Şəhid Şaiq Kəlbiyev
24 iyun 2021 20:15 (UTC +04:00)

Şəhid Şaiq Kəlbiyev

“Müharibəyə getmək üçün əlillik haqda sənədini cırdı” - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Şaiq Kəlbiyevə həsr edilib.

Şaiq Namiq oğlu Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb.

Şəhid Şaiq Kəlbiyev

2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məкtəbdə davam etdirib və 2012-ci ildə buranı bitirib. 2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb.

Şəhid Şaiq Kəlbiyev

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Şaiq Kəlbiyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunun Lökbatan qəsəbəsində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Gənclik gözəldir...

Ölümün bütün forması faciəvidir. İstər cavan, istərsə də yaşlı insanın ölümü bir evdən, bir ailədən, bir nəsildən gedir. Bəlkə də ən dəhşətli təbiət hadisəsidir ki, insan heç zaman bu faktla barışmır. Dünyaya gəldiyi gündən yaşamaq üçün, əcələ məğlub olmamaq üçün cürbəcür mübarizələr aparır, hər dəfə ölüm surəsi oxunanda yaxasını ondan kənara çəkmək istəyir. Amma gün gəlib, vədə tamam olur və vədəsi çatan hər kəs dünyadan köç edir. 

Şəhid Şaiq Kəlbiyev əsgər yoldaşı ilə
 

Hər bir fərdin taleyi fərqli olduğu kimi ölümü də fərqli olur. Şəhidlik məqamı, vətən, torpaq uğrunda sevərək candan keçmək hər kəsə nəsib olmur. Bunun üçün sevgi, cəsarət, əqidə çox vacibdir. İstər birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində vətən uğrunda canından keçənlər həm sevgi, həm cəsarət, həm də əqidə daşıyıcıları idilər. 26 yaşlı Şaiq Kəlbiyev də şəhidlik məqamına ucalan, özündə ən yaxşı insani şəxsi keyfiyyətləri daşıyan azərbaycanlı gənclərdən biri olub. 

Onların evinə çatanda mənzillərinin qarşısına vurulan barelyefə diqqətlə baxıram. Yaraşıqlı simasından mavi gözlərinin dərinliklərindən boy verən nakam kədəri onun haqqında hazırlayacağım yazı üçün gücləndirici səbəbə çevrilir.  

Qapını üzümə eyni ilə Şaiq kimi mavi gözləri olan, uca boylu, qara donlu, qara örpəkli qadın açır. Şaiqin anası. Məni Şaiqin portretləri, əşyaları, paltarları ilə bəzədiyi otağa aparıb deyir:

- Bura onun otağı deyil. Amma indi onun otağına çevrilib. Saatlarla burada əyləşib onun şəkilləri ilə danışıram. Amma o, mənə cavab vermir. 

Şəhid Şaiq Kəlbiyev anası ilə
 

Səkinə xanım oğlunun uşaqlıq illərindən söhbətə başlayır:

- Üç ovladım vardı. İki oğlan, bir qız. Şaiq evin ortancılı, həm də elə uşaqlıqdan bacarıqlı balam idi. Hara gedərdim, Şaiq mütləq mənim yanımda olardı. O, uşaq olanda mən tez-tez xəstələnirdim. Nə vaxt yataqdan qalxıb, ev işi görməyə başlayırdımsa, Şaiq məndən əvvəl özünü işə atardı. Məktəblərində 20 yanvar, Xocalı hadisələri ilə bağlı bütün tədbirlərdə Şaiq birinci sırada olurdu. Mənim cehizlik bakallarımdan, rumkalarımdan o, cürbəcür süvenirlər düzəldirdi. 

Səkinə xanım Şaiqin əl işləri düzülən şkafa yaxınlaşıb oradan içərisinə parafin tökülmüş, cürbəcür qurumuş çiçəklərlə bəzədilmiş şüşə qabları gətirib göstərir.  

- Bax, görürsən, şamlar quruyub. Hələ də atmamışam. Bunların hamısını öz əlləri ilə düzəldib. O, ən lazımsız əşyaları, paltarları belə atmazdı, hamısından nə isə düzəldərdi. 

Qayğı...

- Biz dörd bacı, dörd qardaş olmuşuq. Amma Şaiq məni nə bacıya, nə qardaş möhtac etməmişdi. Təsəvvür edin ki, yeddi yaşı olanda, mən xəstə idim yerdə yatırdım. Şaiq birinci sinfə gedirdi. Ona dedim ki, mama qurban həkimə gedəcəm, xalanı çağır, gəlib məni çimizdirsin. Dedi, mama, xalanı neynirsən, özüm çimizdirəcəm səni. İndi mənə deyirlər ki, Sən Şaiqi niyə çox istəyirsən. O, balaca canı ilə məni vannaya qoyub çimizdirdi. O, mənə elə oğul olub. Ona görə də elə bil ki, mən Şaiqlə hər şeyimi itirmişəm. Balaca da olsa, mənim nəslimin başı idi (ağlayır). 

Marketdə işləyəndə nənəsi ilə mağazaya gələn bir uşaq oyuncaq üçün ağlayır. Şaiq heç kimə məhəl qoymadan həmin oyuncağı öz hesabına alıb uşağa bağışlayır. O, şəhid olanda həmin nənə və nəvə bizə gəlmişdilər. Uşaq Şaiqin şəkillərinə baxıb ağlamışdı. 

Ailə üzvləri deyir ki, Şaiq 2016-cı ildə həqiqi hərbi xidmətdə olarkən evə gəlməyinə üç gün qalmış Aprel döyüşləri başlayır. Döyüşlərin başlanacağını bilsə də, o, ailə üzvlərinə bu barədə heç nə demir. Və döyüşə yollanır. Səkinə xanım deyir ki, Şaiq həmin döyüşlərdən evə çox ağır vəziyyətdə qayıdır: 

- Aprel döyüşləri başlananda bizim heç nədən xəbərimiz yox idi.  Mən onu qutuya qoyub bağlasam belə saxlaya bilməzdim. Ona görə ki, aprel döyüşləri zamanı şəhid olan dostunun tikələri Şaiqin əlində qalmışdı. Şaiq o döyüşlərdən evə çox pis halda qayıtdı. Evə gələndən sonra döşəyin üstündə yata bilmirdi. Mən məcbur qalıb quru çarpayının üstünə döşəkağı sərirdim, Şaiq onun üzərində yatırdı. 

Şəhid Şaiq Kəlbiyev
 

- Niyə?

- Kontuziya almışdı, beyin pozulmuşdu. 

Söhbətimizin bu yerində Şaiqin komandiri Xanlar bəy zəng vurur. O, telefon vasitəsi ilə Şaiq haqqında ürək sözlərini demək istədiyini bildirir:

- Mən Şaiqgilin dəstəsinə oktyabrın 15-də qoşuldum. Onun bir günlük komandiri olmuşam. Ayın 16-da Şaiqgillə birinci döyüşə yollandıq. Şaiq hamıdan irəlidə, mənim gözlərimin qarşısında canavar kimi döyüşürdü. Onu döyüşdən saxlamaq mümkün deyildi. Əslində Şaiqi döyüş meydanında görmək lazım idi. Mən quru-quru sözlərlə onun döyüşməsini ifadə edə bilmirəm. Çox təəssüf ki, mən onu bir gün tanıdım. Həmin gün də o, şəhidliyə, şəhadətə qovuşdu. 

Canavar kimi

- Bildiyimə görə sizin yanınızda şəhid olub?

- Bəli, bəli. Elə yanımda döyüşən zaman əl qumbarası onun yanında partladı və o, şəhid oldu. O, yaralanan zaman mən onu səngərə tərəf çəkəndə, qışqırdı ki, komandir siz kənara çəkilin, sizə də vurarlar. Sonra mən qarşı tərəfə atəş açmağa başladım. Sonradan Şaiqin yanına gedəndə, o, artıq şəhid olmuşdu. 

Şəhidin atası Namiq Kəlbiyev deyir ki, oğlu çox istiqanlı, dünya görüşlü uşaq olub. Valideynlərinin, qohumlarının hörmətini saxlamağı bacarıb:

- Bilirsiniz, mənim üçün bu barədə danışmaq çox çətindir. Heç vaxtı çətinliyini bildirməz, problemlərini deməzdi. Həmişə deyirdi ki, mən istədiyim yerə özüm, öz gücümlə gedib çıxacam. Həqiqətən də elə oldu. O, texnikumun dizayner fakültəsini bitirdi. Onu əsgərə yola salandan sonra işləri ilə tanış olub bilmişdilər ki, Şaiq rəssamdır. Ondan sonra hərbi hissədəki rəsm işləri ilə ancaq Şaiq məşğul olmağa başlayır. Hər dəfə zəng vuranda deyirdi ki, ata, mən rəsm, çertyoj çəkməkdən yoruldum. 2016-cı ilin martın 31-də Şaiq xidməti bitirib evə qayıtmalıydı. Ancaq o, bizə heç nə bildirmir, birbaşa döyüşə yollanır. Biz Şaiqdən bir də 25 gündən sonra xəbər tutduq. O, mənə zəng vurub bir kəlmə dedi: “Ata mən sağam”. 

Şaiq evə elə bir vəziyyətdə gəlib çıxdı ki, biz dəhşətə gəlmişdik. Üst başı didik-didik, psixoloji vəziyyəti çox pis idi. Mən onun əvvəlki sağlamlığını qismən də olsa bərpa etmək üçün altı ay əziyyət çəkdim. Ruhi vəziyyəti bərpa olana qədər onu bir dəqiqə də gözdən qoymamışam. Eyvana çıxanda belə ondan əvvəl çıxırdım ki, birdən nə isə bir hadisə olar, kontuziyalı adamdır. Ona görə evdə it, pişik də saxlamışam. Hərbi hissədə olarkən dostlarının iti balalamışdı. Ordan yadında qalmışdı, özü ilə bir balaca it də gətirmişdi. Halbuki bizim hamımız namaz qılan adamlarıq. Özü də namaz qılan, oruc tutan adam idi. Arzulayırdı ki, Kərbəlaya getsin. 

Xilaskar

Şaiq yaralananda dostları onun qanını saxlamaq üçün ayağını bağlayırlar. Həmin vəziyyətdə görür ki, düşmən tərəfdən iki nəfər onlara yaxınlaşır. Tez dostlarına bu barədə xəbər verir. Son məqamda belə nə qədər dostunun həyatını xilas edir. Sonra onun evli dostlarından biri bizə gələndə mənə dedi ki, ölüm ayağında belə bizim həyatımızı xilas etdi. Bu gün balalarımın üzünü görürəmsə, bunu Şaiqə borcluyam. 

Şaiq hərbi xidmətdən qayıdandan sonra belindən əməliyyat olunur. Onun belinə dəmir millər taxılır. Həkimdən hərbi xidmətə yararsız olduğu barədə kağızı da olur. Lakin, İkinci Qarabağ müharibəsi başlanan zaman həkimin verdiyi kağızları gizlədir, sonra isə onları cırır. Səkinə xanım deyir ki, ona əslində əlillik kağızı düşsə də, Şaiq ondan belə imtina edir:

- Şaiq bir müddət yaxınlıqdakı marketdə baş kassir işləyib. Siz imkan etsəniz, gedin oranın rəhbəri İlham müəllimdən Şaiqi xəbər alın. Görün onun haqqında necə danışacaqlar. O, dəfələrlə Şaiqə demişdi ki, sənə əlillik kağızı düşür, gedək düzəltdirək. Amma Şaiq imtina etdi. 

Ötən ilin yayı. Hər tərəfi bürüyən müharibə ab-havası. İşğaldan azad olunan torpaqlarla birgə gələn şəhid xəbərləri hər bir azərbaycanlı ailə kimi Şaiqin də ailəsini narahat edir. Ancaq bu ailənin narahatlığı ikiqat artıq olur. Ona görə ki, Şaiq ön xəttə, müharibəyə getməyə hazırlaşır. Evlərinə gəlir. Qapını açıb onu qarşılayan anası Şaiqə deyir ki, gəl evə xörək hazırlayım, ye, sonra danışarıq. Şaiqin isə ilk sözü bu olur: “Hərbi biletimi ver!”

- Nə qədər elədim, dedim, mama qurban, gəl, evə, sənin üçün ləvəngi bişirmişəm, ye, sonra get. Dedi, mama hərbi biletimi ver, gedim, qol çəkim, qayıdacam. Məni elə aldatdı. Sənədi gətirənə  qədər o, bacısı ilə qucaqlaşıb sağollaşır, ona məni tapşırır, deyir mamadan muğayat ol, xəstədir, ona heç nə olmasın. Ay qızım, kaş elə öləydim, bu günləri görməzdim. Mən o biri otağa keçən kimi Şaiq bileti götürüb gedir. Dəhlizə çıxanda, gördüm o, yoxdur. Qızımdan soruşdum, dedi, mama, getdi. Balam elə bil quş olub əlimdən uçdu. 

Cırılan kağızlar

Namiq bəy oğlunun gedişini öyrənən kimi hərbi komissarlığa yollanır. Oğlunu orda axtarıb tapır:

- Getdim gördüm ki, çantası, geyimi hazır vəziyyətdədir. Dedi, ata, mən gedirəm. Ona dedim, axı sənədin var, xəstəliyin var, əməliyyat olunmusan gedə bilməzsən. Sənədin cırıqların mənə göstərib dedi, sənəd artıq yoxdur, cırıq-cırıq olub. Müharibəyə getmək üçün əlillik haqda sənədini cırmışdı. Əgər o sənədi komissarlıqda görsəydilər, müharibəyə aparmayacaqdılar. Amma sizə deyim ki, Şaiq getməsəydi, böyük oğlumu aparacaqdılar. Şaiq də bunu bilirdi. Mən ona dedim ki, sənin əlilliyin var, qardaşın getsin. Dedi, qardaşım döyüşdə olmayıb, amma mənim təcrübəm var. Sentyabrın 29-da onu yola saldım. 30-dan onlar döyüşə başlayır. Talışkənd, Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində döyüşlərə qoşulur. Ağdərədə döyüşən zaman isə şəhid olur. O, 44 günün 17 gününü o, döyüşlərdə iştirak edir. Orda olanda üç gündən bir zəng vurub cəmi on saniyə bizimlə danışırdı. Sonuncu dəfə ayın 15-də zəng vurdu, dedi, ata indi yuxudan durmuşuq. Halallıq ver mənə. Ola bilər ki, biz birdə görüşmədik. 

Atasından halallıq alan Şaiq elə ertəsi gün şəhid olur. Ailə isə hər şeydən xəbərsiz, amma səksəkəli vəziyyətdə cəbhədən gələn xəbərlərə qulaq kəsilir, Şaiqin sağ qayıtması üçün allaha dualar edir. Oktyabr ayının 17-də səhər vaxtı Namiq bəyin telefonuna zəng gəlir:

- Mənə zəng vurub dedilər ki, “JEK”dəndir. Şübhələndim. Bildim ki, Şaiqlə bağlı nə isə pis xəbər var. Həyətə düşdüm, gördüm icra nümayəndəliyindən adamlar gəlib. Ətrafda da xeyli qəsəbə sakini vardı. Onlara dedim ki, Şaiqin yerini deyin, hardadırsa, gedim gətirim. Mənə dedilər, heç nə yoxdur, narahat olmayın. Dedim, nə siz, nə də burdakı adamlar boş yerə gəlməmisiniz. Balamın yerini deyin, gedib, gətirim. Ondan sonra dedilər ki, Şaiqin nəşi Yevlaxdadı. Maşına əyləşib getdim onu gətirməyə.  Səkkizin yarısında morqa çatdım. İcazə vermirdilər baxmağa. Amma mən onun üzünü açdım baxdım. Sağ ayağından şah damarına qəlpə dəymişdi. Şaiq qan itirmədən dünyasını dəyişmişdi. Axşam saat on birdə onu evimə gətirdim. On səkkizində də dəfn etdik. 

Şəhid Şaiq Kəlbiyev
 

Hissetmə...

Şaiqin ölümünü hər kəsdən gec bilən, amma hamıdan tez hiss edən isə Səkinə ana olur. Onu nə qədər sakitləşdirməyə çalışsalar da, oğlunun tabutu evə gələndə o, hər şeyi anlayır. Həmin məşum günləri xatırlayan ana deyir: 

- Onunla da danışa bilmirdim. Qoymurdu biz zəng vuraq, deyirdi mən bura oynamağa gəlməmişəm. Nə vaxt imkan olsa, zəng vuracam. Ayın 15-də Şaiqlə danışdım. Çox pis öskürürdü. Dedim, soyuqlamısan, mama qurban. Dedi yox, yer fındığı yeyirik. Məni aldadırdı, təbii ki. Sonralar dostları dedilər ki, o, arıq cansız bədəni ilə ağır-ağır silahları elə götürüdü, elə cəld idi ki, biz mat qalırdıq. Özü də heç nədən qorxmurdu, gözünü də qırpmırdı. Nə isə, Şaiqlə danışdım. Həmin gün də qəsəbəmizə ilk şəhid gəlmişdi. Özümü çox pis hiss edirdim. Getdim şəhidimizin evinə amma qapıdan içəri keçə bilmədim. Axı mənim də balam cəbhədəydi.  İstər istəməz anayam də ürpənirdim. Ordan qayıtdım, elə bil mənə güc gəldi. Getdim bazara, marketə. Çox qəribədir ki, iki, üç marketə girdim, evdə salfetka ola-ola hamısından da ancaq masa üstü salfetkalar aldım. Evə çatanda yoldaşıma zəng gəldi. O, eyvana çıxıb kiməsə dedi ki, hə, sizi görürəm. Onda mən də onun ardınca çıxdım. Gördüm bir polis maşını, bir də təcili yardım maşını dayanıb. Hamı da bizim eyvana baxır. Aşağıdakı adamlardan, qonşumun oğlundan soruşdum ki, nə olub, niyə bizə baxırsınız. Heç nə demədilər. Sən demə, mənim başıma daş düşüb, balam şəhid olub. Pilləkənləri qaça-qaça düşdüm, yarı yolda ayaqlarım sözümə baxmadı. İcra nümayəndəliyindən gələnlər mənə dedilər ki, Şaiq  ayağından yaralanıb, hospitaldadı. Onlara dedim ki, mənim oğlum quyunun dibində də olsa, imkan tapıb mənimlə danışar. Siz deyən kimi yaralıdırsa, nömrəsini yığın verin, danışım. Bu təcili yardımı niyə boş gətirmisiniz, Şaiqi onun içində gətirərdiniz, mən onu qucağımda evimizə qaldırardım. Aldatdılar, dedilər çıxaq evə paltarını dəyiş, atası Şaiqi gətirəndə, səni belə görməsin. İnandım. Axşam vaxtı gördüm hamı yır-yığış edir. Evimiz dolub, boşalır. Özümdə deyiləm, heç kimi eşitmirəm, görmürəm. Məqsədim, məramım ancaq Şaiqdir. Gecənin bir aləmi vəlvələ düşdü. Eyvana çıxmaq istədim, qoymadılar. Dartınıb pəncərəni itələyəndə, gördüm pəncərədən bayraq asılıb. Aşağı baxanda gözüm qaraldı. Həyətdə adam əlindən yer yox idi. Onda dedim, anan ölsün, ay Şaiq. Sən demə, balamı gətirirlər. Heç bir anaya elə gün qismət olmasın. 

Şəhid Şaiq Kəlbiyev
 

Bayraq!

Şaiqi evə gətirəndən sonra Səkinə xala insan selinin qarşısında aciz qalır. Nə edəcəyini, nə danışacağını bilmir. Özündə olmayan ana, oğlunun tabutuna da yaxın düşə bilmir. Şaiq dəfn olunandan sonra ağır xəstəlik keçirən ana hər gün oğlunun məzarına gedir. Səkinə xala deyir ki, nə qədər arzulasa da, oğlunu heç vaxt yuxuda görə bilmir.

- Şaiqi yuxuda görə bilmirəm. Çünki saatlarla onun şəkillərinin qarşısında oturub onunla danışıram, dalaşıram. Deyirəm ay bala, niyə məni gözü yaşlı boynu bükük qoydun? Bilmədim, onun sevdiyi qız var, ya yox. Amma həmişə deyirdi ki, ana, 26 yaşımın tamamında özümə Avropa sayağı toy edəcəm.  

Bacısı Hökümə Şaiqlə ən çox ünsiyyətdə olub. Deyir ki, Şaiq onunla çox fərqli davranırdı. Anasından fərqli olaraq o, Şaiqi tez-tez yuxusunda gördüyünü bildirir: 

- Şaiq həmişə istəyirdi ki, mən dəblə geyinim, saçımı formaya salım. Sirlərini mənimlə bölüşürdü. Belimi düz tutub yeriməyim üçün başıma kitab qoyub məni saatlarla gəzməyə məcbur edirdi (gülür). Mənə tez-tez pul verirdi. Onu tez-tez yuxuda görürəm. Mənə deyir ki, dözümlü ol, mamaya yaxşı bax, gələcəm. Amma bilirəm ki, bir də heç vaxt gəlməyəcək. 

Şəhid Şaiq Kəlbiyev
 

Samirə Əşrəf

# 23688
avatar

Oxşar yazılar