Əcəmi Əsədulla
26 aprel 2022 12:42 (UTC +04:00)

Əcəmi Əsədulla

Efirlərdə xəstə uşaqlar üçün niyə pul yığılır? - TELEVİZİYADA SAĞALAN GƏLƏCƏK...

Son günlər teleməkanda yayımlanan sosial verilişlərdə azyaşlı balaların müalicə edilməsi üçün başladılan yardım kampaniyaları, yığılan məbləğlər, kasıb, orta və zəngin təbəqələrin bir amal üçün birləşməsi məni həqiqətən də çox sevindirdi. Bu vəhdət nəticəsində neçə-neçə körpə canlar xilas oldu və ya olacaq. Hamımız buna baxıb sevinirik, hə?

Amma hər şey bu qədər sadə deyil, indi keçək medalyonun o biri üzünə. Sizcə, dünya ilə ayaqlaşan bir ölkədə belə bir halın olması normaldırmı? Bizim efirdə izlədiklərimizin aysberqin görünən tərəfidir. Körpə canları ilə amansız xəstəliklərlə mübarizə aparan nə qədər uşaq var Azərbaycanda, bilirsiniz?

Avropa standartlarına cavab verən (verməyə çalışan) bir ölkədə uşaqların 18 yaşına kimi müayinə və müalicəsi dövlət tərəfindən icra olunmalı deyilmi? 18 yaşına gəlmiş və valideynin kanal-kanal, qapı-qapı gəzib mədət uma-uma böyütdüyü uşaqdan sabah vətəndaş borcunu yerinə yetirməyi gözləyəcəyik.

Məsələnin digər və ən acınacaqlı tərəfi bilirsiniz, nədir? Dövlətin verdiyi evdə jurnalistə müsahibə verən ziyalı deyir ki, bu gün televiziya öz funksiyasını itirib. Televiziya xalqı maarifləndirməlidir. Ə cıbıldız, niyə demirsən ki, televiziyada toplanan yardımlar sayəsində həyata qayıdan uşaqlar elə sağalmalı deyil, düzgün sistem olmalıdır. Yeni doğulan hər körpə gələcəyə kapitaldır. Hər yeni doğulan körpə bu ölkənin, bu xalqın, bu ulusun gələcəyidir. Bəlkə o yeni doğulan körpə sənin ölkənə ilk Nobel mükafatı gətirəcək, bəlkə o körpə ilk "Kann" alan azərbaycanlı rejissor olacaq... Niyə demirsən axı, körpəsi ac və xəstə olan valideyn uşağını sağalması üçün hər yola əl atar. Nə vecin e. 

Uşağı ac olan ata, aptekdən uşaq yeməyi oğurlayırsa, kimdir müqəssir? 

Mənə görə, aptek işçisi....

Əcəmi Əsədulla

# 6408
avatar

Oxşar yazılar