Casus paltarında öldürülən qəhrəman – ARAŞDIRMA
30 mart 2009 12:00 (UTC +04:00)

Casus paltarında öldürülən qəhrəman – ARAŞDIRMA

(Azərbaycan xüsusi xidmət orqanlarının 90 illiyinə həsr olunur)

Hər şey 1954-cü ilin soyuq payızında - noyabr ayının 22-də Münhenin "Alpenplats" meydanının yaxınlığındakı 6 nömrəli evin mətbəxində kişi cəsədinin tapılmasından sonra başladı. Noyabr ayının 20-dən 21-nə keçən gecə öldürüldüyü güman edilən bu şərqli əcnəbinin meyitini polis üç gündən sonra dəfn etməyə icazə verdi...

Evin sahibəsi 80 yaşlı frau Böhm noyabrın 22-də - bazar ertəsi səhər saat doqquz radələrində mətbəxini səliqəyə salarkən küncdəki taxtın altında nəsə yumşaq bir cismin olduğunu hiss edir. Qarı birinci mərtəbədə yaşayan qonşusu frau Rulandı çağırır. Qonşu əlini Osmanlı üslubunda düzəldilmiş taxtın altına uzadır və əlinə ayaq dəyəndə qorxaraq kömək üçün təsadüfən yoldan keçən təqaüdçü Lövi çağırırlar. Löv taxtın altını cib fənəriylə işıqlandırır və buradakı kişi cəsədini çəkib çıxararaq polisə xəbər verir. Xanım Böhm polisə verdiyi ifadəsində ölən adamın Mişel kimi tanıdığı bir əcnəbi olduğunu iddia edir. Çünki qarının sözlərinə görə, mətbəxin açarları yalnız Mişeldə olub və ümumiyyətlə, sonuncu dəfə onu görəndə zavallı özünü çox pis hiss edirmiş. Xanım Böhm nağıl edir ki, Mişel noyabr ayının 20-də həm qonaq otağı, həm də mətbəx kimi istifadə etdikləri həmin evə gəlibmiş. Onlar bir yerdə yemək yeyirlər, xanım Böhm yerinə uzananmamışdan əvvəl, saat təxminən 20-dən azacıq sonra Mişelin yanına başı bədəninə nisbətən diqqət çəkəcək qədər böyük ölçüdə, qısaboylu bir şəxs gəlir. Mişel onu mayor kimi təqdim edir. Onlar azərbaycan dilində danışa-danışa birlikdə yemək yeyirlər, sonra da içki içmək və əylənmək üçün əvvəlcə Leopold-Strabedəki qəhvəxanaya, ardından Bayerslobedə pivəxanaya, nəhayət Rosenhetmer Strabedəki rəqs klubuna gedirlər.

Mişel səhərə yaxın frau Böhmün mənzilinin qapısını döyür. Ev sahibəsi Mişelin sərxoş olduğunu, həm də soyuqdan titrədiyini görüb evdə yatmasını istəyir. Mişel isə onun evdəki iki nəvəsinin hərəsinə iki mark verib, çox kədərli şəkildə, az qala ağlaya-ağlaya mətbəxdəki taxtda yatacağını deyir. Noyabrın 21-də xanım tezdən mətbəxə daxil olur, yatağın səliqəyə salınmadığını görüb taxtın üstünü örtərək, sevimli ət qızartmasını hazırlamağa başlayır...
Bir gün sonrasa artıq danışdığımız hadisə baş verir: taxtın altından kişi meyiti çıxır.
...Xanım Böhmün ifadəsi polisi qane edir. Bəri başdan onu demək lazımdır ki, alman polisinin ağlına meyitin üzünü bu iki xanıma - Böhmə və Rulanda göstərmək gəlmir. Çünki meyit taxtın altından çıxarılanda kişinin pencəyi sürüşüb üzünü örtdüyündən qonşu qadınlar Mişelin üzünü görə bilməmişdilər. Bundan əlavə, cəsədin Ədliyyə Ekspert İnstitutunda ekspertizası da xeyli müəmmalı suallar doğurmuşdu. Məsələnin nə yerdə olmasını tam aydınlaşdırmaq üçün alman ekspertlərinin verdiyi arayışın bəzi məqamlarına nəzər salaq:
"...Cəsəd yarıldı və öldürülməmişdən əvvəl adamın ayıq olub-olmadığını müəyənləşdirmək mümkün olmadı...
Nəticə daha çox öldürülməmişdən əvvəl qurbanın narkotik maddə vasitəsilə huşsuz hala salınması ehtimalına yaxındır...
Patoloji müayinə ölümün səbəblərini bildirir:
Başına çəkiclə vurulmuş, boğulub öldürülmüşdür.
Cəsədin boyu 1.55 m.-dir. Başı bədəninə nisbətən gözəçarpacaq dərəcədə böyükdür".
Əslində, alman polisini şübhəyə salan məqamlardan biri də məhz cəsədin boyu məsələsi idi. Çünki Mişelin boyu 1.55 yox, bundan nə az-nə çox, düz 11 sm uzun, yəni 1.66 metr idi. Beləliklə, "Alpenlats-6"da tapılan kişi cəsədinin "Stainqader Strabe-7"-də yaşayan Mişelə məxsus olduğu xeyli şübhələr doğururdu. Bütün bunlara baxmayaraq, prokurorluq noyabr ayının 26-da dəfnə icazə verir. Mişel müsəlman mollanın müşayiəti ilə cümə günü dəfn edilir...

"Mişel" kimdir?

Əsl adı və soyadı Mikayıl İsmayılov olan bu adam avqust ayının 8-i 1920-ci ildə Bakıda, azərbaycanlı ailəsində anadan olmuşdu. Böyük Vətən Müharibəsinin ilk günlərində 1941-ci ildə almanlara əsir düşür. Sonra almanlar tərəfdən vuruşmağa razılıq verir və azərbaycanlı, türkmən alaylarından təşkil edimliş 162-ci piyada diviziyasının tərkibinə keçirilir. 1943-cü ildə almanların müharibədə məğlub olacaqlarını anlayıb İtaliya partizanlarının tərəfinə keçir. Beləcə, düz müharibənin axırına qədər birtəhər başını girləyə bilir. 1947-ci ildə Ferrarada bir italyan qadınla evlənir və bu evlilikdən iki övladı dünyaya gəlir.
Ancaq vaxt keçdikcə İsmayılov vətənini, doğmalarını görmək üçün imkanlar axtarır və 1951-ci ildə Azərbaycana qayıtmaq istədiyini bildirir. Onu Napolidə gəmiyə mindirirlər, ancaq SSRİ-yə çatan kimi Sovet gizli xidmətinin tələsinə düşdüyünü anlayır. Heç Azərbaycana buraxılmadan onun qarşısına iki şərt qoyulur: ya Qızıl Ordunun fərari əsgəri kimi edam olunacaq, ya da yenidən Qərbə qayıdıb əvvəlki yoldaşlarından Sovetlərə casusluq etməlidir və yalnız ikinci halda onun yenidən vətənini və doğmlarını görmək şansı var.
Beləliklə, Sovetlərə casusluğa razılıq verən İsmayılov 1953-cü ildə italyan həyat yoldaşının və uşaqlarının yaşadıqları Drezdenə qayıdır. Burada özü də bilmədən Sovet kəşfiyyatının casusu olan Senta Rentse adlı sarışın bir qadının toruna düşür. Saksoniyalı gözəlçə ona vurulur və elə qadın da İsmayılovun qəlbini fəth edir. Hətta bu məhəbbət o qədər güclü olur ki, Mikayıl italyan arvadını və iki uşağını Çempitsdəki oteldə taleyin ümidinə buraxıb bu qadınla aradan çıxır. Bu ifritə casus onu Nürnberqdəki əcnəbilərdən ibarət "Valka" düşərgəsinə gətirir.

Haşiyə:

"Valka" İkinci Cahan Savaşından sonra Almaniyadakı ən böyük düşərgələrdən biri idi. Buraya əsasən qırmızılardan qorxaraq Balkanlardan qaçıb gələnlər, alman ordusunun tərkibində vuruşan köməkçi dəstələrdən yayınanlar, həmçinin "bizim İsmayılov" taleyində olanlar toplaşardılar. Onu da əlavə edək ki, haqqında bəhs etdiyimiz qətl baş verən ərəfələrdə artıq bəzi dairələrdə "Valka"nın əslində, Amerikanın Şərqə qarşı casusyetişdirmə mərkəzi olması heç kəsdə şübhə doğurmurdu.

Beləliklə, İsmayılov "Valka"ya gəlir və burada özünü Georq Müller kimi təqdim edən çox diribaş bir şəxslə ilə tanış olur. Əslində, Georgiy Vladimiroviç adlı bu rus Qırmızı Ordunun kapitanı olmuşdu və məşhur "SMERŞ"in zabitlərindən idi. Müharibədən sonra özünün qeyri-adi bacarığı, radiorabitə sahəsindəki praktik biliyi, həmçinin paraşütdən tullanmanın bacarıqlı mütəxəsisslərindən olduğundan tezliklə Amerikanın xüsusi xidmət orqanlarının işinə yarımışdı. O, himayəsi altında təhsil alan casuslara xəbəralma xidmətlərini, radiocihazlardan istifadəni, paraşütlə tullanmanı nəzəri və praktiki cəhətdən öyrədir, bunların praktikada həyata keçməsinə də şəxsən özü nəzarət edirdi. Bunlardan əlavə, amerikanlar SSRİ sərhəddini o tay-bu taya gizli keçən casusların tapşırıqlara sağ-salamat gedib qayıtmaları üçün onun xidmətindən xeyli bəhrələnirdilər.
İsmayılov da məhz bu adamın vasitəsilə amerikalılar tərəfindən nəzarətə götürülür. Bir neçə həftə düşərgədə qaldıqdan sonra ona Münhenə köçmək icazəsi verildi və burada amerikanlara məxsus büroda özünə xırda bir iş tapdı. 1953-cü ilin avqust ayında sarışın gözəl Senta da Münhenə gəlir və ona Sovet gizli xidmətinin tapşırığını xatırladır, "mərkəz"in informasiya gözlədiyini bildirir.
İsmayılovla Senta bir müddət məktublaşırlar. 1953-cü ilin noyabrında isə Mikayıl casusluqda ittiham olunaraq həbs edilir, iki aya yaxın Neudeskdəki həbsxanada yatdıqdan sonra əleyhinə sübut tapılmır və azadlığa çıxır.
Həbsxanadan çıxan İsmayılov yenidən Stendadner Strabelə köçür və burada bir alman qadınıyla yaxınlıq edir. Qısa müddətdən sonra qadın onu atır. Ruh düşkünlüyünə mübtəla olan Mikayıl ümumiyyətlə, Almaniyadan çıxıb getmək istəsə də, Sovet casuslarının onu izlədiyini bildiyindən səfərini təxirə salır. Artıq Sentanın əvəzinə onu birbaşa Georq Müller kimi tanınan "SMERŞ"in sabiq zabiti Georgiy Vladimiroviç təqib edirdi. 30-35 yaşlarında ortaboylu, dolubədənli, qarasaçlı və çox yaxşı geyinən, mədəni, ancaq alman dilini pis bilən bu adamla hər görüşdən sonra "Mişel", yəni İsmayılov iki-üç gün özünə gələ bilmirdi.
Məsələ bunda idi ki, "Mişel"i hamı yaxşı insan kimi tanıyırdı. Başqalarının yaman günündə köməyə tələsən, istiqanlı, həmişə qayda-qanunla işinə gedib-qayıdan, azərbaycanlılara xas mərdliklə hər şeyini yoldaşlarına qurban verməyə hazır olan "Mişel" - Mikayıl artıq bu vəziyyətdə ətrafındakı çevrənin get-gedə daraldığını anlayır və anladıqca, narahatlığı daha da artırdı. Bir tərəfdən Bakını və yaxınlarını, doğmalarını görmək istəyi, digər tərəfdən Sovet casuslarının hələlik bizə bəlli olmayan gizli tapşırığı və özünün can qorxusu, nəhayət, dəlicəsinə vurulduğu Sentanın məhəbbəti. Beləcə, bakılı balası İsmayılov iki od arasında vurnuxmaqdaykən Sovet kəşfiyyat orqanlarının ondan nə tələb etdiklərinə keçməzdən əvvəl başqa bir azərbaycanlı - Azərbaycan legionu mövzusunda söhbətlər gedərkən mütləq adı hallanan və hamının Fətəlibəy Düdənginsiki kimi tanıdığı məşhur azərbaycanlı haqda məlumat vermək lazımdır.

Düdənginski kimdir?

İkinci Cahan Savaşında legion problemini araşdıran rus müəlliflərinin və tarixçilərinin əsərlərində azərbaycanlılardan əsasən iki nəfərin adı çəkilir. Bunlardan biri 25 yanvar 1893-cü il təvəllüdlü İsrafilbəy Məhəmmədnəbi oğlu İsrafilbəylidir. Çar ordusunun polkovniki olmuş İsrafilbəy Avropada yaşayan mühacirlərdən olub. 1943-cü ilin yayından 1944-cü ilə qədər Azərbaycan komitəsinin rəhbəri kimi çalışıb. 1943-cü ilin sentyabrından alman ordusunun tərkibindəki 162-ci Türk piyada diviziyasının 314-cü alayına komandirlik edib. 1944-cü ilin yanvar ayının 12-dən Vaffen-ştandartenfürer rütbəsində SS-in Qafqaz birləşməsində "Azərbaycan" döyüş qrupuna rəhbərliyə başlayıb. 1945-ci ilin 17 mayından etibarən Azərbaycan Milli Komitəsində hərbi məsələlər üzrə müşavir təyin olunub. Müharibədən sonra amerikan qoşunları tərəfindən SSRİ-yə təhvil verilib və 1945-ci il iyul ayının 11-də Bakı Hərbi Dairəsinin Tribunalı tərəfindən barəsində ölüm hökmü çıxarılıb, edam olunub. Mənbələrdə və sənədlərdə adı çəkilən ikinci şəxs isə Abo Düdənginski kimi tanınan 1908-ci il təvəllüdlü mayor Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskidir. Azərbaycan Milli Komitəsinin rəhbərlərindən biri olan Əbdürrəhman bəy 1941-ci ildə almanlara əsir düşüb, bundan sonrasa legionerlərin tərkibində 804 saylı Azərbaycan piyada taburuna komandirlik edib. Vermaxtın mayoru kimi 1943-cü ildən Rozenberq tərəfindən tanınan "bütün azərbaycanlıların nümayəndəsi" olub, 1944-cü ildənsə Azərbaycan komitəsinin rəhbəri kimi çalışıb. Müharibədən sonra Münhendə yaşayıb, "Azadlıq" radiosunun Azərbaycan bölməsinin redaktoru olub və 1954-cü ildə Sovet xüsusi xidmət orqanının casusu tərəfindən qətlə yetirilib.
Nəsiman Yaqub "Azərbaycan legionerləri" adlı monoqrafiyasında Əli Əliyevin müəllifi olduğu "Əlincə yaddaşı, Naxçıvan, 1914-1992" kitabına istinadən Düdənginskinin nəsil-nəcabəti haqda xeyli maraqlı məlumatlar verib. Hesab edirəm ki, Düdəngədən Münhenə uzanan ömrün qan-qadalı illərinə keçməzdən əvvəl qəhrəmanımızın soyköküylə bağlı informasiyalarla tanış olmaq daha məqsədəuyğundur.
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski əslən Naxçıvanın Şərur rayonundandır. 1908-ci il iyunun 12-də Şərurun Düdəngə kəndində anadan olub. Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914-1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi. 1914-1915-ci illərdə onu bir neçə dəfə şəxsən görmüşdüm, boy-buxunlu, saqqallı kişi idi. Səfəvilər 1920-ci ildən etibarən xeyli zəifləmiş, mülkləri dağılmış, özləri də pərən-pərən düşmüşdülər. Səfəvilərin nümayəndəsi Teymur bəy ömrünün sonunadək Şərur Qəza İcraiyyə Komitəsinin katibi vəzifəsində işləmişdir. Tağı bəy Baş Noraşen natamam orta məktəbində rus dilini tədris etmişdir. Allah rəhmət eləsin, mən də ondan dərs almışam. Səfiyevlərdən Əbdürrəhman (Abo) Fətəlibəyov İsmayıl xanın (Nəso xanın) nəvəsi idi. Qərəz, İsmayılın övladları - Bəhlul xanı, Beytulla xanı, Rəşid xanı Sovet hökuməti zülmə düçar etdi, axırına çıxdı. Beytulla xandan başqa, hamısı məhv oldu. Səfəvilərin həm də Dərələyəzdə yaşayan Vəkilovlarla qohumluğu vardır. Səfiyevlər sülaləsində qalan nəslin az bir qismi hazırda Baş Noraşendə - Cəlilkənddə məskundur.
Bu sülalənin görkəmli şəxsiyyətlərindən biri də uzun illər ictimaiyyətimizə vətən xaini kimi təqdim olunan Əbdürəhman (Abo) Düdənginskidir. Mən Abonu 3 dəfə görmüşəm. Kəlbalı xan ona oxşayırdı. Olduqca cəsur, mərd adam idi.
1929-ci ildə Abonu komsomol sıralarından xaric edəndə gənc Əbdürəhman ona amansız mövqe tutanlar qarşısında əsəblərini cilovlaya bilməyib ağlayır və deyir ki, məni atama görə cəzalandırırsınız, axı mən onu görməmişəm, Allahın himayəsində böyümüşəm.
Beləcə, tənələrə, təhqirlərə dözməyən yeniyetmə kəndi gizlincə tərk edib Tiflisə gəlir. Tiflisdə hərbi məktəbdə oxuyan Əbdürrəhmanla tez-tez görüşərdik. Zaqafqaziya Kommunist Universitetində oxuyan naxçıvanlı tələbələrin yanına vaxtaşırı gələrdi, tələbə dostum Hüseyn Mahmudovla dostluq edərdi. Gözündə daim kədər var idi, doğma kəndində verilən mənəvi əzablar ona rahatlıq verməzdi. Zavallı bilmirdi ki, qohumlarının qarşılaşacağı müsibətlər hələ irəlidədir. Açıq danışmağı sevirdi, düz sözün aşiqi idi. Qətiyyətlə deyirəm ki, o, heç zaman el-obasına, doğma xalqına dönük çıxa bilməzdi. Hər zaman bu fikirdə olmuşam. Ə.Fətəlibəylinin atası Əli bəy Fətəlibəyli də Naxçıvanın Şərur rayonunun Düdəngə, Zeybə kəndlərinin bəyi olaraq, hörmətli, tanınmış şəxsiyyətlərindən biri olub. Əli bəy Çar Rusiyasının vaxtında Türkistan, sonralar İrəvan quberniyasının sərhədi boyu zabit kimi xidmət etmişdir. İrəvan quberniyasında olan vaxt zabitlər yığıncağında bir rus zabiti müsəlman dininə istehza etdikdə, Əli bəy qılıncı ilə rus zabitini vurmaq istəmişdir. Oradakı zabitlər Əli bəyi sakitləşdirmişlər. Bir ay sonra Əli bəyi zəhərləyib öldürdülər. Böyük oğlu Qulam (Əbdürrəhman Fətəlibəylinin qardaşı) xatırlayırdı: "Biz gələn günün sabahı zabitlər yığıncağında axşam yeməyindən sonra atam özünü pis hiss elədi, gecə yarısında keçindi. Bu xəbər çatan kimi qaynı Nəsrulla xan bir neçə nəfərlə hərbi hissəyə gedərək, Əli bəyin cəsədini gətirib Düdəngədə dəfn elədi. Bu yolla Əli bəyi 1910-cu ildə zəhərləyib öldürdülər".
Atası belə faciəvi surətdə öldürüləndə Əbdürrəhman bəyin iki yaşı var idi. F.Düdənginski gənc yaşlarında əsgər getmiş, hərbi piyada məktəbini bitirmiş, Azərbaycan diviziyasında zabit olmuşdu. 1935-36-cı illər Moskva Hərbi Akademiyasına oxumağa göndərilmişdir. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.
Qeyd edək ki, Ə.Düdənginski olduqca bacarıqlı bir zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləmişdir. 1940-cı ilə Sovet Ordu hissələri Pribaltika respublikalarını işğal etikdən sonra Ə.Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür.
Düdənginski haqda onunla tanış olan insanların, demək olar ki, hamısının fikirləri xeyli yüksək olub. Sonralar SSRİ-nin Müdafiə naziri olmuş, bir zamanlar Ə.Fətəlibəyli ilə birgə Baş qərargahın Akademiyasında oxumuş Sovet İttifaqı Marşalı A.Qreçko yazırdı: "O, heyrətedici bir aydın ağıla və təhlil düşüncəsinə malik idi və anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla müqayisə oluna bilməzdik".
Mühacirət illərində Sovet rejiminə qarşı ideoloji mübarizə aparmış, "Hakimiyyətin texnologiyası", "Partokratiya", Stalin və Beriya haqqında kitablar müəllifi kimi tanınan, əslən çeçen olan Əbdürrəhman Avtorxanov Ə.Fətəlibəylini belə dəyərləndirirdi: "Hardasa 1943-cü ilin ortalarında Berlində Vermaxtın Ali Komandanlığının (OKV) qəbulunda qafqazlı görkəmində, Sovet hərbi əsiri zabiti formasında olan (xarici görkəmindən hiss edilirdi ki, düşərgədən yenicə azad olunub) bir nəfərlə qarşılaşdım. Qəbul otağında adamlar çox idi və bir qədər tərəddüddən sonra ona yaxınlaşıb qafqazlı olub-olmadığını soruşdum. Gözlənilməz sualdan səksəndi və cavab vermək əvəzinə eyni sualla da mənə müraciət etdi. Mən özümü təqdim etdim. O da dedi ki, keçmiş Sovet ordusu mayoru, azərbaycanlı Əbo Düdənginskidir. Həmin vaxtdan bizim dostluğumuz başladı. İnanıram ki, Abonu ömründə bir dəfə görən şəxs bu qeyri-adi insanı heç zaman unuda bilməz. Onun şəxsi ünsiyyəti, şahzadəliyi, çətinliyə düşən bir şəxsə köməyə hazırlığı hamını heyran edirdi".
Onun alman əsirliyindəki həyatı, fəaliyyəti barədə söz açanda isə mütləq araya İkinci Cahan Savaşı dövründə Reyxin yaratdığı legionlar məsələsi düşür. Bu baxımdan, ümumiyyətlə, legionlarla bağlı bir para məqamlara da aydınlıq gətirmək gərəkdir. Ancaq bəri başdan bir haşiyə çıxaq ki, Azərbaycanda adıçəkilən məsələ ən az araşdırılmış sahələrdən biridir. Bu gün əlimizdə legionlar, o cümlədən Azərbaycan legionlarıyla bağlı iki geniş araşdırma var. Bunlardan biri xatırlatdığım kimi Nəsiman Yaqubun "Azərbaycan legionerləri" kitabı, bir də MTN əməkdaşı, tarix elmləri namizədi Məmməd Cəfərlinin arxiv materialları və dərin araşdırmalar hesabına ərsəyə gətirdiyi Azərbaycan legionerlərinin bədii yaradıcılığından bəhs edən monoqrafiyasıdır. Və bəndəniz sizə təqdim etdiyi bu məqalələrdə bir sıra rus, əcnəbi müəlliflərin əsərləriylə yanaşı, adıçəkilən müəlliflərin də tədqiqatlarından bəhrələnib, bəhrələnəcək.
Beləliklə, keçək legion məsələsinə.

Legionçuluq

Alman legionlarıyla bağlı doğma dilimizdə ədəbiyyatların çox az olması bir tərəfə, ancaq bu barədə yazan rusdilli müəlliflərin də fikirlərindəki birtərəflik, qərəzçilik mövzuya bəzi əlavələri zəruri edir. Çünki İkinci Cahan Savaşında legionların yaradılması bir tərəfdən Sovetlər Birliyindən, xüsusən Stalin totalitarizmindən əziyyət çəkənlərin, emiqrantların, hərbi əsirlərin xidmətləri sahəsində mümkün olmuşdusa, burada Hitler Almaniyası tərəfindən aparılan müharibənin hələ də tarix üçün gizli qalan mahiyyətini də unutmaq olmaz.

Haşiyə:
Uzun illər rus generalı Vlasov və onun fəaliyyətini heç cür qəbul etməyən yüksək alman dairələri, nəhayət ki, müharibənin sonlarına yaxın onu qəbul edirlər. Vlasov hətta, Reyxsfürer Himmlerin özüylə də görüşür. Bu barədə xatirələrində yazan müəllif deyir ki, Vlasov Himmlerin kabinetindən çıxanda onu xeyli ruh yüksəkliyində gördüm. General görüş təəssüratlarını belə bölüşür: "Maraqlıdır ki, gözlədiyimin əksinə olaraq qarşımda fermer ailəsindən çıxmış qaniçən Himmleri yox, kifayət qədər ağıllı, dünyagörüşlü, şəraitdən düzgün baş çıxaran bir dövlət adamı gördüm...".

Bu baxımdan, adları çəkilən və çəkilməyənlərin bəşəriyyət əleyhinə cinayətləri öz yerində, ancaq fakt-faktlığında qalır ki, bu adamlar həm müharibənin aparılmasını, həm siyasəti, həm də təbliğat işlərini yüksək səviyyədə bilirmişlər.
Beləliklə, keçək legion məsələsinin ilkin qaynaqlarına.
Əvvəlcədən onu demək lazımdır ki, elə nasistlər hakimiyyətə gələn kimi SSRİ-nin və digər Avropa ölkələrinin ayrı-ayrı xalqlarının nümayəndələri ilə əlaqə qurmaqda maraqlı olublar. Özü də bu planlar hələ İkinci Cahan Savaşından xeyli əvvəldən vardı. Bu planların nə qədər ciddi və əsaslı olduğuna inanmaq üçün Hitlerin yanında keçirilən müşavirələrin stenoqramlarını, Himmlerin, Rozenberqin və digər yüksəkrütbəli faşist rəhbərlərinin "tam məxfi" qrifli məktublarını, qeydlərini, Reyxin Şərq əyalətləriylə bağlı planlarını nəzərdən keçirmək kifayətdir.
Bütün bunlara nəzər salanda məlum olur ki, Almaniyanın məqsədi müharibədə uğur qazanmaq üçün SSRİ xalqlarının Stalin rejimindən narazılığından yararlanaraq, qələbəni yaxınlaşdırmaq olub. Ancaq bu məqsədə xidmət edəcək milli komitələrin yaradılması xeyli ləngidi. Bu ləngimənin müxtəlif səbəbləri arasında ən mühümü şəxsən Hitlerin özünün ayrı-ayrı millətlərin nümayəndələrindən təşkil olunmuş milli komitələrə, legionlara qarşı etibarsızlığı idi. Bu sıradasa təbii ki, birinci ruslar gəlirdi. Məşhur general Vlasovun silahdaşı olmuş, alman ordusunun tərcüməçisi vəzifəsində çalışan mənşəcə pribaltika almanı Ştrik-Ştrikfeldin Rus Azadlıq Ordusunun müharibə dövründəki fəaliyyətindən bəhs edən "ROA: protiv Stalina i Qitlera" adlı memuarında həmin illərdə alman hakimiyyətinin legion məsələsinə münasibəti, bu münasibətin təkamül və şəraitə uyğun olaraq necə dəyişməsi çox gözəl təsvir olunub. Həm adıçəkilən əsərdən, həm Şellenberqin "Labirint"indən, həm də Göbbelsin gündəliklərindən aydın olur ki, alman hakimiyyətindəki ayrı-ayrı nüfuz sahiblərinin legion məsələsində fikirlərinin haçalanması milli komitələrin və legionların yaranmasının bu qədər uzanmasında mühüm rol oynayıb.
Ancaq məsələnin kökü, yuxarıda qeyd olunduğu kimi, nasistlər hakimiyyətə gələndən Rusiyadan və bütün SSRİ-dən gəlmiş antisovet emiqrantlarla əlaqələrindən başladığından, xeyli işlər görülmüş sayılırdı. Təbii ki, almanlar üçün böyük seçim vardı. Elə birinci növbədə 1918-20-ci illərdə həm Azərbaycan, həm Gürcüstan, həm də Şimali Qafqaz respublikalarında qurulmuş hökumətlərin başçıları - Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Cabaqi Həsənlə əlaqə qurmaq, onların həmvətənləriylə birgə yaratdıqları dərnəklərdən məqsədləri üçün istifadə eləyə bilərdilər. Ancaq yuxarıda sadaladığım və sadalanmayan bir sıra səbəblərə görə, bu məsələnin həyata keçirilməsi xeyli ləngidi. Yeri gəlmişkən, onu da qeyd edək ki, məsələnin uzadılması üçün almanların əlində xeyli səbəblər də vardı. Məsələn, 1941-ci ilin iyun ayında Ukrayna milli komitəsi Ukraynaya gələrək, burada Steçkonun və Stepan Banderin rəhbərliyi ilə hökumət yaratmışdı. Ancaq ukraynalıların bu özbaşnalığı onlara baha başa gəldi və heç bir həftə keçmədi ki, almanlar Steçkonu tutub Berlin həbsxanasına atdılar. Onların yüzlərlə, minlərlə tərəfdarları isə düz 1944-cü ilə qədər düşərgələrdə saxlandılar.
Beləcə, "İldırımsürətli müharibə" mifi dağılmağa başlayanda almanlar legionlar məsələsinə diqqətlə yanaşmağa başladılar. Və 1942-ci ildən etibarən şimali-qafqaz, kalmık, kabardino-balqar, türküstan, tatar, azərbaycan, gürcü və ermənilərdən ibarət milli komitələrin rəsmən yaranmasına icazə verildi. 1943-1944-cü illərdəsə milli komitələrə konqreslər keçirmək imkanı tanındı. Milli konqreslərin təşkiliylə təbii ki, adıçəkilən xalqların nümayəndələrinə təbliğat işlərini qurmaq azadlığı da verildi. Şimali Qafqazdan olan emiqrantlar arasında həftəlik "Qazavat" qəzetinin redaktoru "Mənsur" ləqəbli Əbdürrəhman Avtorxonovun, azərbaycanlılar arasındasa Azərbaycan Məclisinin 1943-cü ildə Berlindəki qurultayında sədr seçilmiş Fətəli bəy Düdənginskinin böyük nüfuzu vardı. Tarix elmləri namizədi Məmməd Cəfərlinin tərtib etdiyi "Azərbaycan legioner ədəbiyyatı" kitabında Azərbaycan legionerlərinin təkcə bədii yaradıcılıqları deyil, həm də təbliğat işlərini necə qurmalarıyla bağlı xeyli maraqlı materiallar tapmaq olar. Həqiqətən, müharibənin qızğın dövrlərində vətəndən uzaqlarda bu insanların 28 may İstiqlal gününü qeyd etmələri, ayrı-ayrı milli bayramlarımızı keçirmələri onların Azərbaycana nə qədər bağlı olduqlarına bir daha bariz sübutdur.
Beləliklə, uzağa getməyib diqqəti zəngin alman legionları məsələsindən konkret Azərbaycan legionları mövzusuna gətirək. Bu mənada ilk nəzərə çarpan 1942-ci ilin mart ayında RSXA-nın nəzdində "ÇEPPELİN" şərti adıyla yaradılmış xüsusi kəşfiyyat-təxribat orqanının fəaliyyətidir. Məhz bu orqanın təlimatlarıyla ilk milli komitələr yaranmağa başladı. Gürcü milli komitəsinə Kediya Mekieviç və Qabliani İqnatyeviç, erməni milli komitəsinə Baqdasaryan, Simonyan, Sərkisyan və digər kod adlarıyla fəaliyyət göstərən Abeqyan Artaşes, azərbaycanlı milli komitəsinə isə "Abo" kimi tanınan Fətəlibəy Düdənginski və İsrafilbəy İsrafilov rəhbərlik edirdilər.
Onu da qeyd etmək lazımdır ki, almanlar heç də yaradılmış bütün legionlara eyni inam və etibarla yanaşmırdılar. O illərin arxiv materialları göstərir ki, Qafqaz xalqları arasında onlar ən çox azərbaycanlılara, sonra gürcülərə, daha az isə "sürüşkənliklərinə görə" (sənəddə məhz belə də qeyd olunub - İ.Tumas) ermənilərə inanırmışlar. Hətta Düdənginskinin komandirliyi altında azərbaycanlılardan təşkil olunmuş legionların bir sıra döyüşlərdə nəzərəçarpacaq qələbələr qazandığı haqda da xeyli faktlar var. Bu baxımdan, "A" Ordu birləşməsinin qərargah rəisi general-leytenant Henrix fon Qreyfenberq şərq legionlarının Qafqaz döyüşlərində iştirakına verdiyi qiymət çox önəmlidir: "Şərq legionlarından bir neçəsi, məsələn, 804-cü və 805-ci azərbaycan legionları iri meşələrdə çox sərbəst hərəkət edirlər və düşmənin dəstələriylə xeyli uğurlu döyüşlər aparırlar. Bu batalyonlar bir sıra rayonlarda düşmənin məhv edilməsində böyük rol oynayırlar".
Yaxud, 1943-cü ildə Alman radiosunun verdiyi başqa bir xəbərdə deyilirdi: "Mayor Düdənginskinin komandirliyi ilə birinci Azərbaycan batalyonu bolşeviklər əleyhinə mərdliklə vuruşduğuna görə, bu batalyon hücum eləyən alman hissələriylə birgə hərəkət etmək şansı qazanıb".
Yeri gəlmişkən, onu da qeyd edək ki, alman tərəfindən vuruşan Azərbaycan könüllüləri cəmi 25-35 min idilər və yuxarıda qeyd olunduğu kimi, demək olar ki, azərbaycanlılardan ibarət batalyonlar yüksək döyüş qabiliyyətlərinə və döyüşkənliklərinə görə, daha çox xüsusi təyinatlı alman qoşun birləşmələrinin tərkibinə salınırdılar. Ümumiyyətlə, bütün müharibə boyu almanlar 90 piyada batalyonu təşkil edə bilmişdilər. Bunlardan 26-sı Türküstana, 15-i azərbaycanlılara, 13-ü gürcülərə, 12-i ermənilərə, 9-u şimali qafqaz, xalqlarına, 8-i krım tatarlarına, 7-si isə Ural və Pavoljyadan olanlara mənsub idi.
Beləcə, almanlar müharibədə uduzduqlarını hiss etdikcə, həm legionların, həm də milli komitələrin işinə daha geniş rəvac verirlər. Və bunun nəticəsiydi ki, illər əvvəl Sovet respublikalarının müstəqilliklərini tanımaq istəməyən Hitler rejimi müharibənin sonuna yaxın - 1945-ci ilin martında milli komitələrin sədrlərini eyniadlı müstəqil respublikaların rəhbərləri kimi tanıyır. Ancaq artıq tarix işini görmüşdü...
Müttəfiq qoşunların qələbəsiylə legionların da bəd talelərində ikinci və daha dəhşətli bir dönəm başlayır. Sovet-Amerika-İngiltərə rəhbərlərinin Yalta görüşündə əldə olunmuş gizli razılığa görə, müttəfiq qoşunlar almanlar tərəfindən vuruşmuş, yaxud əsir düşmüş bütün Sovet vətəndaşlarını SSRİ-yə təhvil verirdilər. Beləcə, minlərlə azərbaycanlı legioner və əsirlər SSRİ-yə təhvil verilərək, həyatlarını sürgünlərdə, ya da dar ağacında başa vurdular. Bizim qəhrəman Fətəlibəy Düdənginski isə müharibədən sonra da fəaliyyətini dayandırmayaraq, bir sıra Avropa ölkələrində yaşadıqdan sonra Münhenə gəlir və burada məşhur "Azadlıq" radiosunun azərbaycan bölməsinin baş redaktoru kimi işə başlayır. Bu yorulmaz insan, Azərbaycanın müstəqilliyini hər şeydən uca tutan vətənpərvər müharibə dövründə olduğu kimi, elə müharibədən sonrakı fəaliyyətində də bütün enerjisini, ağlını, bacarığını bolşevizmlə mübarizəyə həsr edir. Və təbii ki, radiodan səsləndirdiyi fikirlər, Azərbaycanı azad və müstəqil görmək arzusuyla bolşeviklərin əleyhinə gördüyü işlər, çıxardığı dərgilər, təşkil etdiyi tədbirlər SSRİ rəhbərliyini ciddi narahat edirdi. İndi söhbət açacağım Dövlət Təhlükəsizlik Nazirliyinin 1952-ci ildəki gizli əmri də buna sübut idi...

DTN barmağı

Fətəlibəy Düdənginskinin qətlə yetirilməsi sadəcə, sıradan bir olay olmadığından, bu olayın təfərrüatlarına varmazdan əvvəl Sovetlər Birliyinin müharibədən sonra Qərbdə bolşevizm əleyhinə təbliğat aparanlarla daha effektiv savaşmaq üçün hansı tədbirlərə əl atdığına nəzər salmaq gərəkdir.
Bu məsələdə təbii ki, peşəkar fikri bizi daha düzgün yola yönəldə bilər. Ona görə də, mərhum kəşfiyyatçı, yaxın dostum Əsildar Hüseynbəylinin bəndənizin arxivində olan materiallarından yararlanaraq həmin dövrün ümumi mənzərəsini verməyə çalışaq.
Əvvəlcə onu demək lazımdır ki, Böyük Vətən müharibəsinin başlanması ilə Xalq dövlət təhlükəsizliyi komissarlığı (XDTK) və hərbi kəşfiyyatın bütün işi xeyli dərəcədə yenidən qurulmuşdu. 1941-ci il iyunun 30-da SSRİ Dövlət müdafiə komitəsi yaradılmış, sonra "Alman qoşunları arxasında mübarizənin təşkili haqqında" qərar qəbul olunmuş, həmçinin 10 şöbədən ibarət Xalq dövlət təhlükəsizliyi komissarlığının Birinci baş idarəsi (XDTK BBİ) əsas kəşfiyyat bölməsinə çevrilmişdi. Bu orqanların bütün fəaliyyəti leqal və qeyri-leqal rezidenturalar, məxsusi yaradılan kəşfiyyat qrupları, eləcə də, rezidenturaların olmadığı ölkələrə göndərilən ayrıca kəşfiyyatçılar, yaxud agentlər vasitəsilə aparılırdı. Hərbi kəşfiyyat strukturunda nəzərəçarpacaq yeri alman-faşist qoşunları arxasında fəaliyyət göstərən xüsusi kəşfiyyat dəstələri tuturdu. Böyük səylər bahasına tezliklə kəşfiyyat aparatının iş qabiliyyətini bərpa etmək əsasən mümkün oldu.
1941-ci ilin oktyabrında Qızıl Ordunun Cənubi Azərbaycan ərazisini işğal etməsi və xarici kəşfiyyatın Azərbaycan bölməsinin əməkdaşlarının bütün iri şəhərlərdə təşkil olunmuş rezidenturalarda işə göndərilməsi SSRİ-nin cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək, Almaniya və müttəfiqlərinin xüsusi xidmətlərinin pozuculuq fəaliyyətinə yol verməmək məqsədi güdürdü. Təsadüfi deyil ki, Sovet qoşunları İrana girdikdən sonra Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən reyxin kəşfiyyat xidmətlərinin ümumilikdə 20 casusu üzə çıxarıldı. Həmçinin bir çox Azərbaycan kəşfiyyatçısı almanların arxasında, partizan dəstələrində fəaliyyət göstərir, almanlar tərəfindən yaradılan hərbi əsirlərdən ibarət Azərbaycan legionunda da xüsusi tapşırıqlar yerinə yetirirdilər. Legionun meydana gəldiyi ilk gündəncə hələ müharibəyə qədərki vaxtlardan bir sıra azərbaycanlı mühacir təşkilatlarında sovet kəşfiyyat orqanları agenturalarının mövcud olması, eləcə də legionun özünün sıralarına kəşfiyyatçıların yeridilməsi sayəsində Azərbaycan kəşfiyyat orqanları onların rəhbərlərinin planları və hərəkətləri haqqında müfəssəl informasiyaya malik olmaqla yanaşı, sıralarına nifaq da sala bilirdilər. Elə yalnız bunu demək kifayətdir ki, ümumilikdə, ikinci dünya müharibəsi illərində Azərbaycan çekistləri 200-dən artıq kəşfiyyatçı casus və 28 təxribatçı, ordu arxasında isə 37 casus üzə çıxarmışdı. Müharibədən sonra, 1947-ci ilin mayında DTK BBİ-nin, Silahlı qüvvələr nazirliyi BKİ-nin hərbi kəşfiyyatının, eləcə də MK-nın, XİN və Xarici ticarət nazirliyinin kəşfiyyat və informasiya strukturlarının daxil olduğu SSRİ Nazirlər Soveti yanında İnformasiya komitəsi (İK) yaradıldı. İK-nın ilk rəisi Vyaçeslav Molotov təyin olundu. Xaricdəki kəşfiyyat aparatlarına rəhbərlikdən ötrü səfir, yaxud diplomatik nümayəndələrin təyin olunduğu Baş rezidentlər təsisatı yaradıldı. Ancaq xüsusi xidmət rəhbərləri belə təşkilata narazılıqlarını bildirirdilər və artıq 1948-ci ilin sonunda hərbi kəşfiyyatı Baş qərargahın tərkibinə qaytarmaq mümkün oldu, 1951-ci ilin noyabrında isə İK-in kəşfiyyat funksiyası DTN-ə ötürüldü. Bütün yenidəntəşkillərə baxmayaraq, xarici kəşfiyyat müharibədən sonrakı dövrdə xeyli fəal hərəkət edirdi. Təkcə bunu demək kifayətdir ki, xaricilərin, ilk növbədə ABŞ alimlərinin nüvə silahı sahəsində işlərini üzə çıxaran ən məxfi sənədlər məhz onların köməyilə əldə olunmuşdu.
Stalinin ölümü təhlükəsizlik orqanlarına böyük yeniliklər gətirdi. Artıq 1954-cü ilin martında Sov.İKP.MK rəyasət heyətinin iclasında SSRİ Nazirlər soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) yaradılaraq, onun əsas vəzifələri müəyyənləşdirildi və mərkəzi aparatının yeni strukturu təsdiq edildi. Xarici kəşfiyyat DTK-ya Birinci baş idarə (BBİ) kimi daxil oldu. Müvafiq dəyişikliklər müttəfiq respublikalarda, həmçinin SSRİ-nin sərhədyanı vilayətlərində də edildi. Azərbaycan xarici kəşfiyyatı Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın Birinci şöbəsi adlandırılmağa başladı.
1954-ci il iyunun 20-də Sov.İKP MK "Xaricdə dövlət təhlükəsizliyi orqanlarının kəşfiyyat işinin gücləndirilməsi tədbirləri haqqında" qərar qəbul etdi. Bu qərarda "ABŞ, Böyük Britaniya və onların müttəfiqləri, birinci növbədə AFR, Fransa, Türkiyə, İran, Pakistan və Yaponiyaya qarşı hücum xarakterli kəşfiyyat işinin" gücləndirilməsi zərurəti göstərilirdi. Xarici kəşfiyyat əməliyyatları coğrafiyasının genişləndirilməsi xaricdə, eləcə də respublika və vilayətlərdəki kəşfiyyat bölmələrində işləyən əməkdaşların sayının artırılması lüzumunu yaratdı.
Beləcə, buna müvafiq olaraq respublikalardakı idarə və şöbələr də yeniləşdirildi. Yenidəntəşkil müttəfiq respublikalarda və ayrı-ayrı vilayətlərdə müvafiq bölmələri olan SSRİ DTN-nin Birinci baş idarəsinə (BBİ) çevrilən xarici kəşfiyyatdan da yan ötmədi. Əvvəllər də olduğu kimi, Azərbaycan DTK-nın birinci (kəşfiyyat) şöbəsi öz işini əsasən İran və Azərbaycan mühacir təşkilatları üzrə aparırdı.
Beləliklə, qayıdaq bizim mövzu üçün daha maraqlı ola biləcək 1952-ci ildə DTN tərəfindən verilən məxfi əmrə. Doğrudur, bu əmrdən sonra yuxarıda haqqında danışdığımız 1954-cü ilin iyun qərarı da olmuşdu, ancaq təbii ki, əsas işlər indi təqdim edəcəyimiz bu əmrin təlimatları əsasında gedirdi.

“Tam məxfi”

Dövlət Təhlükəsizliyi Nazirliyinin (1917-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsindən dərhal sonra yaradılmış Fövqəladə Komissiya (FK), sonradan Xalq daxili işlər komissarlığına (XDİK), ardından Birləşmiş Baş siyasi idarəyə (BBSİ), sonrasa 1946-cı ilin martında DTN (Dövvlət təhlükəsizliyi nazirliyinə, nəhayət, (Dövlət təhlükəsizliyi komitəsi DTK- adlandırılırdı - İ.Tumas) müttəfiq və muxtar respublikalarının nazirlərinə, vilayət və diyar DTN idarələrinin rəislərinə və hərbi dairələrin, qoşun birləşmələrinin, donanmaların və dəmiryolunda, su nəqliyyatında DTN-nin mühafizə şöbələrinin rəislərinə

Bununla "1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə SSRİ-nin əleyhinə fəaliyyət göstərmiş alman kəşfiyyat orqanları barəsində sorğu materiallarının məcmusu" göndərilir. Məcmunun materialından alman agenturasına məxsusluğu güman edilən şəxslərin faş və ifşa edilməsi məqsədiylə istifadə eləyin".

SSRİ Dövlət Təhlükəsizlik Naziri S.İQNATYEV
25 oktyabr 1952-ci il. Moskva şəh."

1952-ci ildə verilən bu gizli direktiv ötən yazıda haqqında söhbət açdığımız "ÇEPPELİN"in quruluşunun, əsas məqsəd və məramının açıqlanması ilə başlayır. Xatırladaq ki, Himmlerin xeyir-duasıyla işə başlayan adıçəkilən orqanda alman xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş Sovet vətəndaşlarının fəaliyyəti, antisovet təbliğatına cəlb edilmələri məsələsinə xüsusi önəm verilmişdi. Müharibədən xeyli ötəndən sonra DTN-nin yenidən bu mövzuya qayıtmasının əsas səbəbi isə müharibə dövründə almanlarla əməkdaşlıq etmiş Sovet vətəndaşlarının xeyli hissəsinin hələ də Avropanın müxtəlif ölkələrində bolşeviklərin əleyhinə təbliğat aparmalarında idi. Təbii ki, bu əks-təbliğat məsələsində önəmli yerlərdən birini də ABŞ-ın maliyyəsiylə fəaliyyət göstərən "Azadlıq" radiosu tuturdu. Fətəlibəy Düdənginski də bu sırada adi adamlardan deyildi. Ona görə də, onun qətl sifarişinin hansı əhəmiyyət daşıdığı haqda əlavə şərhə məncə, ehtiyac yoxdur. Yalnız onu xatırladaq ki, bu sifarişi yerinə yetirmək bakılı balası Mikayıl İsmayılovun - Fətəlibəyin yaxın dostunun çiyinlərinə düşmüşdü...

Qətl gecəsi

Həmin dövrün hərbi-siyasi durumunu şərh eləyəndən, qəhrəmanımızı qətlə sürükləyən səbəbləri sadalayandan sonra yenə qayıdaq 1954-cü ilin noyabrın 20-dən 21-nə keçən gecəyə.

Beləliklə, vətəninə qayıtmaq istəyən Mikayıl İsmayılov SSRİ DTN-nin casusu, "SMERŞ"in zabiti "Müller" ləqəbli Georgi Vladimiroviç tərəfindən Düdənginskini öldürmək sifarişi alır və yalnız bu halda onun yenidən Azərbaycana qayıda biləcəyini bildirilir. Əbdürrəhman bəyin dostlarının söylədiklərinə və o dövrün alman mətbuatının yazdığına inansaq, İsmayılov bir müddət bu sifarişi yerinə yetirməkdə nəinki tərəddüd edir, hətta özünün missiyası haqda Düdənginskiyə məlumat verir. Ancaq son dərəcə vətənpərvər bir insan olan və bolşevizmə sonsuz nifrət bəsləyən Abo əvvəlcə həmyerlisini fikrindən daşındırır və onunla birgə çalışmağa dəvət edir, görünəni budur ki, o da razılaşır. Çünki hərdən mübahisələri olsa da, Əbdürrəhman bəylə İsmayılov arasında həqiqətən, yaxşı münasibətlər varmış. Ancaq Mikayıl sonunda dostunu öldürdüyündən, görünür, ya həqiqətən, özünü çox bacarıqlı casus kimi apararaq Fətəlibəyin etimadını qazanıbmış, ya da İsmayılovu bu qətlə vadar eləyən səbəblər qarşı tərəfin onu bu yoldan çəkindirmək üçün gətirdiyi dəlillərdən güclüymüş. Beləcə, dostlar həmin gecə xeyli yeyib-içirlər və gec saatlarda xanım Böhmün evinə gəlirlər. Ancaq onların iki nəfər olduğundan heç 80 yaşlı ev sahibəsi də xəbər tutmur.
İsmayılov əvvəlcədən planlaşdırdığı kimi hələ kafedəykən usta Föstledən aldığı çəkiclə əvvəlcə daha çox içkili olan Fətəlibəyliyə başından iki-üç dəfə güclü zərbə endirir, sonra da pencəyini başına salıb boğur. Onun öldüyünə əmin olduqdan sonrasa, meyiti mətbəxdəki taxtın altına itələyir, özü də xanım Böhmün yanına çıxıb içki istəyir və deyir ki, o, mətbəxdə yatacaq. Ancaq təbii ki, daha qətlin törədildiyi yerə qayıtmır. Xanım Böhm də həmin gecənin səhəri taxtın altında meyit görür, polisə xəbər verir və hamı ölən adamın məhz Mikayıl İsmayılov olduğunu güman edir.
Fətəlibəyliyə "İsmayılov" adıyla yas tuturlar. Lakin həm sadaladığımız səbəblərdən (meyitin göstəricilərinin, əsasən də boyunun İsmayılovun göstəricilərinə uyğun gəlməməsi), həm də qətldən bir neçə gün sonra "Azadlıq" radiosu Azərbaycan bölməsinin redaktoru Əbdürrəhmanbəy Düdənginskinin yoxa çıxması xəbəri yayılanda hamı ölən adamın məhz Abo olduğu qənaətinə gəlir. Fətəlibəylinin cənazəsi dekabrın 5-də Nyu-Uimdəki qəbristanlığa - 1951-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfullabəy Fətəlibəylinin uyuduğu yerə gətirilir. Alman mətbuatının yazdığına görə, qəzəblənmiş azərbaycanlıları coşdurmamaq üçün polis dəfn yerindən xeyli arxada dayanıbmış. Ancaq həmyerlilərinin tabutu açmaq və meyitin həqiqətən Fətəlibəyliylə məxsus olduğunu dəqiqləşdirmək istəmələrinə rəsmi qaydaya zidd olduğu üçün icazə verilmir. Sadəcə, iki qərib qardaşın məzarlarının yanaşı olması üçün Seyfullabəyin məzarının yeri dəyişdirilir...
Düdənginskinin öldürülməsi bütün azərbaycanlı emiqrantların təəssüfünə səbəb olur. Nəsiman Yaqublunun "Azərbaycan legionerləri kitabından oxuyuruq: "Onun ölümüylə bağlı dostu Əziz Alpaut yazırdı: "Daha gün kimi sevgi ilə dolu gözləri, gülər üzü gözümün önündə. Münhen təyyarə meydanında qarşılayırdı məni. Əbdürrəhman bəyin başlıca qayəsi, bütün düşüncəsi canından çox sevdiyi yurdu Azərbaycanın qurtuluşu idi".
Fətəlibəylinin ölümüylə bağlı İstanbulda Azərbaycan Kültürünü Tanıtma Dərnəyində və Ankaradakı Azərbaycan Kültür Dərnəyində matəm toplantısı keçirilir. Məhəmməd Əmin Rəsulzadənin sonuncu toplantıda yapdığı və "Azərbaycan" jurnalının 1954-cü il 9(33) sayında dərc edilmiş nitqi bir daha Əbdürrəhmanbəy Düdənginskinin Azərbaycanın xoşbəxtliyi və qurtuluşu üçün hansı işlər gördüyünü, millətini, vətənini hansı məhəbbətlə sevdiyini göstərir: "Mərhum üzərinə aldığı vəzifəyə başlarkən Rabitə Heyətinin yanında bir propaqanda təşkilatı da vücuda gətirmiş, bu məqsədlə 6 Qasım (noyabr) 1943-cü ildə Berlində bir Qurultay çağırmışdı. Qurultayın Fətəlibəylinin raporu üzərinə qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdır. Bu vəsiqənin 5 maddədən ibarət olan ana xətlərini 21 Kasım (noyabr) 1943 tarixli, 47 nömrəli "Azərbaycan" qəzetəsindən eynən nəql ediyorum:
"1943-cü il noyabrın (Qasım) 6-da Berlin şəhərində toplanmış cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric Azərbaycan siyasi mübarizlərinin nümayəndələrindən mürəkkəb Milli Azərbaycan Qurultayı, Mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda olan çıxışları dinlədikdən sonra qeyd edir ki:
1. 1918-ci il 28 Mayıs, 1920-ci il 27 aprelə (Nisan) qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü, şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir.
2. Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı (yürütdüyü) şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası (ihyası) uğrunda olmuşdur.
3. Qurultay, bu ağır şərait daxilində aparılan mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edər.
4. Dünyanı sarsıdan bu ikinci cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan (yürüdən) və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdır.
5. Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz, Türküstan, İdil-Ural və Krım xalqlarıyla eyni qayə və ideal birliyi müşahidə edir və onlara işbirliyini zəruri sayır...".
Görüyorsunuz ki, bu maddələr milli hərəkatın ötədən bəri savunduğu ideyaları ehtiva etməkdədir.
Mərhum hərarətli bir vətənsevər və atılqan bir mücahiddi. Hadisələrin sevgiylə, bildiyimiz fəaliyyət sahəsinə hənuz (indi, hələ) atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən açığa vurduğu hissiyyat onun səmimi bir vətənsevər olduğunu göstərir.
Bükreştəyəm (Buxarest). Almanlar hər gün bir az daha çəkiliyor, kəndiləriylə bərabər bizlərdən də bir çox qaçqınlar Bükreşə gəliyorlar. Bunlardan biri, şimdi adını xatırlayamadığım Bakılı bir yurddaş, Don həvalisində (ətrafında), almanlar tərəfindən, kiçik bir qəsəbənin Bələdiyyə Başqanlığına təyin edilmiş imiş. Bir gün Dudənginski (Fətəlibəyli), qızıl ordudan təslim olan bir kaç Azərbaycan ərini kəndisinə gətirmiş, bunlara iyi bakılmasını tavsiyədə bulunmuş. Bələdiyyə Başqanı onunla rusca konuşmaq istəyincə o, yahu, ikimiz də azərbaycanlıyız, öz öz dilimizi qonuşalım, demiş və sonra, ruslardan qurtulduğumuz kimi, almanlardan da azadə özümüzü özümüz idarə etməliyiz, demişdir.
Hərb bitdikdən sonra dürlü macəralardan keçən Fətəlibəyli, nəhayət amerikalılar tərəfindən finansə olunan, Münihdə təsis edilmiş "Qurtuluş" radiosu Azərbaycan Şöbəsinin şefi idi. Bolşevizmə qarşı mücadilə edən Amerikan Komitəsi, mərhumun şəhadəti münasibətiylə yayınladığı təbliğdə, onun müqtədir bir radio propaqandaçısı olduğunu belirtməkdədir.
Bolşeviklər kəndilərinə xas sinsi (xain) bir metodla müxaliflərini, tədhişə varıncaya qədər, hər dürlü vasitələrlə bərtəraf (aradan götürmək) və imha (məhv etmə) etməyə çalışırlar. Onların vəhşi təcavüzlərinə qurban gedənlərin sayısı sayılmaqla bitməz. Fəqət bihudə! Milli hərəkat bu kimi tədbirlərlə susdurulamaz. İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər dürlü təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, kəndilərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə ərmədikcə müqəddəs savaşdan əsla vaz keçmiyəcəklərdir.
Qurtuluşu mühəqqəq (həyata keçiriləcək) bulunan hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız mərhum da bulunacaqdır...".

...Əslində, Düdəngədən Münhenə uzanan bu ömür yolu haqda əhvalatı burada da bitirmək olardı. Ancaq bu olaylarda çoxlarının bilmədiyi daha xeyli məqamlar var. Ona görə də, həm qatil Mikayıl İsmayılovun sonrakı taleyi, həm də şəhid Abo Düdənginskinin ölümündən sonra baş verən hadisələrə nəzərə salaq.

İki fərqli tale

Qatil Mikayıl İsmayılovun Münhendən sonrakı həyatı barədə müxtəlif mənbələrdən əldə elədiyimiz faktlara keçməzdən əvvəl ölümündən sonra Əbdürrəhman bəy Düdənginskinin ailəsinin hansı əzablarla üzləşdiyini bilmək üçün yenə Nəsiman Yaqubun "Azərbaycan legionerləri" kitabına müraciət edək: "Ə.Fətəlibəylinin ölümündən sonra onun ailəsinin də maddi vəziyyəti çox ağırlaşdı. Bununla əlaqədar "Azadlıq" radiosu Azərbaycan redaksiyasının baş redaktoru İsmayıl Əkbərin (Ə.Fətəlibəylinin ölümündən sonra onun yerinə İ.Əkbər gətirilmişdi) Avropadakı Amerikan Komitəsinin vitse-prezidenti Robert Kellə məktubunda yazılmışdı: "Çox hörmətli cənab Kell! İcazə verin, aşağıdakıları diqqətinizə çatdırım: "Azadlıq" radiostansiyası Azərbaycan redaksiyasının mərhum baş redaktoru Abo Fətəlibəyli, məlum olduğu kimi ailəli idi və onun həyat yoldaşı oğlu ilə birgə Ankarada yaşayırdı. Hazırda da orda yaşamaqdadırlar. Ə.Fətəlibəylinin ölümündən sonra, Sizə məlum olduğu kimi, biz Amerikan Komitəsindən xahiş etdik ki, mərhumun ailəsinə maddi kömək etsin. Və biz ümid edirdik ki, Komitə bu işdə yardımçı olacaqdır. Lakin Komitə ilə uzunmüddətli yazışmalardan sonra Nyu-Yorkdan belə xəbər gəldi ki, guya Fətəlibəylinin həyat yoldaşı yenidən ailə həyatı qurmuş və öz oğlu ilə heç nəyə ehtiyacı olmadan rahat və təminatlı yaşayır. Biz əlbəttə ki, Amerikan Komitəsinin bu məlumatına inanıb sakitləşdik. Lakin alınan məlumat həqiqətə uyğun gəlmir. Belə ki, mən Türkiyədə ezamiyyətdə olarkən Fətəlibəylinin ailəsinə baş çəkdim və onların yoxsulluq içərisində, yarızirzəmi şəraitində yaşadığını gördüm. Ə.Fətəlibəylinin həyat yoldaşı işləyir və ayda 200 türk lirəsi alır ki, bu da ailənin dolanışığına kifayət etmir. Mərhumun 17 yaşlı oğlu Əlibəy ötən il gimnaziyanı bitirib və maddi imkanı olmadığından təhsilini davam etdirə bilməyib. Belə vəziyyət əlbəttə ki, bizim hamımızı çox narahat edir və həyəcanlandırır. Odur ki, mərhum Ə.Fətəlibəylinin ailəsinin acınacaqlı vəziyyətini diqqətinizə çatdırıb, xahiş edirəm ki, cənab Kell, Komitə heç olmasa, mərhum Ə.Fətəlibəylinin oğlunun təhsili üçün onun ailəsinə müəyyən maddi kömək ayırsın. Xahiş edirəm ki, mənim Sizə dərin hörmətimin olduğunu qəbul edəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm. İsmayıl Əkbər".
Müəllif bu məktuba Türkiyədən alınmış bir arayışı əlavə edir. Arayışda Əbdürrəhman bəyin ölümündən sonra Leyla xanımın onun həyat yoldaşı kimi qeydiyyata alınması göstərilirdi).
N.Yaqubun yazdığına görə, ehtimal ki, bu məktubdan sonra Türkiyədə yaşayan Leyla xanım oğlu Əli bəylə birgə Amerikaya gedib. Yaxın qohumları onları axtarsalar da, bu günə qədər harada yaşadıqlarını öyrənə bilməyiblər.
Onu da qeyd edək ki, Ə.Fətəlibəyli "vətən xaini" elan edildikdən sonra onun ailəsi və yaxın qohumları həbs edilərək sürgünə göndəriliblər.

Düdənginskini qətlə yetirən Mikayıl İsmayılovun da taleyi bəd sonluqla başa çatıb. Sifarişi yerinə yetirdikdən sonra Mikayıla həqiqətən də, söz verildiyi kimi vətənə qayıtmaq və doğmalarıyla görüşmək imkanı yaradılır. O, əvvəlcə İtaliyaya qayıdır, oradan italyan arvadını da götürüb Sovet kəşfiyyatının köməkliyi ilə SSRİ-yə gəlir. O, Bakıda evlə təmin olunur, arvadı da, özü də işə düzəlir. Ancaq aradan bir müddət keçdikdən sonra İsmayılov Abşerondakı bağ evində asılmış vəziyyətdə tapılır.

Onun ölümüylə bağlı bu gün də müxtəlif versiyalar var. Bunlardan ikisi isə daha ağlabatandır: İsmayılovu ya Düdənginskinin buradakı qohumları qisas məqsədilə öldürüblər, ya da o, DTK tərəfindən aradan götürülüb. Bununla belə, təbii ki, üçüncü fərziyyəni - yəni, Mikayılın sadəcə, həyəcanlı keçmişindən sonra keçirdiyi stresslərdən yaxa qurtarmaq məqsədilə intiharını da istisna etmək olmaz. Maraqlıdır ki, qatilin də yaxınları qurbanının ailəsi kimi didərgin düşüblər. Bu haqda keçmiş kəşfiyyatçı, rəhmətlik Əsildar Hüseynbəylinin memuarında maraqlı bir epizodu xatırlayıram. Əsildar müəllim 70-ci illərin ortalarında uzunmüddətli xarici ezamiyyətdən sonra Azərbaycan DTK-sında Türkiyə və emiqrantlar bölməsinə rəhbərlik etdiyi dövrlərdə daimi yaşayış üçün İtaliyaya köçən bir gənc azərbaycanlı qadının sənədləri ilə tanış olur. Uzun müddət emiqrant məsələriylə məşğul olan Əsildar müəllimi bu qadının atasının azərbaycanlı, anasının isə italyan olması və müharibədən sonrakı illərdə Azərbaycana gəlmələri faktı xeyli maraqlandırır, xüsusi arxivə bu barədə sorğu göndərir. Ancaq sorğudan bir neçə gün sonra rəisi onu yanına çağırıb bu məsələdə bir elə dərinə getməməyi məsləhət görür. Əsildar müəllim təbii ki, qadına İtaliyaya köçməyə yardım edir. Və yalnız bundan sonra rəis Hüseynbəyliyə bildirir ki, həmin gənc qadın Mərkəzin tapşırığıyla Azərbaycan legionunun komandiri Fətəlibəylinin fiziki məhvini yerinə yetirmiş Sovet hərbi kəşfiyyatının casusunun qızıdır. Rəisin sözlərinə inansaq, belə məlum olur ki, İsmayılov əvvəlcə Fətəlibəylinin etimadını qazanıb, hətta onun mühafizəçisi də olub. Ancaq sonradan "dostunu" öldürüb və onun paltarını geyinərək aradan çıxıb...

Xain, yoxsa vətənpərvərlər?

Bu gün Əbdürrəhman bəy Düdənginski də daxil olmaqla, müharibə illərində almanlar tərəfdən SSRİ-yə qarşı vuruşan legionerlərin fəaliyyətinə qiymət birmənalı deyil. Bu baxımdan, mən də hansısa nəticələr çıxarmaq, yaxud kimin düzgün, kimin yanlış yolda olduğunu deməkdən uzağam. Ancaq fikrimcə, təkcə Azərbaycan legionu deyil, ümumiyyətlə, istənilən ölkədən olanların yaratdıqları legionçuluğa qiymət həmin dövrün şərtləri, bu legiona üzv olanların özlərinin yaşantıları, həyatları və siyasi şərait nəzərə alınaraq verilməlidir. Məsələn, Əbdürrəhman bəyin atası çar ordusunun zabiti olmuşdu və məhz orduda zəhərlənib öldürülmüşdü. Abonun özü də doğma yurdunda babasına, atasına görə, yeniyetmə çağlarından təzyiqlərə məruz qalmışdı. Bu baxımdan, bütün Sovetlər Birliyi Stalin diktaturasından əziyyət çəkdiyi bir dövrdə Hitler Almaniyasının "dünyaya sülh və dinclik verəcəyik" şüarıyla apardığı bir müharibə Fətəlibəyli kimi bacarıqlı, vətənpərvər insanları nəyə görə Azərbaycanın nəhayət, bu zülmdən qurtularaq müstəqil olacağı ilğımına doğru aparmamalıydı?..
Bir də Corc Vaşinqtonla Cefferson nəinki öz ağalarına, hətta dədə-babalarının goru olan Böyük Britaniyaya müharibə elan etdilər və sonunda ingilis kaloniyalarının müstəqil dövlətə çevrilməsinə nail oldular. Ancaq heç kimin ağlına onları "vətən xaini" adlandırmaq keçmir. Budur, "xainliyin" qəhrəmanlığa çevrilməsinin sirri və məqamı...

Ilham Tumas
ilham_tumas@mail.ru
# 1936

Oxşar yazılar