Heydər Əliyev
27 mart 2023 12:00 (UTC +04:00)

Heydər Əliyev

Heydər Əliyev siyasəti: Azərbaycanın dövlət-din modeli

Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş,heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşı durma halları baş verməmişdir.Ayrı-ayrı dini etiqad və inanclara malik etnoslarin əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında,etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan müstəqil Azərbaycan Respublikasinin bütöv bir tarixi mərhələsi bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində,o cümlədən dövlət din münasibətlərinin sivil prinsiplərə uygun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında,dini-mənəvi,əxlaqi-etik dəyərlərin cəmiyyətin prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərmiş,bu sahədə özündən sonra böyük siyasi irs və dövlətçilik təcrübəsi miras qoymuşdur. 1998-ci ilin dekabr ayında Bakıda keçirilmiş "İslam sivilizasiyası Qafqazda" adlı Beynəlxalq Simpoziumda Heydər Əliyevin transmilli münasibətlərdə və cəmiyyət həyatında din amili,dünyada gedən mürəkkəb etno-siyasi proseslərdə İslam dininin yeri və rolu,bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar-ərasi dialoqun zəruriliyi kimi qlobal məsələləri əhatə edən tarixi çıxışı bu gün də öz aktuallığını və siyasi dəyərini saxlamaqdadır.

Müasir mərhələdə Azərbaycan hökumətinin din siyasəti Heydər Əliyevin demokratik dövlət quruculuğu kursuna əsaslanır.Ölkədə mövcud ictimai-siyasi sabitlik,milli-mənəvi həmrəylik,etnik-dini tolerantlıq mütərəqqi tarixi ənənələrdən bəhrələnən belə uğurlu siyasətin məntiqi nəticəsidir.

Bu gün ölkəmizdə dini etiqad və viçdan azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına,eyni zamanda Beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğun olaraq təmin edilməsi üçün zəruri hüquqi-siyasi şərait yaradılmışdir.Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əməkdaşlıq  şəraitində  fəaliyyət göstərir,yüzlərlə islam və qeyri-islam dini icmaları və təriqətlər dini inanclarını azad və sərbəst şəkildə icra edirlər.

44-günlük Vətən müharibədən sonra da işgaldan azad olunmuş ərazilərdəki dini abidələrimiz olan məscidlərimiz və alban kilsələrimiz təmir və restavrasiya işlərinə cəlb olunur. Təəsüflər olsun ki, işgal dövründə dini irsimiz olan 67 məsciddən 65-i tamamilə dağıdılmışdır. Bölgədə xristian irsi sayılan alban kilsələri isə primitiv şəkildə saxtalaşdırılmaya məruz qalmışdır.. 12 may 2021-ci il tarixdə Azərbaycan üçün mühüm hadisə olan yeni Şuşa məscidinin təməli möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qoyulmuşdur.Bu hadisə Heydər Əliyevin yaratdığı dövlət din modelinin böyük uğurla davam etdirilməsinin bariz nümunəsidir və  dindarlar tərəfindən çox yüksək qiymətləndirilir. Bakı şəhərində 26 dekabr 2014-cü il tarixdə açılışı olmuş Heydər məscidində bir həftə sünni və bir həftə şiə imamı tərəfindən vəhdət şəklində namaz  qılınır ki, bu da ölkənin dini parçalanmasında maraqlı olan qüvvələrin səylərini heçə endirir.

Bütün bu sadalananlara əlavə olaraq son illər tarixi mədəniyyət abidələrinin,məscid və ziyarətgahların,yəhudi və xristian məbədlərinin bərpası və təmiri,o cümlədən regionda ən böyük sinaqoqun inşası,vaxtilə bolşeviklər tərəfindən dağıdılmış rus pravoslav kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq dindarların istifadəsinə verilməsi Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir.

 

Zaqatala rayonu Göyəm kənd

məscidinin imamı, dini icma sədri

Niyazi Qarakişiyev

# 3303
avatar

Oxşar yazılar