Nəşriyyatda ETİRAZ:  jurnalistlər ayağa qalxdı - FOTO  - YENİLƏNİB
18 yanvar 2023 17:53 (UTC +04:00)

Nəşriyyatda ETİRAZ: jurnalistlər ayağa qalxdı - FOTO - YENİLƏNİB

“Azərbaycan” Nəşriyyatı jurnalistlərin etirazına münasibət bildirib.

Lent.az xəbər verir ki, məsələ ilə əlaqədar “Azərbaycan” Nəşriyyatının baş direktorun müşaviri Rövşən Şıxlı APA-ya açıqlamasında bildirib ki, artıq problem aradan qaldırılıb.

Onun sözlərinə görə, "Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması sonuncu dəfə 2017-ci ilin yanvarında olub: “Bu tarixdən sonrakı müddət ərzində ölkədə kommunal xidmətlərin tariflərinin, nəşriyyatın binasında və ərazisində aparılan təmir-tikinti işləri üçün tələb olunan mal-materialın, nəşriyyatın fəaliyyətində zəruri hesab edilən digər malların qiymətlərinin artımını nəzərə alaraq, bu ilin yanvarından “Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması nəzərdə tutulmuşdu.

Lakin nəşriyyatda fəaliyyət göstərən redaksiyaların maddi vəziyyəti nəzərə alınaraq, onlarla görüş keçirildi, təklifləri nəzərə alındı və nəticə etibarilə, otaqların istifadəsinə görə ödəniş haqlarının artırılmasının hələlik KİV-lərin redaksiyalarına şamil olunmaması məqsədəuyğun hesab edildi. Yəni bundan öncə qiymətlər necə idisə, yenə də eynidir”.

Rövşən Şıxlı nəşriyyatdakı şəraitsizlik məsələsinə də münasibət bildirib: "Bilirsiniz, nəşriyyatın binası böyükdür. Biz də imkan daxilində çalışırıq ki, bu məsələləri yavaş-yavaş aradan qaldıraq. Təbii ki, bu şeylər birdən-birə mümkün deyil".

***

saat 14:37

“Azərbaycan” nəşriyyatının qarşısında keçirilən aksiya kommunal xərclərinin artırılması ilə bağlıdır”. 

Bu sözləri Lent.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Onun sözlərinə görə, nəşriyyatda xidmət haqları qaldırılıb:

“Əvvəl nəşriyyatda kommunal xərcləri hər kvadrata görə 5 manat 20 qəpikdən hesablayırdılar. İndi isə bahalaşma 60%-i keçib. Hər kvadrata görə 8 manat 60 qəpik kommunal xərcləri tələb olunur. Bu da böyük bir artımdır. Bununla bağlı nəşriyyatda bəzi redaksiyalara rəsmi bildiriş göndərilib. Aksiyada da həmin redaksiyaların əməkdaşları iştirak ediblər. Bu artım bir çox redaksiyaların maddi vəziyyətinə çox ciddi təsir göstərəcək. Belə getsə, bir çox redaksiyalar “Azərbaycan” nəşriyyatını tərk etməli olacaq. Çünki adi bir otaq fərdi yaşayış binasının kirayə haqqından çox gəlir”.

***

saat 13:40

Bu gün jurnalistlər "Azərbaycan" Nəşriyyatının önündə aksiya keçiriblər.

Lent.az xəbər verir ki, aksiyaya səbəb icarə haqlarının 50 faizdən çox artırılması ilə bağlıdır. Aksiya zamanı jurnalistlər öz müraciətlərinin nəşriyyat rəhbərliyinə çatdırıblar.

Bildirilir ki, müraciətə cavab sabah saat 10-da veriləcək. Məlumata əsasən, jurnalistlər icarə haqları aşağı salınmayacağı təqdirdə aksiyalara davam edəcəklər.

Məsələ ilə bağlı "Azərbaycan" Nəşriyyatının rəhbərliyi ilə əlaqə yaratmağa çalışdıq. Ancaq hələlik müraciətimizə cavab ala bilmədik.

# 4491
avatar

Oxşar yazılar