BAMF-dan  YENİ TƏŞƏBBÜS   - Azərbaycanlı jurnalistlər “Əl-Cəzirə” təcrübəsindən  YARARLANACAQ
01 sentyabr 2022 17:09 (UTC +04:00)

BAMF-dan YENİ TƏŞƏBBÜS - Azərbaycanlı jurnalistlər “Əl-Cəzirə” təcrübəsindən YARARLANACAQ

Avqustun 31-i Beynəlxalq Avrasiya Mətbuat Fondu Əl Cəzirə Media Şəbəkəsi ilə birgə təlimlərə başlayıb. Təlim ərəbdilli jurnalistlər üçün nəzərdə tutulub. 

Lent.az xəbər verir ki, tədbirdən əvvəl BAMF-ın baş ofisində açılış mərasimi baş tutub. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Səbinə Seyidova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru, BAMF-ın himayəçilik şurasının üzvü Rəşad Məcid və Əməkdar jurnalist Qulu Məhərrəmli iştirak ediblər.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun Əl-Cəzirə Media Şəbəkəsi ilə uzun illərdən bəri davam edən əməkdaşlıq fəaliyyətindən danışıb.

“Bu gün BAMF-ın uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndəsi bizimlə birlikdədir. Tədbirin əsas məqsədi BAMF, Ednews Analitik İnformasiya Portalının əməkdaşları, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən ərəbdilli jurnalistlər üçün Əl-Cəzirə təcrübəsinin paylaşılmasıdır”. 

O, qeyd edib ki, indiki təlimlərdə məqsəd ərəbdilli jurnalistlərə “Əl-Cəzirə”nin standartlarının, internet jurnalistikasının sirrlərinin öyrədilməsi, həmçinin Əl-Cəzirə Media Şəbəkəsi ilə BAMF və ümumiyyətlə Azərbaycan və region mediası arasında informasiya mübadiləsinin həyata keçirilməsidir. BAMF rəhbəri təlimdə iştirak edən hər kəsə uğurlar arzulayıb. 
 
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Səbinə Seyidova isə çıxışı zamanı bildirib ki, BAMF-ın dəstəyilə xarici media ekspertlərinin iştirakıyla yerli jurnalistlərə təlim keçilməsi uğurlu addımdır.
 
“Bu cür təlimlərin davam etməsi jurnalistlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir.  Medianın İnkişafı Agentliyi BAMF ilə birlikdə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndələrinin iştirakı ilə birgə təlimlər keçirib. Təlimlərdən birinə 75 baş redaktor qatılıb. Bundan başqa ADA Universitetində münaqişə zonalarında jurnalistlərin  davranışları ilə bağlı təlim oldu. “Əl-Cəzirə”dən olan təlimçilər iştirakçılara praktiki tapşırıqlar verdilər və çox yaxşı geri dönüşlər aldıq. Təlimlərin davam etməsi jurnalistlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir”.  
 
Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirə Media Şəbəkəsinin eksperti tərəfindən keçiriləcək təlimlərin ərəbdilli jurnalistlər üçün də faydalı olacağını bir daha vurğulayıb. O, dünyanın müxtəlif dillərində xəbərlər yayımlandığı “Əl-Cəzirə” kanalının təcrübəsinin paylaşılmasında BAMF-ın xüsusi rolunu qeyd edib. 

“BAMF 10 ildir ki, “Əl-Cəzirə” ilə sıx əlaqədədir. Mart ayında iki təşkilat arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Əminəm ki, bundan sonra da birgə tərəfdaşlıq çərçivəsində təlim və seminarlar keçiriləcək”.


 
Tədbirdə çıxış edən BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Beynəlxalq Avrasiya Mətbuat Fondu və Əl-Cəzirə Media Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçiləcək təlimin xüsusən gənc jurnalistlərə faydalı ola biləcəyini qeyd edib.
 
“525-ci qəzet”in baş redaktoru, BAMF-ın himayəçilik şurasının üzvü Rəşad Məcid qeyd edib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu hər zaman dünyanın nüfuzlu şəxslərinin, həmçinin xarici jurnalistlərin Azərbaycana səfərlərini təşkil edib. O, BAMF rəhbərinin şəxsi əlaqələri sayəsində “Əl-Cəzirə” kanalında Azərbaycan haqqında 5 sənədli filmin yayımlandığı barədə də söz açıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşaviri Əhməd Sami Elaydi isə BAMF-ın Əl-Cəzirə Media Şəbəkəsi ilə davam edən əməkdaşlığının təkcə qurum üçün deyil, bütün Azərbaycan mətbuatı üçün böyük önəm daşıdığını vurğulayıb.
 
Daha sonra tədbirdə Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba çıxış edib. O, tədbir iştirakçılarının sayının çox olmasını Azərbaycan insanının biliyə marağının göstəricisi kimi gördüyünü deyib və fondun prezidenti Umud Mizrəyevə minnətdarlığını bildirib.

“Əl-Cəzirə”nin insan hüquqları və beynəlxalq əməkdaşlıq çərçivəsində BAMF ilə həyata keçirdiyi tərəfdaşlıq əsasında burdayam. Bizim üçün BAMF ilə tərəfdaşlıq etmək çox sevindirici haldır. Fond nəinki Azərbaycanda, demək olar ki, bütün dünyada öz xeyirxah missiyasını sürdürüb və buna davam edir. Bu strateji tərəfdaşlığın əsas cəhətlərindən biri də regionla bağlı xəbərlərin ərəb mənbələrinə düzgün çatdırılmasıdır. Əl-Cəzirə Media Şəbəkəsinin malik olduğu bilikləri Azərbaycan tərəfinə təqdim etmək və burda təlimlərin keçirilməsini nəzərdə tutur”.
 
O, çıxışını Beynəlxalq Avrasiya Mətbuat Fonduna bu təşəbbüs üçün təşəkkür etməklə bitirib. İki qurum arasında tərəfdaşlıqdan məmnunluğunu dilə gətirən  Məhəmməd Qulam Bouba bu fəaliyyətin bəhrə verəcəyinə ümidvar olduğunu deyib.


 

# 1065
avatar

Oxşar yazılar