Maşın sürməyi harada öyrənək? – MƏKANLAR
07 dekabr 2021 23:19 (UTC +04:00)

Maşın sürməyi harada öyrənək? – MƏKANLAR

Bakıda avtomobil deyiləndə ağıla can rahatlığından çox, problem gəlir. Daha doğrusu sürücülük vəsiqəsi almaqdan tutmuş, tıxaca qədər davam edən problemlər zənciri...

Bu çözülmək bilməyən problemlərdən biri də avtomobil sürmək vərdişlərinə yiyələnmək üçün məkanların olmamasıdır.

Hazırda bəzəkli avtomobillər şəhərinə çevrilən Bakımızda sürücülüyü öyrənmək üçün cəmi 3-4 məkan var. Ağ şəhər, Bakı olimpiya stadionu və Bulvar otelin qarşısı. Ancaq dərd burasıdır ki, bu məkanlar normal standartlara belə cavab vermir. Üstəlik tam da qanuni sayıla bilməzlər.

Elə şəhərdə keçirdiyimiz sorğunun nəticələri də bunu təsdiq edir.

“Şəhər içi deyərdim yox məkan yoxdur. Ancaq Bakı kəndləri rayon yolları orda rahat olar öyrənmək şəhər içi yox”.

“Atam öyrədib mikrorayonda atamın avtomobili ilə öyrənmişəm sonra da özüm”.

“ Şəhərdə maşın sürmək mümkün deyil. Maşın çoxdur təhlükəlidir “ .

“ Xeyr elə bir məkan Bakı ərazisində yoxdur. Ancaq rayonlarda belə məkanlar çoxdur ”.

Təlimçi Aqil Rəhimov avtomobil idarə etməyə başlamazdan öncə yol hərəkəti qaydalarını öyrənməyin vacib olduğunu deyir.

“Sürücü hazırlığında ikinci etap təlim məsələsidir. Təlim müəllimləri buna ciddi fikir verməlidir. Təlim məsələsində əsas problem ilkin sürücülük vərdişlərinə yiyələnmək üçün məkanların az olmasıdır. Bakı Nəqliyyat Agentliyinin və bir iki meydançaları çıxmaqla Bakıda belə meydançalar azdır.

Təlimçi Aişə Cəfərova isə düşünür ki, boş məkanlarda avtomobil sürməyi öyrənmək tələbə üçün də maraqsızdır. Sürücülük vərdişlərinə yiyələnmək üçün nəzərdə tutulan müddət isə tələbədən asılı olaraq dəyişir.

Bizdə şəhər içidir. Ünvandan götürürük, özü əyləşir sükan arxasına davam edirik. 1 saat ərzində sürürlər. Boş məkanda nə öyrənə bilər ki, tələbə şəhər içində sürməlidir. Biz sürməyi qaydalarla öyrədirik hamsın.

Təlimçidən fərqli olaraq, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, sürücü olmaq istəyənlər öncə qapalı avtodromlarda sürücülük vərdişlərinə yiyələnməli, daha sonra şəhərdə hərəkət etməlidirlər.

“Birinci problem odur ki, heç də hər kəs ilkin vərdişləri qapalı avtodromlarda öyrənmirlər. Təcrübə bunu göstərir ki, sürücü olmaq istəyənlərin əksəriyyəti elə yaxınlarından öyrənir. Bu zaman da hər şey proqramda olduğu kimi mənimsənilmir”.

Ərşad Hüseynov onu da vurğulayır ki, bu gün Bakıda sürücülük vərdişlərinə yiyələnmək üçün çoxlu sayda təlim kursları olsa da, avtomobil sürməyi öyrənmək üçün xüsusi avtodromlar yoxdur.

“Bu gün sürücü hazırlayan tədris müəssisələrinin əksəriyyətində belə avtodromlar yoxdur. Yəni qapalı meydançaların çatışmazlığı açıq aşkar görünür. Sürücü olmaq istəyənlərin hamısı istəsələr belə yer olmayacaq onlara”

Bu gün reallıq budur ki, avtomobil idarə etməyi öyrənmək istəyənlər ya stadionlarda, ya da dəniz kənarında təlimlərə başlayırlar. Əksər hallarda isə elə birbaşa şəhərin mərkəzi küçələrində ilkin sürücülük vərdişlərinə yiyələnirlər. Bu isə gələcəkdə baş verəcək bədbəxt hadisələrin əsasının qoyulmasıdır.

 

# 7404
avatar

Oxşar yazılar