologiyası sadəcə yontmaqdan ibarət deyil. Növbəti mərhələdə isə yonur, düzəldir, yenidən düzəltmə, şəkilləndirmə kimi prosesləri həyat keçiriblər.

- Siz o daşları yonarkən, qırarkən, hansısa bir müasir texnikadan, alətdən istifadə edirsiniz?

- Yox, burada gördüyünüz hər şeyi, iki milyon il əvvəl necə hazırlanıbsa, o şəkildə düzəldirəm. İlk əmək alətləri çay daşlarından hazırlanıb. O zaman təbiətdən bunu əldə edə biliblər. Zərbə və basqı yolu ilə alət düzəldiblər. Məsələn, ən bəsiti, tutaq ki, çay daşını əlinə alıb qırır. Bundan əlavə, zamanla kəsici, doğrayıcı alətlərdən də istifadə edib. Qədim dövrdə ağacdan hazırlanan alətlər də olub. Sadəcə, qazıntılar zamanı ağaclar çürüdüyü üçün biz daşdan hazırlanan alətləri əldə edə bilirik.
 

- İbtidai əmək vasitələrini düzəltmək üçün köməkçi alətləri necə əldə edirsiniz?

- Bu işin özəlliyi ondadır ki, hər şeyi özün düzəldirsən. Mən özümü paleolit, neolit, mezolit insanının yerinə qoyuram. Yəni, burada çalışıram, sanki o auradayam, oradayam. Çünki o əməyi, aləti düzəldərkən, o enerjini anlamaq istəyirəm. Onların “prehistoric” (tarixə qədərki) insanın psixologiyasını anlamaq istəyirəm. Daşa vurdunuz əliniz qırıldı. Ya bu işi buraxıb gedəcəksiniz, ya da davam etdirəcəksiniz. Çox ağır işdi.

- İşləyən zaman ağır zədəniz nə olub?

- Bu işi təzə-təzə öyrənəndə bilmirdim, dəfələrlə əlim şişdi, barmaqlarım parçalandı, qanaxma tez-tez və çox olurdu. Təkcə əliniz deyil, dizləriniz və ayağınız da təhlükə altındadır. Zamanla metodları mənimsədim. Zərbələrdən və qəlpələrdən qorunmaq üçün zərbə və vurma taktikasını öyrənirsən. Tutaq ki, əlin içinin parçalanmasından qorunmaq üçün araşdırmalara baxanda, ibtidai insanın istifadə edə biləcəyi inək dərisindən “əlcək”
və dizliklər düzəltdim. Bəlkə də ibtidai insan da əlini bu cür qoruyub. Lakin əl biləklərimi qoruya bilmirəm, onları möhkəm incitmişəm. Hər iki biləyim zədəlidir. Ağırlıq və zərbələr zamanı incidir məni. Amma bu məni qorxutmur. Əksinə, həzz verir. Bununla milyon il öncəki insanı hiss edirəm.

- Gün ərzində neçə saat vaxt sərf edirsiz?

- 3-4 saat, bəzən lap 1-2 saat vaxtımı burada keçirirəm. Arxeoloji eksperimental emalatxanamda sadəcə daş zərbələr vurmuram, araşdırmalarımı və mütailəmi, yazılarımı da burada aparıram. Bura, alçaq tavan və təmirsiz olsa da, mənim tarixə qədərki dünyamdır. Eksperimental çalışmalarıma əngəl olan faktlar da mövcuddur. Məsələn, hazırda əlimdə olan xammal çay daşıdır. Az miqdarda da Mardindən gətirdiyim çaxmaq daşlarıdır. Obsidiya, çaxmaqdaşı və ya kvars kimi xammalları tapa bilmirəm. Onları əldə etmək çətindi. Qarabağın azad edilməsindən sonra mənim üçün böyük şans yarandı. Kəlbəcərdəki Keçəldağ obsidiya kimi xammal qaynaqları ilə zəngindir.

- Daş dövründən sonra tarixin hansı mərhələsində insanların istifadə etdikləri alətləri düzəldəcəksiniz?

- Paleolit, mezolit, neolit dövründə istifadə olunan alətləri hazırlayacam. Sadəcə, bununla qalmayacam. Bu mənim elmi araşdırmalarımın bir parçasıdır. İstəyirəm bunları məktəblilərə, universitet tələbələrinə də öyrədim. Sosial layihə olaraq hədəf kimi ölkədə təhsil müəssisələrinə, maraqlı olan şəxslərə, qruplara öyrətməkdir.
 

AMEA Arxeologiya və Etnoqrafiya İnsititutunun əməkdaşı Əjdər Babazadə və Nigar Adil

- Hansısa bir işi edəndə onun qiymətləndirilməsi insana motivasiya verir. Bütün bunları hazırladıqdan sonra ətrafdan laqeydlik görəndə həvəsdən düşmürsünüz?

- Yox, qətiyyən. Məqsədim və hədəfim o deyil. Çünki bu mənim işimdi və işimi sevirəm. Peşəkar yanaşmalıyam. Gəncəm, enerjim boldur. İstəyirəm ki, layiqincə yerinə yetirim və həqiqətən arxeologiya elminə bir töhfəm olsun. 40-45 dərəcə istidə qazıntılar aparırıq. Orda da ciddi bir maddi motivasiya görmürük. Bu, bizim taleyimizdi. Bunu bilərək və qəbul edərək arxeologiyada qaldım. Bütün bu arzu və çabaların “mükafat”ı ayın sonunda 312.40 AZN maaş olması məni incitsə də, yormur. Ailədən və dostlardan dəstək alıram. Xaricdən arxeoloq alimlərdən elmi və mənəvi dəstək alıram. Yeri gəlmişkən, Türkiyə, Fransa, Yaponiya, Almaniya, Polşa, İsrail kimi ölkələrdən yonma daş alətlərin eksperimental və trasoloji sahədə ixtisaslı arxeoqlardan dəvət almışam. Bu sahəni daha yaxşı öyrənmək üçün əla fürsət olardı. Lakin maddi dəstək olmadığından gedə bilmirəm. Bu məni daha çox motivasiya edir. Amma bilirəm ki, burada da belə davam etməyəcək. Haqq etdiyimiz dəyəri mütləq alacağıq.

- 29 ildir ermənilər Qarabağın tarixi mədəni abidələrini öz adlarına istifadə edirdilər. Beynəlxalq tədbirlərdə onların təqdim etdiyi və Qarabağda aşkarlanan hansısa nümunə ilə qarşılaşmısınız?

- Arxeologiya elə bir elm sahəsidir ki, istənilən saxtakarlıqlar və ya xətalar gec-tez ortaya çıxır. Bunlara mediada və elmi ədəbiyyatda kifayət qədər səsləndirilib. Mənə əsas maraqlı məqam bundan sonra bizim ordakı araşdırmalarımızın keyfiyyəti və metodlarıdır. Biz artıq o torpaqlara qayıtmışıq. Arxeoloqlar üçün həm böyük fürsət yaranıb, həm də üzərimizə daha artıq məsuliyyət düşür. Araşdırma bölgəmiz genişlənib. Bəzi bio-arxeoloji elmi problemlər var ki, onlardan bir neçəsinin düyün nöqtəsi Qarabağdadır. Region və dünya arxeologiyası üçün coğrafi baxımdan Qarabağ xüsusi əhəmiyyətə sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7857
avatar

Nigar Adil

Oxşar yazılar