Hun qəbiristanlığı
26 may 2022 14:00 (UTC +04:00)

Hun qəbiristanlığı

O qəbiristanlıqda uyuyan hunlardır? - Tarixçilər bir qərara gələ bilmədi

Qəribə formalı qəbirlərdi. Sadəcə, başdaşından ibarət. Üzərində müxtəlif naxışlar, işləmələr...Qəbir sahibinin nə adı, soyadı, nə doğum-ölüm tarixləri var.

Buzovnadakı “Hun qəbiristanlığı” kimi adlanan yerdəyik. Adı kimi özü də qəribə olan bu məkanı bəlkə də çoxları ziyarət edib. Heç kimə sirr deyil ki, hunların məskunlaşdıqları ərazilər arasında Azərbaycan da xüsusi yer tutur.

Azərbaycanın əksər bölgələrində hunlardan bu günə qədər gəlib çıxmış daş yazılar və məzarlıqlara da rast gələ bilərik. Bəs görəsən, qədim hunların uyuduğu bu abidə-qəbirlər nə vəziyyətdədir? 

Sözügedən məkan kənd qəbiristanlığının bir küncündədir. Düzü, bu qəbirləri çətinliklə tapa bildik, çünki onlar bircə daşdan ibarətdir. Onları digərlərindən fərqləndirən uzunsov formada olmalarıdır. 
Sakinlərin sözlərinə görə, Buzovnada daha qədim, əsasən, III – IV əsrə aid qəbirlər də var. Bu qəbiristanlıqdakı bu qəbirlər ən birinci basdırılanlardır. Sonradan qəbirlər bir-birinə qarışmasın deyə qıraqlarına daşlar düzüblər. Amma ümumi vəziyyət gördüyünüz kimidir. 

Tarixçi Zaur Əliyev deyir ki, Azərbaycanda ən qədim məzarlıqlardan biri kimi tanınan Hunların dəfn edildiyi yer xilafət zamanı və Sovetlər dövründə dağıntılara məruz qalıb:

“Ərəblər üzərində türk naxışları olan məzarların çoxunu dağıdıb, sovetlər də onların bu işini davam etdiriblər. Hətta ərəblər buranın islama aid olmasını göstərmək üçün içərisində 4 qəbir olan türbə belə ucaldıblar. Qaynaqlara inansaq, burada, xilafət dövründə bu ərazidə yaşayan Məhəmməd Əli adlı şəxs və onun yaxınları dəfn edilib. Təxminən 350 ildən çox yaşı olan türbə Səfəvilərin hakimiyyəti dövründə inşa edilib”.

Bəs, bu qəbirlərin başdaşlarının uzunsov olması, onların üstündəki naxışlar, işarələr nə ilə bağlıdır?

“Sovet dövründə burada tədqiqat aparan arxeoloqlar hun məzarlıqlarından uzunsov başı olan sümüklər tapıblar. Qeyd edim ki, bu cür sümüklər qədim etnik xalq olan hunlara məxsusdur, çünki uzunsov başı olan şəxslər əsl lider sayılırdılar. Hunlar uşaq vaxtından gələcəkdə döyüşçü olacaq oğlan uşaqlarının başını sarıyırdılar. Qəbirlərin uzunsov olması da bundan irəli gəlir.

Müəllif Nigar Namiq


Qəbirlərin üzərindəki müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunub. Qeyd edim ki, qədim türklər, Tenqri (Tanrı) şərəfinə tanınan insanları 6 guşəli sərdabə formasında dəfn edirdilər, ora daxil olmaq qadağan idi. Atillanın, Çingiz xanın, Batı xanın da məzarları məhz bu formada qurulub. Bu işarəni türklər belə izah edirlər:
Allah, 4 ünsür, hava-od-su-torpaq və insan.
Təpə nöqtəsi yuxarı istiqamətlənmiş üçbucaq - alovu və havanı, təpə nöqtəsi aşağı istiqamətlənmiş üçbucaq isə suyu və torpağı təsvir edir”. 

Tədqiqatçı Əkbər Nəcəf isə tarixçinin sözlərini təkzib edərək bildirdi ki, orada uyuyanların hunlara aid olması sual altındadır. “Bakı kəndlərinin çoxunda belə qəribə formalı qəbirlər var. 90-cı illərdə ortaya atılan bu mövzu illərdir mübahisəli məsələ kimi qalıb. Arxeoloqlar tərəfindən ciddi araşdırılmalıdır”. 

Yaxşı, bəs, tarixçinin bu sözləri barədə arxeoloqlar nə düşünür? 
Tarix üzrə fəlsəfə doktoru, Miras İctimai Birliyinin sədri Fariz Xəlilli və arxeoloq İdris Əliyev birmənalı şəkildə bildirdilər ki, orada basdırılanların hunlara heç bir aidiyyatı yoxdur:

“Onlar hunlar deyil, bu, tamamilə ağızdan-ağıza keçən şayiədir. Hunların dövrü tamam fərqli dövrdür. Oradakı Məhəmməd Əli türbəsi, sərdabələr, abidə-qəbirlər 16-17-ci əsrdə mövcud olan Səfəvi dövlətinin başçısı Şah Abbasın ən parlaq dövrünə, şiəliyin inkişaf dönəminə aiddir. O qəbirüstü sözlər isə Həzrəti Əlinindir. Bu faktlar şərqşünas alim, tarixçi Məşədixanım Nemətovanın 1926-cı ildə tədris olunduğu kitabında qeyd olunub”. 

Bundan başqa, Fariz Xəlilli qeyd etdi ki, bu məsələ ilə bağlı əlaqədar Miras İctimai Birliyi olaraq elan etdik ki, 220-dən çox öz peşəkar mütəxəssislərimizi ölkə ərazisində bu tip abidələrin araşdırılması, tarixi-arxeoloji və ya restavrasiyasına yönləndirək. 

Belə təşəbbüslər çox gözəldir. Hazırda baxımsız vəziyyətdə olan bu mədəni irsimizin restavrasiyaya ehtiyacı olmasa da, nəzarətdə saxlanması mütləqdir. Axı bu məzarlıqlar təkcə Hunlara aid deyil, Azərbaycan xalqına əmanət edilən bir mədəni irsdir.

 

# 4098
avatar

Nigar Namiq

Oxşar yazılar