Elşad Miri
14 mart 2023 14:10 (UTC +04:00)

Elşad Miri

Qarışqanın danışması MÖCÜZƏSİ: "Heç bir təfsir QURAN deyil" – Elşad Miri yazır

Bu gün naviqatordan istifadə edəndə həmin cihazdan bir möcüzə gözləmirik. İstifadə etdiyimiz hansısa cihazın instruksiyası yazılmış vərəqdən də bizi təəccübləndirəcək bir hadisənin baş verəcəyinə inanmırıq. Lakin insanın həyat naviqatoru olan, insanın yaşayış instruksiyası olan kitabda, yəni Quranda müxtəlif möcüzələrin olduğuna inanırıq. Həmin kitabın tərcümələrində qeyd edilən ifadələrin bizə qəribə gəlməsini əsas olaraq qəbul edirik. Lakin həmin dövrdə həmin ifadələrin hansı mənada işlədildiyini nəzərə almırıq, yaxud kitaba kölgə salacağını fikirləşib buna qol qoymuruq.

İndi söhbət açacağım möcüzə kimi təqdim edilən məsələ də eynilə rəvayətlərə qurban edilən rəvayətdir. Quranda mövcud olan məsələnin nağıllaşdırılaraq təqdim edilməsidir. Həmin məsələ Quranda bəhs edilən Süleyman peyğəmbərin qarışqaların dilini bildiyi iddiasıdır. Sual yarana bilər ki, bunu bilmək bizə nə verəcək? Bilməliyik ki, bu cür rəvayətlər insanlara həyat yolunu göstərən kitabdan uzaqlaşdırmaqla yanaşı, kitabın özünə iftira atmaqdır. Bizi düşünməyə, ağlımızı işlətməyə, analiz etməyə səsləyən bir kitabı nağılvari rəvayətlərlə ritual kitabı halına salmağa xidmət edir.

Maraqlıdır ki, haqqında danışdığımız həmin bu Quranın 17-ci surəsi olan “Nəml” surəsinə həm dilimizdə, həm də müxtəlif dillərdə “qarışqa” mənası veriblər. Bunun üzərindən də müxtəlif “möcüzələr” formalaşdırıblar. Çoxluğun eyni cür yanaşmasına “doğrudur” demək elmi izah olmadığına görə bu məsələni araşdırmağa çalışaq.

Demək olar ki, bizə məlum olan bütün Quran tərcüməçiləri, təfsirçiləri “Nəml” surəsindəki “nəml” sözünə heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsindən olan qarışqa mənası verərək yeni möcüzə icad ediblər. Möcüzə kimi təqdim edilən məsələ isə əslində Süleyman peyğəmbərin danışması deyil, qarışqanın danışdığını başa düşməsi kimi təqdim edilir. Halbuki burada qarışqa kimi təqdim edilən məsələ insanlardı. Hansı insanlar olduğunu da qeyd edəcəm. Bundan əvvəl iki misal vermək istəyirəm.

Bu misallardan biri müasir dövrümüzdən, digəri də qədim tariximizdən olsun. Məsələn, deyilsə ki, aslan bülbülü parçaladı. Bülbül qartalı əzdi. Pələnglər qırmızı şeytanları darmadağın etdi. Aslan deyiləndə bəlkə ağlımıza şir gələcək. Qartal deyiləndə də dağların, uca zirvələrin sahibi hesab etdiyimiz quşu gözümüzdə canlandıracağıq. Kanarya, bülbül deyiləndə də həmçinin. Lakin həm ölkəmizdə, həm də Türkiyədə futbolsevərlər “Bülbül qartalı əzdi” cümləsindən Fenerbaxçanın Beşiktaş futbol klubuna qalib gəlməsini biləcək. Aslanın bülbülü parçalamasından isə Qalatasarayın Fənərbaxça futbol klubuna böyük hesabla qalib gəldiyini başa düşəcək. Pələnglərin qırmızı şeytanları darmadağın etməsindən Trabzonsporun İngiltərənin Mançestir United futbol klubuna qalib gəlməsini başa düşürük. Lakin futbolu bilməyən, yaxud Türkiyədəki futbol klublarının simvolunu bilməyənlərdən bunu başa düşməsini gözləmək mümkündürmü?

İndi məsələnin bir az daha aydın olması üçün bir misal da verim. Məsələn, Ağqoyunlu qaraqoyunlunu məğlub etdi. Bu cümlədən ağ qoyuna sahib olanın qara qoyun yiyəsini udduğunumu başa düşəcəyik? Yoxsa 1467-ci ildə Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənin Qaraqoyunlu dövlətini süquta yetirməsinimi anlayacağıq? Əksini iddia edən varsa, qərar onundur. Quranda İsa peyğəmbərin quş kimi bir şey düzəltməsini, Fil surəsindəki fil səhabələrini, Süleyman peyğəmbərin Hüdhüd quşunu və indi söhbət açacağımız QARIŞQA kimi təqdim edilən məsələyə da bu prizmadan baxmalıyıq.

Deməli, qarışqanın danışması möcüzəsi kimi təqdim edilən hadisə Quranın 27-ci surəsində keçir. Bu hadisəyə görə elə 27-ci surənin özü də “Nəml” surəsi adlandırılıb. 93 ayədən ibarət olan bu surədə qarışqa kimi təqdim edilən və surəyə ad olan məsələ həmin surənin cəmi 1-cə ayəsində keçir. Həmin ayələr də “Nəml” surəsinin 18-ci ayəsidir. “Nəml” sözünün Quranda keçdiyi yerlərə nəzər yetirək. Deməli, “nəml” sözü Quranda 2 ayədə 4 yerdə işlədilir. 3 dəfə keçdiyi yer haqqında danışacağımız “Nəml” surəsinin 18-ci ayəsidir, biri isə Quranın 3-cü surəsi olan “Ali-İmran” surəsinin 119-cu ayəsidir. “Ali-İmran” surəsinin 119-cu ayəsində “nəml” sözü olaraq deyil, həmin sözün cəmi olaraq “ənamil” keçir. Bunun mənası isə “qarışqalar” deyil, “barmaq ucları” deməkdir. Süleyman peyğəmbərlə də heç bir əlaqəsi yoxdur. Ayədə həmin yerə bu cür tərcümə verilir: “Sizinlə rastlaşanda: “İnandıq!” – deyirlər, öz başlarına qalanda isə hikkələrindən barmaqlarının uclarını gəmirirlər” (“Ali-İmran” surəsi, 3/119).

İndi gələk, 3 dəfə işlədildiyi yer olan “Nəml” surəsinin 18-ci ayəsinə. Bu ayədə qarışqa kimi tərcümə edilən “nəml” sözü iki dəfə marifə, yəni müəyyənlikdə, bir dəfə isə nəkrə, yəni qeyri-müəyyənlikdə gəlib. Məsələnin daha yaxşı başa düşülməsi üçün, ərəb dilinin qrammatikasıyla əlaqəli olaraq kiçik bir məqamı qeyd edim. Ərəb dilində isimlər müəyyənlikdə və ya qeyri-müəyyənlikdə olur. Müəyyənlikdə olanlara marifə deyirik, qeyri-müəyyənlikdə olanlara isə nəkrə... Bəzi isimlər öz leksik mənalarına görə artıq müəyyənlikdə olduğu qəbul edilir. Bunlar:

1. Xüsusi, özəl adlar, 2. İsmin əvvəlinə (əl) artikli əlavə edilənlər, 3. Şəxs əvəzlikləri, 4. İşarə əvəzlikləri, 5. İsmul məvsul, yəni nisbi əvəzliklər, 6. Söz birləşməsi olan izafədə, mudafdan sonra gələn isim marifədirsə, yəni mudafun ileyh marifədirsə, elə isə mudaf da marifə, yəni müəyyənlikdə qəbul edilir. Burada qeyd olunanlardan birinə aid olmayan isimlər isə qeyri-müəyyən isimlər adlanır, yəni nəkrə.

Bunları qeyd etməyimin bir məqsədi var. Çünki “Nəml” surəsinin 18-ci ayəsində 3 dəfə işlədilən “nəml” sözünün və ayənin düzgün tərcüməsini anlamaq üçün bu məlumata ehtiyac var. Ümumiyyətlə bilməliyik ki, Quranda mərifə olan, yəni müəyyənlikdə olan bir sözün nəkrə olması, qeyri-müəyyənlikdə işlədilməsi və tərcüməsi mümkün deyil.

İndi gələk ayənin tərcümələrində verilən qarışqa məsələsinə... “Nəml” surəsinin 18-ci ayəsinə belə tərcümə veriblər: “Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər””.

Gəlin birlikdə sorğulayaq. Bu qarışqa Süleymanı hardan tanıyır? Digərlərindən necə seçir? Adını hardan bilir? Əgər burada bir möcüzə varsa, həmin möcüzə qarışqaya aid olmalı deyilmi? Belə bir etiraz gələ bilər ki, Allah hər şeyə qadir deyilmi? Allah istəsə, qarışqanı danışdıra bilməzmi? Bu kimi müxtəlif suallar verilə bilər. Halbuki Allah bizi qeyri-adi hadisələrə deyil, hər dəfə görüb əhəmiyyət vermədiyimiz məsələlərə diqqətimizi çəkir. Bitkilərin yetişməsini (“Kəhf” surəsi, 18/45), cansız yerüzünün yağış yağdıqdan sonra hərəkətə gəlib qabarmasını (“Həcc” surəsi, 22/5), səmadan suyun axmasını (“Muminun” surəsi, 23/18), heyvanların necə yaradıldığını (“Ğaşiyə” surəsi, 88/17), göyün necə ucaldıldığını (“Ğaşiyə” surəsi, 88/18), dağların necə sancıldığını (“Ğaşiyə” surəsi, 88/19), yerin necə döşədildiyini (“Ğaşiyə” surəsi, 88/20) görməyimizi istəyir. Hər şeyə qadir olan Allah, yəni hər şeyə ölçü qoyduğunu bildirir. Allahın hər şeyə qadir olması budur.

“Nəml” surəsinin 18-ci ayəsində həmin qarışqa deyilən canlının qurduğu cümlə 11 sözdən və 5 əvəzlikdən ibarətdir. Bəs ayənin tərcüməsində qeyd edilən bu qarışqa nədir və ya kimdir? Gəlin bunu anlamağa çalışaq. Bunun üçün ilk olaraq Süleymanın əmrinə verilənlərin kimliyini öyrənməyə cəhd edək. Quran ayələrinə nəzər yetirəndə onun əmrində çalışan dalğıcların, bənnaların olduğunu görürük (“Sad” surəsi, 38/37; “Ənbiya” surəsi, 21/82). Onun üçün qəsrlər, heykəllər, çanaqlar, böyük qazanların düzəltdiklərini oxuyuruq (“Səba” surəsi, 34/13).

Lüğətlərdə “nəmlə” sözünün insanın yan tərəfində çıxan yara üçün də işlədilir. Ayaqları asta atmaq da eyni sözlə ifadə edilir. Söz gəzdirən, qeybət edən edən üçün də “nəml”, “nəmmal”, “zun nəmlə” kimi sözlər işlədilir. Sonra çox işləmək mənasında işlədilir. Bu gün Türkiyə türkcəsində işlədilən “atom qarışqa”nın zəhmətkeş insan mənasına gəldiyini çoxumuz bilirik.

Yuxarıda qeyd etdiyim ayələr əslində bizə ipucu verir. Lüğətlərə nəzər yetirəndə də ayədə qarışqa kimi tərcümə edilən “nəml” sözünün əslində məharətli şəxs olduğunu, məharətli ustalar mənasına gəldiyini öyrənirik. Buradan da aydın olur ki, əslində Süleyman üçün dalğıclıq edənlər, qəsrlər tikənlər, heykəllər düzəldənlər, böyük qazanlar hazırlayanlar həmin qarışqa kimi tərcümə edilən zəhmətkeş insanlar, məharətli şəxslər, ustalar imiş.

Qısa olaraq bir məqamı qeyd edim ki, yəhudlikdə Süleyman sehrbazlıq və bütpərəstliklə əlaqələndirilməsinə baxmayaraq böyük kral olaraq qəbul edilib. Düzdü, bu barədə “İslamda yoxdur” adlı kitabımda qeydlərim var. “Bəqərə” surəsinin 102-ci ayəsinin buna cavab olduğunu bildirmişəm. Lakin əlimizdə mövcud olan yəhudilərin müqəddəs kitab olaraq qəbul etdikləri TANAHda, düzdü biz TÖVRAT kimi qəbul edirik, Süleymanın qarışqa məsəlindən bəhs olunur. Lakin burada hansısa möcüzədən, Süleymanın qarışqaların dilini bilməsindən deyil, qarışqaya baxıb ondan zəhməti öyrənməyimizdən tələb edilir.

Süleyman tənbələ deyir: “Ey tənbəl, get qarışqaya bax. Onu müşahidə elə, hikmət qazan. Onun nə ağası, nə başçısı, nə hökmdarı var. Azuqəsini yayda tədarük edər. Yemini biçin mövsümündə yığar. Ay tənbəl, nə vaxtadək yatacaqsan? Haçan yuxudan duracaqsan? Bir az da yatsan, bir az da mürgüləsən, Bir az da əl-qolunu sallayıb otursan, Yoxsulluq quldur kimi başının üstünü kəsəcək, Ehtiyac soyğunçu kimi üstünə cumacaq” (Tanah, “Məsəllər”, 6/6-11).

İndi gəlin, ilk olaraq “qarışqa” sözünün keçmədiyi “Nəml” surəsinin 17-ci ayəsinə verdiyim mənanı qeyd edim: “Tanınanlardan, əcnəbilərdən, uçanlardan ibarət olan əsgərləri Süleyman üçün toplanıldı. Və onlar nizam-intizamla sövq edilirdilər” (“Nəml” surəsi, 27/17).

İndi 18-ci ayəyə keçək. “Nəml” surəsinin 18-ci ayəsinə Quran tərcümələrində bu cür tərcümə verilib: “Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!””

Ayədə qeyd edilən “vadin nəml” sözünə “qarışqa vadisi” mənası verilib. Təfsirlərdə də bunun indiki Suriya ərazisində, keçmişdə Şam olaraq bildirilən torpaqlarda olduğu ifadə edilib. Bunu da həmin yerlərdə çoxlu qarışqa yuvalarının olmasıyla əlaqələndirməyə çalışıblar. Halbuki söhbətimizin əvvəlində də qeyd etdik ki, “vadin nəml” söz birləşməsi marifədir, yəni bilinən yerdir. “Nəml” sözünün qarışqa deyil, məharətli şəxs, çalışqan insanlar mənasında olduğunu nəzərə alaraq həmin vadinin, qeyd edilən bölgənin həmin məharətli şəxslərin yaşadığı yer mənasına gəldiyi aydın olur. Günümüzdə də bu cür vadi sözü işlədilir. Məsələn, Amerikada, Şimali Kaliforniyadakı Silikon vadisini, başqa adıyla Silisium vadisini qeyd edə bilərik. Burada kimlərin olduğunu bilgisayar, “it”, kodlaşdırma sahəsini bilənlər gözəl bilirlər. Hansı firmaların yerləşdiyi məlum məsələdir.

Yenidən qayıdaq ayəmizə. Bəs həmin ayədə qeyd edilən və qadın cinsində, yəni müənnəsdə gələn “nəmlə” və ya “nəmlətun” sözü hansı mənaya gəlir. Həmin bu sözdən əvvəl gələn “QALƏT” (dedi) feili də “nəmlətun” sözünə görə yenə qadın cinsində işlədilib. Bu məsələ təfsirçilərin də diqqətindən yayınmayıb. Ona görə də, ayədəki qadın cinsində gələn “nəmlə” sözünə “kraliça qarışqa” mənası veriblər. Lakin kraliça qarışqanın yuvadan çıxmadığını bildiyimizə görə bu məlumat da təəccüblü gəlir. Başqa maraqlı və qəribə gələn məsələ ayədə gələn 3 “nəml” sözünün birincisi marifə, yəni müəyyənlikdə, sonrakı nəkrə, yəni qeyri-müəyyənlikdə, axırıncısı isə yenə müəyyənlikdə gəlməsidir. Bu qeyd edilənləri nəzərə aldıqda həmin qadın cinsində olan  kraliça qarışqa kimi tərcümə edilən “nəmlə”nin özünün də məharətli və zəhmetkeş olmasına baxmayaraq Süleymanın əmrində olmayan, onun üçün işləməyən başqa bir qadın olduğu aydın olur. Bu qadının digərlərinə “Yə əyyuhən nəmlə”, yəni “ey məharətli şəxslər” kimi müraciət etdiyini və əmr verdiyini əsas alsaq, həmin qadının onların lideri olduğunu başa düşməyimiz mümkündür. Hətta bu ayədən 4 ayə sonra 23-cü ayədə Səba kraliçasından söhbət açılmasıyla əlaqə qurmaq da mümkündür.

“Nəml” surəsinin 18-ci ayəsi “hətta” bağlayıcısı ilə başlayır. Dilimizə ərəb dilindən keçən bu bağlayıcı cümlədə aid olduğu sözü və ya söz birləşməsini ayırmaq və gücləndirmək üçün işlədilir – üstəlik, həm də, belə, həmçinin. Hətta bağlayıcısının mənaları - hədəfə çatmaq, hədəf müəyyənləşdirmək və ya arzu ediləni əldə etməkdir. Burada məna olaraq “...ə qədər”, “…ə dək” “…ta ki” mənalarını vermək mümkündür.

Buradan aydın olur ki, hətta bağlayıcısı əvvəlki ayədə başlayan hərəkatın davam etdiyini göstərir. Süleyman və ordusunun “qarışqaların vadisi”nə, yəni həmin məharətli şəxslərin vadisinə, yaşadıqları yerə gəlib çatmağı ifadə edir. Süleyman və ordusunun hədəflərinin həmin yer olduğu məlum olur.

Ayədə həmin məharətli şəxslərə rəhbərlik edən qadının belə əmr verdiyi öz əksini tapir: “Udxulu məsakinəkum”. Yəni öz evlərinizə, məskənlərinizə girin... Yuvalarınıza girməyi əmr etmir.  

Bura kimi qeyd etdiklərimizdən sonra məsələnin qarışqa olmadığı, söhbətin məharətli şəxslərdən, zəhmətkeş insanlardan, barmaqlarında 10 məharət olan ustalardan getdiyi məlum olur. Bu ustaların da hansı işlərdə çalışdıqları yuxarıda qeyd etdiyim ayələrdən aydın olur. Bütün bunlardan sonra “Nəml” surəsinin 17-ci və 18-ci ayələrinə bu cür məna vermək mümkündür.

“Tanınanlardan, əcnəbilərdən, uçanlardan ibarət olan əsgərləri Süleyman üçün toplanıldı. Və onlar nizam-intizamla sövq edilirdilər. Nəhayət həmin məharətli şəxslərin yaşayış yerlərinə çatanda qadın liderləri dedi: “Ey mahir insanlar! Məskənlərinizə daxil olun. Süleyman və əsgərləri sizi əsla əzməyəcəklər və hissi davranmayacaqlar” (“Nəml” surəsi, 27/17-18).

Təəssüflər olsun ki, rəvayətlərdən asılı qalaraq bu cür ayələrə qarışqa kimi tərcümə verib, qarışqa möcüzəsi kimi nağıllar ortaya çıxarıblar. Əfsuslar olsun ki, bu cür rəvayətlər də  ayələr üzərində öz təsirini göstərir. Fərqli və alternativ izahlara imkan vermir. Ya da fərqli fikirləri lağlağa predmetinə çevirir, həmin fikirdə olan insanlar ləkələnməyə, qarayaxmaya məruz qalır. Quranın ancaq Quranla başa düşülməli prinsipinə uyğun yanaşmalı, tərcüməni buna uyğun olaraq etməli və çatdırmalıyıq.

Bir də unutmayaq ki, heç bir tərcümə, heç bir təfsir Quran deyil. Tərcüməçinin, təfsirçinin Qurandan başa düşdüyüdür.

 

Elşad Miri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33621
avatar

Oxşar yazılar