Mayın 12-də Şuşada keçirilən “Xarıbülbül” festivalı mədəni olduğu qədər də siyasi hadisə idi. Bu festivalın səhnəsində Azərbaycan xalqının müxtəlif etnik qruplarına məxsus mədəniyyəti, ədəbiyyatı, geyim tərzini və rəqsləri görmək olurdu. Amma bütün konsert boyu kontent Azərbaycan xalqının vahid dünyagörüşü və birgə yaşayış qaydalarını əks etdirirdi...
... Biz hər sahədə daha çox plüralizmi dəstəkləməli, tətbiqini genişləndirməliyik. Bizim ölkədə dini tolerantlıq var, səbəb isə çox sadədir. Biz heç vaxt hansısa dini cərəyanın radikalı olmamışıq, radikal dini həyat tərzi yaşamamışıq. Radikal olmayanda tolerant ola bilmək asandı.
Doğrudur, bütün radikal olmayanlar tolerant deyil. Amma tolerantlığı şərtləndirən başlıca cəhətlərdən biri heç bir hadisəyə radikal yanaşmamaqdır. Hər hadisədə radikal olmamaq tolerant olmaq anlamına gəlmir, təbii.
Tolerantlıq özünün və başqasının dəyərlərinə hörmət etməkdir. Amma
digər dinə və ya siyasi baxışa, millətə qarşı dözümlü olmaqla plüralizmi eyniləşdirilmək olmaz. Dözmək başqa, dözümlü yanaşmaq tamamilə başqa anlayışdır. Plüralizm fərqli dəyərlərin də varlığını təsdiq və qəbul etməkdir.
Mədəni plüralizm çərçivəsində baxış millətləşmə prosesinin tərkib hissəsidir. Yeri gəlmişkən, millətləşməni eyni soy-kökə mənsub olma və ya etnikçilik kimi alqılamağın əleyhinəyəm. Millətləşmə prosesinin davam etdiyi dönəmdə mədəni plüralizm bizə fayda verəcək. Millətçilik və millətləşmə daha çox mədəni hadisədir. Biz Azərbaycanda yaşayan bütün etnik xalqlarla eyni mədəniyyətin daşıyıcılarıyıq. Mətbəx, atalar sözlərimiz, yas-toy məclislərimiz, hətta zarafatlarımız bir-birindən kəskin fərqlənmir. Biz bir milləti təmsil və tərənnüm edirik.
Dini, mədəni, elmi, siyasi plüralizm vəhdətdə inkişaf etməlidir. Birinin olmaması həlqənin tamamlanmasına mane olur.
Bu yanaşma eynilə ermənilərə münasibətdə də özünü göstərməlidir. Artıq cəmiyyət olaraq dışlamaqdan çox sahiblənməyi hədəf almalıyıq. Daşnak, terrorçu erməni ilə vətəndaşımız olan, başının üzərindən üçrəngli Azərbaycan bayrağı asan erməni bizim üçün fərqlidir. Azərbaycanda yaşamağı qəbul edəcək, Azərbaycan Ana Qanununu qəbul edəcək erməni vətəndaşımız onun probleminin xaricdəki erməni daşnak lobbisi tərəfindən edilən zərərli təbliğat və təzyiq olduğunu bilməlidir.
Erməni vətəndaşlarımız özlərini Azərbaycan cəmiyyətindən təcrid etməklə, başqa güclərin əlində alətə çevirmiş oldular. Biz dövlət qurduq, millətləşmə prosesi sürətlə getdi, özünü bu prosesdən kənarda saxlayan erməni vətəndaşlarımız isə gah Şimala, gah Qərbə sığındılar. Nəticə isə yenə də onlar üçün faciəvi oldu. Onlara yenə də Azərbaycan sahib durdu. Bu gün də həmin vətəndaşlar Azərbaycanın ərazisində yaşayırlar.
Azərbaycanda heç kimin öz şəxsi kimliyini, etnik dəyərini sərbəst ifadə etməsində problem yoxdur. Biz vahid Azərbaycan vətəndaşlığı çətirinin altında yaşamağı təşviq və təbliğ edirik. Üçrəngli bayrağı özününkü bilən hamı Azərbaycanlıdır!