Qədim sərdabələr, torpağa basdırılmamış skeletlər – REPORTAJ
12 may 2020 12:16 (UTC +04:00)

Qədim sərdabələr, torpağa basdırılmamış skeletlər – REPORTAJ

“Əmanət qəbirlər”. Təəccübləndiniz, elə deyilmi? Elə mən də bu kəlməni ilk dəfə eşidəndə olduqca təəccüb etmişdim. Çünki qəbir necə əmanət ola bilər ki?... İslam qaydalarına görə, insan dünyasını dəyişdikdən sonra mütləq sağ çiyni üstündə üzü qibləyə tərəf, yəni Məkkədə yerləşən Kəbəyə tərəf dəfn edilməlidir.

 

İlahiyyatçı Hacı Şahin Həsənli deyir ki, insanlar hansısa şəraitdə arzuladığı yerdə dəfn olunmaq istədiyi zaman vəsiyyət etməlidirlər: “Eyni zamanda, şəriət qaydalarına görə, bir müsəlman yalnız bir dəfə dəfn edilə bilər. Onun qəbrinin açılması və ya başqa yerə köçürülməsi günahdır. Yalnız o zaman müəyyən zərurət olarsa – tibbi ekspertiza zamanı, yol çəkilişi, yaxud başqa zərurətdən qəbir köçürülürsə, o zaman qəbir açıla bilər. Lakin adi qaydada açıla bilməz”.

 

Bütün bu deyilənlər Bakının Qala kəndində, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində yerləşən “əmanət qəbirlər”ə aid deyil. Bu qəbiristanlıq köhnə və yeni olmaqla, iki hissəyə ayrılır. Köhnə qəbiristanlıqda bir sıra qədim türbələr, yaşı bilinməyən qəbir və sərdabələr mövcuddur.

 

Tarixçilər deyir ki, Qala qəbiristanlığı 3 ayrı-ayrı dövrləri əhatə edir.

Tarixi hələ erkən orta əsrlərə dayanan bu qəbirlərin sırasında XVIII- XIX  əsrlərə aid qəbirlər də mövcuddur. 

 

İlk baxışda qəribə görünən qədim sərdabələr əslində görənlərin böyük marağına səbəb olur. Belə ki, bunlar müsəlman sərdabələri olsalar da, onlara qəribəlik verən məhz yerləşmə istiqamətləridir. Qəbirlərin üzü cənuba - müqəddəs ziyarətgahlara tərəf deyil, tam əks tərəfədir. Hətta sərdabələrin içərisində vaxtilə meyitlər torpağa basdırılmadan elə sərdabənin içərisində saxlanılıb. Bir sərdabədə bir neçə insan skeletinə rast gəlmək mümkündür.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm, mədəni irsin təşviqi sektorunun müdiri Vəfa Quliyeva deyir ki, Qala kənd qəbiristanlığındakı sərdabə qəbirlər təkcə Qalada deyil, Abşeron yarımadasının bir çox yerlərində də mövcuddur. İlk növbədə qəbiristanlığın quruluşuna baxsaq, görərik ki, giriş hissədən dörd istiqamətdə araba yolu deyilən yol gəlir. Bu yolların hər birinin kənarında sərdabələr mövcuddur: “Bu sərdabələrin içərisində tədqiqat apardığımız zaman məlum oldu ki, bu qəbirlərdə olan insan skeletləri hələ də qalır. O skeletlər torpağa basdırılmamışdı. Sadəcə sərdabənin içinə qoyulmuşdu. Qəbirin birində skelet digərinə nisbətən balaca idi. Tədqiqat zamanı məlum oldu ki, biri qadın, digəri isə kişi skeletidir. Onlar arxası üstündə uzandırılıb və kəfənlənməmiş vəziyyətdə idi. Bu isə o deməkdir ki, bu qəbirlər islama qədərki qəbirlərdir”.

   

Tarixçi deyir ki, bununla yanaşı, qəbirlərin içərisində uşaq skeletləri və xüsusi taxta qutulara yığılmış digər sümüklər də mövcud olub: “Bir qism alim deyir ki, bu qəbirlər kollektiv dəfn olunan bir məzarlıq idi. Təzə ölən insanı bu sərdabəyə qoyanda ondan əvvəl ölənlərin sümüklərini yığıb, bir kənara qoyurmuşlar. Lakin digər qism alimlər isə deyir ki, kənarda olan sümüklər məhz həmin şəxslərin nökərlərinin sümükləridir. Onlar bərabər basdırılıblar”.

 

Qəbiristanlıqda diqqət çəkən digər məqam isə həmin sərdabələrin yaxınlığında daha böyük sərdabələrin olmasıdır. Vəfa Quliyeva deyir ki, qəbiristanlıqda tədqiqat aparılan zaman yerin üstündə olan sərdabələr yanlış olaraq samanlıq adı altında pasportlaşdırılıb. Əslində bura saman saxlanılması üçün uyğun məkan deyil. Eyni zamanda sərdabələrin quruluşuna baxdıqda buranı dini ritualların icra edildiyi məkan da adlandırmaq olar: “Bura saman saxlamaq üçün yer ola bilməz. Çünki pilləkənləri olan və birpəncərəli yerdir. Əslində daşların hörgüsünə baxanda məlum olur ki, bu sərdabələrin tarixi orta əsrlərdən də əvvəllərə, zərdüştlük dövrünə gedib çıxır. O dövrdə vəfat edən insanları belə bir yerdə saxlayıb çürüyüb əti sümüyündən ayrılandan sonra o sümükləri basdırırdılar”

 

Apardığımız müşahidələr zamanı məlum oldu ki, bu sərdabələrin bir qisminin tavanı bir zamanlar günbəz şəkilli olub. Lakin hazırda uçub tökülüb. Eyni zamanda sərdabələrin giriş qapıları da diqqət çəkir. Belə ki, iri sal daşlardan ibarət olan giriş hissə bir qədər alçaq tikilib. Tarixçilər hesab edir ki, bu tip qapılar daha çox dini məbədlərin qapıları olub. Çünki bura girən hər bir kəs sanki sərdabədə olanlara baş əydikdən sonra içəri keçiblər.

 

Hazırda bu sərdabələrin ciddi restavrasiyaya ehtiyacı olduğunu deyən tarixçi hesab edir ki, bu tip abidələrin üzərində yenidən tədqiqatların aparılması da vacibdir. Çünki buradan tariximizə birbaşa yol gedir. Tariximizə sahib çıxıb düzgün araşdırmaq isə mənəvi öhdəliyimizdir.

 

İlahə Vəliyeva

Əli Ələkbər

APA TV  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Oxşar yazılar