Oğru dünyasının əsilzadələri: cibgirlər – V yazı
21 noyabr 2010 11:28 (UTC +04:00)

Oğru dünyasının əsilzadələri: cibgirlər – V yazı

Ötən söhbətimiz cibgir peşələrinin təfsirində qalmışdı, elə həmin yerdən davam edirik...

“SYOMŞİK”

“Syomşik”lər bahalı saat ovuna çıxırlar. Təbii ki, onları avtobusda-zadda görə bilməzsən; bahalı saat, bilərzik taxanların ictimai nəqliyyatda nə işi var? Bizim cibgirlər arasında “syomşik”lərə nadir hallarda rast gələrsən, amma Rusiyada, Avropada böyük ustalıq tələb edən bu ixtisas hələ də dəbdədir.

“Syomşik”lər, bir qayda olaraq, şıq geyimləri, uzun barmaqlı incə əlləri, aristokrat davranışlarıyla fərqlənirlər. Çünki peşələriylə əlaqədar tez-tez varlı insanların toplaşdığı qonaqlıqlara, prezentasiyalara, teatr tamaşalarına, konsertlərə gedəsi olurlar.

“Şipaç”lardan və “tryasun”lardan fərqli olaraq, “syomşik”lər hər gün işləmirlər. Amma əvəzində ayda bir dəfə belə uğurlu ovları olsa, bir illərinə bəs edəcək qədər pul qazanırlar.

Bizim tanınmış “syomşik”lərdən çoxdan Moskvada yaşayan biri mənə danışırdı ki, indi Bakıda onların işləməsi üçün şərait olmadığından buraları tərk edib. Deyirdi ki, Moskvada, Sankt-Peterburqda işləmək hələ də adama ləzzət verir. Bilirdim ki, “syomşiklər”, bir qayda olaraq, varlı adamların toplaşdığı tədbirlərə meylli olur. Son illər isə postsovet məkanındakı imkanlılar yalnız özlərinə tuş gələn insanların çevrəsində olmağa üstünlük verirlər.
Ondan soruşdum ki, bəs sən bu problemi necə həll etmisən? Danışdı ki, lap əvvəllər oturub-durduğu bir qadın vasitəsilə kanallar tapıb. Amma sonralar şirkət açıb. İndi Rusiyanın işgüzar dairələrdə onu reklam biznesində çalışan birisi kimi tanıyırlar deyə, belə tədbirlərə daim dəvətlı olur.
And içirdi ki, istəsə, hər belə tədbirdə neçə dənə saat, bilərzik çıxarar, amma artıq risk etməkdə bir məna görmür. Deyirdi ki, əslində, heç oğurluq etmədən də rahat yaşaya bilər: yaratdığı şirkət indi buna imkan verir, lakin sənətini atmağı özünə heç cür sığışdırmır...

“Syomşik” peşəsinin tarixi 20-ci əsrin əvvəllərinə, zəncirli cib saatların kütləvi şəkildə dəbə düşdüyü zamanlara gedib çıxır. Təxminən 30-40 il ərzində özünə cibgirliyin bu peşəsini seçənlər öz məharətlərini durmadan püxtələşdirir, istehsalçıların saat zəncirlərinin bərkidilməsi üçün nə qədər qəliz mexanizmlər hazırlamasından asılı olmayaraq, problemin çözümünü tez tapırdılar. Lakin 30-cu illərdən başlayaraq, cib saatları dəbdən düşdü, qol saatları dəbə mindi və nisbətən cavan cibgirlər də “syomşiklər” üçün tamamilə yeni üsullara yiyələnməyə başladılar. Bacaran bacardı, bacarmayan oyundan çıxdı...

“BALIQÇI”

Bu da maraqlı ixtisasdır. Çox vaxt qatarlarda işləyirlər. Adi balıq qarmağı və neylon sapla aşağı oturacaqdakı adamın pulqabısını, başqa qiymətli əşyalarını çəkirlər. Odur ki, qatarla bir yerə gedəndə, sizin kupenin üst yatağındakı adama diqqət yetirin. Əgər o yatmaq istədiyini bildirdisə, işıqları tez söndürdüsə, ikiqat ehtiyatlı olmalısınız. Əslində “balıqçı”lardan qorunmaq üçün qiymətli əşyalarınızı asılqandakı pencəyin cibindən çıxarıb, başqa yerdə, məsələn oturacağın altındakı yeşikdə gizləmək məsləhətdir.

Qeyd:

Ötən söhbətlərimizin birində “pisaka”lardan danışarkən çox mühüm bir məsələni xatırlatmağı unutmuşdum. Camaat arasında çoxdan bəri belə bir söhbət dolaşır ki, guya avtobusda işləyən cibgirə ucadan etiraz etsən, onun yoldaşı sənin üzünə ülgüc çəkə bilər. Bu söhbətləri yayanlar arasında hətta elələriylə rastlaşa bilərsiniz ki, belə bir hadisənin şəxsən şahidi olduğunu da söyləyər.
Mən isə tam əminliklə deyirəm ki, iş başında yaxalanmış hansısa cibgirin ülgücə əl atması mümkün olan şey deyil və belə bir olay heç vaxt baş verə bilməz. Bu fantaziyaların məhz cibkəsənlərlə, yəni “pisaka”larla, onların istifadə etdiyi kəsici alətlərlə əlaqədar olduğu da bir faktdır.
Cinayət başında yaxalanan cibgir yalnız bir şeyə can atacaq: günahsız olduğunu isbatlamağa. Bunu bacarmasa, çalışacaq hamını inandırsın ki, bu onun ilk dəfəsidir və oğurluğu ehtiyac üzündən, məsələn, yaxınlarından biri üçün dərman almaq məqsədilə edib, vəssalam.

Hələlik xatırladığım cibgir peşələrinin ən əhəmiyyətliləri haqda bu qədər kifayət edər. İşdir, yenə yadıma düşsə, mövzuya bir də qayıtsam, bağışlayarsınız. Çünki nə edirəmsə, yalnız təsvirinə girişdiyim mənzərənin dolğunluğu üçün edirəm...

İndi isə, icazənizlə, gələk ünvanımıza yetişən oxucu məktublarına...

Səfa Əliyeva yazır:

“Maraqlıdır, görəsən elə bir cibgir olar ki, özü öz həyatı haqqında ətraflı danısa bilsin?
Belə bir şəxsdən sevərək, ən azından silsilə hekayələr yazardım…
Çox maraqlandım…
Bilirsiz, mən nəyisə yazanda, istəyirəm ki, qəhrəmanim dolğun olsun. Buna görə də belə bir insanın tərcümeyi-halını, əgər belə demək mümkünsə, bircə iş günü haqda bilmək istərdim...”


Hörmətli Səfa xanım, cibgirlərdən əsər qəhrəmanı düzəltməyə dəyməz. Belə əsərlərin zamanı keçdi. Mənim yazılarımın məqsədi mövcud olan problemi göstərmək və ondan qorunmağın yollarını anlatmaqdır. Və bu işdə köməkçim elə “sənətkar”ların özü olub və ümidvaram həmişə olacaq da.

Yeri gəlmişkən, onların özləri də avtobuslarda addımbaşı rastlaşdığımız “həvəskarların” əlindən bezib. Sizə bir müjdə verim ki, bu günlərdə bu sahənin sayılan peşəkarlarından biri ilə görüşdüm, özü demişkən “qastroldan” təzə gəlib. Səfa xanım, söhbət arasında sizin istəyinizi də ona çatdırdım. Dedi ki, məni neynəyir, nə sualı var, yazsın cavab verək…

Fikirləşirəm: nə qədər ki, burdadır, onu necə deyərlər, “ekspert” qismində cəlb edib söhbətlərindən bəhrələnək, necə bilirsiniz?...

Odur ki, hörmətli oxucular, bizə yazın. Nə sualınız olsa, “ekspertimizdən” mütləq cavab alacaqsınız.

Hələlik bu qədər. [email protected] ünvanına məktublarınızı kəsməyin, başınıza gələn hadisələri bütün oxucularla bölüşməyin faydası var: həm yüngülləşərsiniz, həm də başqaları özü üçün bir nəticə çıxarar...

Allah hamını şər-xatadan qorusun!

Hörmətlə, sizin

İ.Q.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar