Azərbaycanda epidemioloji sabitlik yaranıb
29 dekabr 2010 10:55 (UTC +04:00)

Azərbaycanda epidemioloji sabitlik yaranıb

Dekabrın 28-də Səhiyyə Nazirliyində 2010-cu il ərzində görülmüş işlərə dair geniş kollegiya iclası keçirilib. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda qonaq qismində Azərbaycan Respublikası prezidentinin xüsusi Tibbi Xidmətinin rəhbəri, Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə də iştirak ediblər.

İclası giriş sözü ilə acan nazir Oqtay Şirəliyev öncə bütün kollegiya iştirakçılarını, o, cümlədən bütün səhiyyə işçilərini qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramları münasibəti ilə təbrik edib.

2010-cu il ərzində səhiyyə sahəsində görülmüş işlər haqqında danışAN Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Soltan Əliyev bu il ərzində Səhiyyə Nazirliyi tərəfindən 45 iri səhiyyə müəssisəsində təmir-tikinti işlərinin aparıldığını, nazirliyin yeni inzibati binasının, Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının, M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının, Ə. Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının, M. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasının 3 korpusunun, Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsinin habelə Balakən Rayon Mərkəzi Xəstəxanasının və s. istifadəyə verilməsini eləcədə və müasir tibbi avadanlıq və inventarla təchiz olunduğunu söyləyib.

Səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrası davam etdirilib. Proqramların icrasına 5 il ərzində 200 milyon manata yaxın büdcə vəsaiti sərf olunub. Səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşıb, ölüm hallarının sayı azalıb. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 21 mərkəzdə 1500-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Uzun illərdən bəri mövcud olan növbə demək olar ki, ləğv edilib.

Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir. Digər 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcək. Ötən il ərzində qan xidmətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. Son illər ərzində tədarük olunan qan və onun komponentlərinin miqdarı artıb, əhalinin qanvermə aksiyalarına cəlb edilməsi işi aktivləşib. Hazırda tibb müəssisələrinin və xəstələrin qana olan ehtiyacı tam ödənilir.

Ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artıb. Bununla yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalıb. Uşaqlara cərrahi yardımın yaxşılaşdırılması məqsədilə K.Fərəcova adına ET Pediatriya İnstitutunda sutka ərzində fəaliyyət göstərən erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi yaradılıb.

Yoluxucu xəstəliklərlə mübarizə işində də müsbət nəticələr əldə edilmişdir. Respublikada aparılmış geniş miqyaslı tədbirlər nəticəsində epidemioloji sabitlik yaranıb, idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, məxmərək qeydə alınmayıb, epidemik parotit 2 dəfə azalıb, digər infeksiyalar üzrə də azalma müşahidə olunub. Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi nəticəsində xəstələnmə səviyyəsi stabilləşib və cari ildə keçən illə müqayisədə 35% azalıb. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası artıq tam gücü ilə fəaliyyətə başlayıb və bu ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını alıb. Bu ilin yazında Kür və Araz çaylarının daşma zonalarında aparılan operativ profilaktik tədbirlər nəticəsində epidemiya təhlükəsinin qarşısı alınıb.

Tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir. Bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılıb və gələn ilin əvvəlindən sertifikasiya prosesi başlanacaq. Tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq gələn ildən rezidentura sisteminə keçid də planlaşdırılır. Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də davam etdirilib. 2010-cu ildə məzunların 80%-nə bölgələrə təyinat verilib.

Daha sonra çıxış edən Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzov, ATU-nun rektoru Əhliman Əmiraslanov, M. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov, Quba MRX-nın baş həkimi İsmayıl Mirzəliyev elmi-praktiki fəaliyyətdən, dövlət proqramlarından irəli gələn görülmüş işlər və 2010-cu il ərzində əldə olunan nailiyyətlər haqqında qısa məlumatlar veriblər.

Kollegiyanın sonunda Səhiyyə Nazirliyinin 28 dekabr 2010-cu il tarixli 103 saylı əmri ilə Səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə 14 nəfər səhiyyə işçisinə Səhiyyə Nazirliyinin təşəkkür edilməsi haqqında əmri oxundu və daha sonra Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ları ilə təltif edilmiş 15 mütəxəssisə diplom və hədiyyələr təqdim olunub.

Təqdimetmə başa çatdıqdan sonra Oqtay Şirəliyev ölkədə baş vermiş fövqəladə hallarda tibb işçilərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət göstərmələrini xüsusi vurğulayıb. Məhz bu səbəbdən də Fövqəladə Hallar Nazirliyi tərəfindən təltif olunmuş bir qrup Səhiyyə Nazirliyinin əməkdaşlarına “Fəxri fərman”lar Fövqəladə Hallar nazirinin tibb xidməti general-leytenantı Faiq Tağızadə tərəfindən təqdim olunub.

Sonda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 5-ci ildönümü, Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə, fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak etdiyinə görə səhiyyə naziri Oqtay Şirəliyev 15 dekabr 2010-cu il tarixli əmr ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikası yubiley medalı ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024

Oxşar yazılar