“Bizim cəmiyyətin ekstremal hallarda birləşmək kimi gözəl xüsusiyyəti var” – MÜSAHİBƏ
06 sentyabr 2022 15:01 (UTC +04:00)

“Bizim cəmiyyətin ekstremal hallarda birləşmək kimi gözəl xüsusiyyəti var” – MÜSAHİBƏ

İctimai və dövlət maraqlarının müdafiəsi istiqaməti üzrə

 Lent.az-ın müsahibi hüquq üzrə fəlsəfə doktoru İlqar Eyyubovdur

- İlqar müəllim hazırda dünyada baş verən siyasi-iqtisadi proseslər dövlət və ictimai maraqların qorunması üzrə yeni tələblər ortaya çıxarır. Qloballaşan dünyada dövlət və ictimai maraqlar dedikdə bunların hansının daha üstün olması ilə bağlı müxtəlif yanaşmalar irəli sürülür. İctimai və dövlət maraqlarının müdafiəsi məfhumu zamana tabedirmi? Vətəndaş üçün onların hansı daha irəlidə dayanmalıdır?

- Mənə belə gəlir ki, dövlətin təhlükəsizliyi ön planda gəlir. İctimai maraqlar dedikdə cəmiyyətin bütün təbəqələrinin zamanın gündəminə uyğun rəyi başa düşülür. Bu isə adətən bir bütünü əks etdirmir. Hesab edirəm, dövlətin təhlükəsizliyi və milli mənafelər öncəlik təşkil etməlidir və onların müdafiəsi üçün vətəndaş mövqeyi, milli iradə göstərilməlidir.

- Bu mənada Azərbaycan cəmiyyətinin reaksiyasını necə dəyərləndirmək olar? İdeal cəmiyyət necə olmalıdır?

  - Məncə biz cəmiyyət olaraq son 30 ildə özümüzü təsdiq elədik. İstər müstəqilliyimizin qazanılmasına göstərdiyimiz iradə, istər işğal illərində heç bir halda ümidi itirmədən, usanmadan torpaqlarımızın qorunması yolunda apardığımız fəaliyyət, istərsə də II Qarabağa müharibəsi zamanı göstərdiyimiz birlik, əzmkarlıq dediklərimi sübut edir. Vətənin mənafeyini, dövlət maraqlarını necə qorumaq lazımdır, biz bunu göstərdik. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri sabitlik dönəmində bir-birlərini tənqid etsə, parçalanma göstərsə də,  ekstremal vəziyyətlərdə heç bir yerdən əmr almadan belə, bir yumruğa dönməyi yaxşı bacarır. Bu bizim ən gözəl cəhətimizdir. Köklərimizə sadiqik. 
Biz ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini yaxşı dərk edən, artıq formalaşmış cəmiyyətik. Bunda yəqin ki, 30 il ərzində yaşadığımız təcrübənin də böyük  rolu var. Biz böyük əziyyətlərdən keçə-keçə bərkidik, müdrikləşdik. “İdeal cəmiyyət nədir?” sualınıza gəlincə, həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirildiyi cəmiyyətdir. Belə cəmiyyətdə dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma yüksək səviyyədə olur, tərəflər bir-birinin təkliflərini, ortaq maraqları nəzərə alır.
Hələlik buna tam nail ola bilməmişik, lakin bu bizim dövlət siyasətimizin prioritetidir. Ölkə Prezidenti dəfələrlə qeyd edib ki, “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”. Zamanla bu birlik ən yüksək səviyyədə olacaq, əsas odur ki, cəmiyyət olaraq yan təsirlərə düşüb, yolumuzdan çıxmayaq.

- Azərbaycan cəmiyyəti üçün ictimai və dövlət maraqlarının qorunmasını təmin edən spesifik amillər varmı?

- Birinci milli dövlətçilik anlayışına, ikincisi siyasi və iqtisadi sabitliyə, üçüncüsü multikultural yaşam tərzinə cəmiyyət üzvlərinin hörmətlə yanaşması. Bu üç amil bizim cəmiyyətimizin can atdığı, əldə tutmağa çalışdığı amillərdir. Bir dövlətin  təhlükəsizliyinin qorunmasında adı çəkilən amillər mühüm rol oynayır. Multikultural yaşam tərzimiz dünyaya nümunə ola bilər. Fərqli inanclarla yaşayan müxtəlif etnosların vətənidir Azərbaycan və onların hamısı üçün bütöv, sabit, güclü Azərbaycan anlayışı öncəlik təşkil edir.

- Dəfələrlə Azərbaycanın dövlət müstəqilliyinə qarşı edilən təxribatların qarşısı alınıb. Bəzi dövlətlər ifrat dini radikalizmdən istifadə etməklə cəmiyyətimizi parçalamaq cəhdlərini irəli sürdülər. Din insanın ən zəif yeridir və hamı tərəfindən birmənalı qarşılanmır.  Parçalayıcı addımlardan qorunmaq üçün nələr etmək olar?

- Bu addımlar milli həmrəyliyimizin parçalanmasını hədəfləyib. Milli həmrəyliyimiz ictimai və dövlət maraqlarının qorunmasında birinci dərəcəli əhəmiyyət daşıyır. Həmrəyliyi gücləndirmək üçün cəmiyyətlə dövlət arasında dialoqun sayı artırılmalıdır. Dövlət həm onu idarə edən hökumət, həm də idarəçilikdə sözü eşidilən azad siyasi partiyaların, QHT-lərin birgə fəaliyyəti deməkdir. Bu ümumi nizamın qorunması üçün vacibdir. Azad, dözümlü şərait yaradılmalıdır, dövlət yaradıb. Problemlərin olduğu sahələrdə vətəndaş cəmiyyətinin nəzarəti vacibdir. Məsələn, sosial şəbəkələrə. Radikal qurumların təbliğatı əsasən, sosial şəbəkələr üzərindən aparılır. İnformasiya məkanı nəhəng şəbəkəyə çevrilib, heç kimin informasiya almaq haqqını məhdudlaşdırmaq olmaz, sağlam informasiyanı haradan və necə almağı müəyyənləşdirmək vətəndaşın öz seçimidir. Hər kəs sağlam internet istifadəçisidirmi? Təəssüf ki, yox. Dövlət öz üzərinə düşən addımları atır. Bir neçə il öncə məscidlərdə rəhbərlik yalnız Azərbaycanda ali dini təhsil almış şəxslərə həvalə edildi. Düşünürəm ki, çox doğru addım idi. Dini bilgilərin doğru mənbədən verilməsi, dinin siyasətdən uzaq tutulması vacibdir. Bu əslində dövlət təhlükəsizliyimizi qoruyan sütunlardan biridir. Biz dəfələrlə əsgər getmək istəməyib, Qarabağ Müharibəsində iştirak etmək istəməyən gənclərin təxribatçı “dindarların” təsiri altında xarici ölkələrə qaçıb, terrorçu qrupların toruna düşməsinə şahid olmuşuq. Bu anlamda ilk növbədə valideynlər ayıq-sayıq olmalı, övladlarının dini düşüncələrində hansısa radikal meyillərin olub-olmamasına diqqət etməlidirlər. Radikalizm, ifrat dini fanatizm, yanlış bilinən dinçilik narkotik asılılığından daha təhlükəlidir. Bu təsir altında olanlar dövlətin və  milli maraqların qorunmasında ən böyük maneələrimizə, düşmənin əlində asanlıqla istifadə olunan alətə çevrilirlər. Bu kimi həssas yanaşma tələb edən hallarda sayıqlıq göstərməli, milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməliyik. İctimai rəyə təsir imkanları olan ağsaqqalların, elm adamlarının, işıqlı düşüncə sahiblərinin çiyinlərinə böyük yük düşür. Məncə hələ orta məktəblərimizdən gənclərimizə radikal dindarların siyasətdəki rolu, əsl dinlə qondarma dinin, mövhumatın fərqi anladılmalıdır. Xaricdən idarə olunduğu şübhə doğurmayan radikal dini qruplar öz siyasi maraqlarına xidmət edən qara düşüncələrini din adı altında bütün cəmiyyətə sırıyır, bu qaydalara tabe olunması tələb edirlər. Əvəzində vəd olunan şey sadəcə ölümdən sonrakı cənnətdir. Cəmiyyətin ənənəvi yaşam tərzini zorla dəyişdirməyə cəhd edənlərə bir cavabımız olmalıdır - Öncə Vətən, öncə dövlətim. 

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb
 

# 1980
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar