Hökumət parklanma yerləri ilə əlaqədar tariflərin müəyyənləşdirilməsi üçün müvafiq sənəd üzərində iş aparır.
Lent.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, tariflərin paytaxt Bakı, eləcə də digər şəhər və rayonlar üzrə parklanma yerindən asılı olaraq müəyyən edilməsi nəzərdən keçirilir.
Qeyd edək ki, hazırda ölkədə parklanma yerləri ilə bağlı tariflər mövcud deyil.
Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, parklanma yerlərində qiymətlərin müəyyən edilməsi üçün BNA tərəfindən beynəlxalq təcrübəyə əsaslanan konsepsiya hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Konsepsiyanın əsas strateji məqamları şəhərin parklanma imkanları, tariflər və vaxt məhdudiyyəti ilə bağlı məsələlərdir. Eyni zamanda konsepsiyanın tətbiqi ilə əlaqədar müəyyən qanunvericilik aktları ilə bağlı da təkliflər hazırlanaraq təqdim olunub.
BNA-dan o da bildirilib ki, hazırda Bakıda 15 min avtomobillik parklanma yeri müəyyənləşib.
“Bir neçə il əvvəl parklanma yerləri üçün Bakı Şəhər İcra Hakimiyyətindən 10 minə yaxın yer almışıq. Sonradan aparılan analiz və təhlillərdən sonra əlavə olaraq 5 min avtomobillik parklanma yeri aldıq. Həmin parklanma yerləri müvafiq tariflər təyin olunana qədər pulsuzdur”, - deyə BNA-dan qeyd ediblər.
Əlavə edək ki, qanunsuz parklanma yerlərinin təşkili və qanunsuz parklanmaya qarşı cərimələri nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim olunub.
Layihə yanvarın 25-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Yanvarın 24-dən isə artıq qanunsuz parklanmaya, eləcə də bunu təşkil edən “parkovşik”lərə qarşı yol polisi tərəfindən reydlərə başlanılıb.