“Media haqqında” yeni qanunun qəbul olunmasından sonra media subyektləri reysterdən keçməyə başladı. Artıq demək olar ki, reysterdən keçməklə bağlı müraciətlər böyük əksəriyyətlə yekunlaşıb.
Qanunun tələbinə cavab verib, reysterdə qeydiyyatdan keçən media subyektləri ilə yanaşı mənfi cavab alanlar da oldu. Eyni zamanda xeyli subyekt də standartlara cavab verə bilmədiyi üçün, ümumiyyətlə, reysterə müraciət etmədi.
Qanunun tətbiqinə başlanıldı
Qanunun qəbulu zamanı onlarla “məsləhətləşilməməsindən” narazı qalan bəzi beynəlxalq təşkilatlar dərhal “qanun müstəqil mediaya qarşıdır”, “reyster nədir” sualı ilə qrant layihələri ayırmağa başladılar.
Bir neçə nəfərdən ibarət “müstəqil ekspertlər” qanunla bağlı əks təbliğata başladılar. Lakin bu şantajlar qanunun tətbiqi ilə bağlı addımlar atılmasının qarşısını almadı. MEDİA Agentliyi qanunun tələbinə uyğun olaraq fəaliyyətə başladı və resyterə daxil olmayan subyektlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciətlər etdi. Qanunun qəbulundan sonrakı sakitlikdə yaddan çıxdıqlarını düşünən bu tipli subyektlər yenidən şantaja, eyni dairəyə aid saytlarda və sosial mediada haray-həşirə başladılar. Artıq təəccüblü olmasa da, “müstəqil ekspertlər” adı-sanı olmayan, heç bir oxucu kütləsinə xitab etməyən bu “saytların” fəaliyyəti ilə bağlı məhkəməyə müraciətləri “müstəqil medianın sıradan çıxarılması” kimi qələmə verməyə başladılar.
Bu “müstəqillər” kimlərdir?
Əvvəlcə onu qeyd edək ki, yeni qanun qəbul olunmazdan əvvəl onun ortaya çıxma zərurəti, hədəfləri, atılacaq addımlar ətrafında geniş müzakirələr aparıldı, Milli Məclisdə dinləmələr də keçirildi. Sənədin müəllifləri və mütəxəssislər medianın şəffaflaşdırılması, sistemləşdirilməsi, “reket jurnalistika”nın, “bir telefon, bir jurnalist” prinsipinin sıradan çıxarılması baxımından qanunun əhəmiyyətini çatdırdılar.
Qanunda hər şey açıq, izahedici şəkildə əksini tapıb – kimlərin jurnalist, hansı qurumun media subyekti hesab olunmasına qədər hər şey detallı ortaya qoyulub.
Qanunun əsas hədəflərindən birinin məhz “reket media”nın sıradan çıxarılması olduğunu bu işlə məşğul olanlar da “ “media mogikanları” da yaxşı bilirlər.
“Media mogikanlarının” “müstəqil media” dedikləri isə əllərinə telefon alıb, hansısa yolla yiyələndikləri köhnə “press jilet”i əyinlərinə keçirib, yağlı obyektlərə şığıyan, xırda məişət məsələlərini siyasi ajiotaja çevirənlərdir. Bu “telefon jurnalistləri” öz sosial şəbəkə səhifələrində çəkilişlərinin qiymətini belə yazırlar.
Məsələn, onlardan biri belə bir elan paylaşmışdı: “Şəhid və qazi ailələrindən pul götürmürəm, qalan çəkilişləri isə rayon məsafəsindən asılı olaraq 100-200 manata edirəm”. Və ya başqa biri yenə öz sosial şəbəkə səhifəsində bir rayonda getdiyi orta məktəbdə direktorun çıxıb ona “salam verməməsindən, qabağına bir stəkan çay qoymamasından” gileylənmişdi.
Son günlərdə isə biz bu “telefonçu xalaların” bir-biri ilə polis idarəsindəki davalarını, bir-birinin şəxsi həyatını iyrəncliklə açıb tökdüklərini izləyirik.
Elə bu “telefonçu qızlardan” biri digər iki “telefonçu qızın” “reportaj” hazırlamaq üçün getdikləri yataqxanada şikayətçilərlə birgə araq içib, kabab yeyib, sonra da sərxoş olub, biabırçılıq törətdiklərini yazmışdı.
Hələ bu dəstənin yazdığı statuslardakı hərf səhvləri, sözləri adi orfoqrafik qaydalara əməl etmədən yazmalarının, “sayt” dedikləri subyektdəki yazılardakı ritorikanı demirik.
Budur, “müstəqil media”, ay “media mogikanları”, “böyük ekspertlər”? Evindən oturub “sayt işlədən” (özləri də belə deyirlər, elə bil yarmarkada “toçka” işlədirlər) bu şəxslər nə vaxtdan “müstəqil media” subyektləri olublar?
Artıq zaman yetişib. “Reket media” dövrünün bitmək üzrə olduğunu anlayırlar. Media mühitində şəffaflıqdan, reyestr sisteminin tətbiqindən sonra ciblərindəki saxta “jurnalist vəsiqələri”ndən şantaj üçün istifadə edilməsinin mümkün olmayacağı da hər kəsə aydındır.
Qanun qəbul olunub və artıq icrasına başlanılıb. Media Reyestri də normal, qanun əsasında fəaliyyət göstərən media qurumlarının, jurnalistlərin qeydiyyatını aparır. Prosesin gedişində təbii olaraq qeyri-qanuni fəaliyyətində əl çəkməyən “media” və “jurnalistlər”lə problemlər ortaya çıxır. Fəaliyyətini yeni qanun əsasında qurmaq istəməyən subyektlərin fəaliyyətinin məhdudlaşdırlması üçün MEDİA Agentliyi tərəfindən məhkəmədə iddialar qaldırılır. Bəzi hallarda köhnə vərdişlərindən əl çəkmək istəməyən “jurnalistlər” MEDİA Agentliyini məhkəməyə verir. Bütün bunlar normal hallardır. MEDİA-nı məhkəməyə verənlər düşünürlər ki, onu bu yoldan çəkindirəcək, qanunsuz fəaliyyətlərini bərpa edə biləcəklər. Amma bunun nəticə verməyəcəyini anlamalıdılar. Çünki bu işin ağırlığını üzərinə götürmüş MEDİA ilə yanaşı, sağlam media, peşəkar jurnalistika təmsilçiləri də bu dəstələrin ifşa olunaraq informasiya mühitindən birdəfəlik uzaqlaşdırılmasını istəyirlər. Bu şəbəkənin birdəfəlik sıradan çıxarılması məsələsində dövlət də, cəmiyyət də, əsl jurnalistika da eyni mövqedən çıxış edir.
MEDİA agentliyi isə bu məsələnin birbaşa icraçısı kimi daha da qətiyyətli davranmalıdır. Qanun var və qanunun tələblərinə əməl olunmalıdır. Çünki MEDİA qanundan kənar heç nə tələb etmir. Odur ki, hansısa halda ehtiyatlı davranmaq üçün bir əsas yoxdur. Hər kəs qanun qarşısında bərabərdir. Ya qanuna tabe olub, onun tələbləri çərçivəsində fəaliyyət göstərəcəksən, ya da bu fəaliyyət qeyri-qanuni elan edilib, müvafiq tədbirlər görüləcək.
Region mediasına bir baxış
Özü də bu tələbələr təkcə Bakı ilə kifayətlənməməlidir. Region mediasının da bu baxımdan kifayət qədər problemləri var. Nəyə xidmət etdiyi bilinməyən rayon qəzetləri bu günün tələbləri ilə heç cür ayaqlaşmır, həmin qəzetlərin əməkdaşlarının isə kifayət qədər sual doğuran fəaliyyətlərinin olduğu sirr deyil. Region mediası hələ də sovet şinelindən çıxa bilməyib. Yerlərdə media orqanlarının fəaliyyətinin yeni qanunun tələbləri və müasir dövrün şərtləri əsasında qurulması üçün konsepsiya hazırlanmalı və həyata keçirilməlidir. Paytaxt Bakıda print medianın getdikcə tənəzzülə uğradığının şahidi olduğumuz bir vaxtda rayonlarda qəzet fəaliyyətindən danışmağa dəyərmi?
Region mediası ilə bağlı da islahatlar qaçılmazdır. Bu istiqamətdə regionlarda “Mətbuat Evləri”nin yaradılması, MEDİA Agentliyi tərəfindən qeydiyyata alınmış media subyektlərinin bürolarının həmin evlərdə fəaliyyəti üçün lazımı şərait yaradılması məqsədəuyğun olardı.
“Reket media”dan birdəfəlik xilas olmaq üçün Mətbuat Şurasının da üzərinə müəyyən vəzifələr düşür. Mətbuat Şurası bu işdə MEDİA-ya yaxından dəstək verməli, mətbuat mühitinin sağlamlaşdırılması, şəffaflaşdırılması istiqamətində təkliflər irəli sürüb, səylərini artırmalıdır.