Kərpickəsən Anabacının qan donduran dastanı - REPORTAJ
“Çox dərdli arvaddı e, danışmayacaq. Heç kimə istəmir dərdin desin. Adamın da ürəyi ağrıyır ona. Yayda, başına gün döyə-döyə… Bir uşağı xəstə. Qızı, nəvəsi də yanında. Özü də işləyən təkcə bu yazıq arvaddır, bu evdə…”
Biz onu axtaranda bunu onun qonşusu dedi...
***
Mübaliğəsiz deyirəm, normal adam təpiklə vursa, uçasıdır bu ev. Əslində ev deməyə də adamın dili gəlmir. Xudat şəhərinin “aşağı məhəllə” deyilən yerində sanki palçıqdan kvadrat şəklində bir evcik yoğurublar, vəssalam. Həyətə girəndə dostumuz Cəmilin dedikləri indi də yadımdadır.
- Burda adam yaşayar?
Yaşayırmış. Özü də nə az, nə çox, düz 6 nəfər. Mən çalışacam adına ev dediyimiz bu palçıqlı komanı sizə təsvir edim. Çalışacam. Amma hələ yox.
Hələ ki bu evin sahibəsi Anabacı xalanı axtarırıq. Deyirlər, qonşuya toya gedib.
- Gec gələr?
- Təndir yapmağa gedib. Gələr indi.
Toya da təndir yapmağa gedibmiş, 2 manat qazanmaq üçün. Həm də evinə yavanlıq üçün 2 çörək gətirməyə...
***
Çağırırlar. Gəlir. Axsaya-axsaya. Gəlib çatanda qapısında - bu həyətin əslində heç qapısı da yoxdur - yad adamları görcək bir az hürkür də. Qəribə baxışlarla hamını süzür. Cəmil tanışlıq verir, oğlu Cavadı tanıdığını deyir. Cavad ruhi xəstədir. Əslində onu buralarda tanımayan da yoxdur.
Bütün günü Xudatın küçələrində gəzir, daha doğrusu, oynayır. Hə, qol götürüb oynayır. Bu uşağın xətrini qəsəbədə hamı istəyir. Əlindən gələni köməyi edir. Siqaret verən kim, yemək verən kim, yolu keçirən kim. Cavadın adını çəkməsi yumşaldır bir qədər gərginliyi. Dəmir çarpayını göstərib əyləşməyimizi istəyir. Qızına deyir ki, evdən döşəkcə gətirsin.
- Siz allah, bağışlayın, ikicə döşəyimiz var.
Sən demə, evdə olan-qalan döşəklərin də yununu çıxarıb, bir qədər əvvəl bazarda satıbmış.
Mən əyləşirəm, özü isə daşın üstündə oturmaq istəyir ki, Cəmil otursun. Əllərinin, ayaqlarının üstü göm-göydür. Elə bil qan işləmir. Gözlərini üzümüzə zilləyir...
***
Söhbətə yenə Cəmil körpü salır. Əvvəl Cavadı soruşur.
- Nə bilim hardadı, ay bala. Səhər evdən çıxır, bir də axşam gəlir. Havalıdı da tanıyırsan axı özün.
Müalicəsini xəbər alırıq. O isə nəhayət, kimliyimizi soruşur. Deyəsən, qorxulu adam deyilik onun üçün.
- Pul yoxdu, qurban olum sizə, pul yoxdu. Mən 105 manat pensiya alıram. Bu boyda ailə də mənim üstümdə. Sağlam uşaq olub e, Cavad. Əsgərlikdə bərk xəstələndi. Həm də qorxmuşdu deyəsən. Ondan sonra başı gedib. Əsgərlikdən də tez buraxdılar, xəstələndiyi üçün. Nə illah eləyirəm, ona pensiya düzəldə bilmirəm. Pasportu yoxdu axı! Gəlin evə keçin, yağış yağacaq indi…
***
Palçıq kərpicdən tikilmiş balaca komadır. Altı nəfərlik ailə, Cavadovlar ailəsi təxminən 20 kvadratmetrlik, adına ev deyilən bu komada yaşayır. Anabacı xala evin böyüyüdür - sözün bütün mənalarında. Evdəkilərin bütün dolanışığı onun çiynindədir, daha doğrusu, əllərində…və ayaqlarında. Kərpic kəsir bu qadın, əlləri ilə, ayaqları ilə, saman, çör-çöp ayağına bata-bata.
Qızı çay gətirir, ana başını aşağı salır. Sən demə, evdə qənd yoxdur. Cəmil dükana qaçmaq istəyir, başa düşür, qoymur. Deyir, şirnini çox yeyilməsin deyə taxçada qıfılı olan bir qutuya qoyur.
- Yəqin Cavad bağlayıb, açarı da aparır.
İnanmağımızı istəyir, sanki. İnanırıq, təbii.
***
Ətrafda kəsilmiş kərpiclər üst-üstə qalanıb. Hə, məhz bu kərpiclər, şəkildə gördüyünüz bu düzbücaqlı palçıq-saman kərpiclər bu ailəni qışdan çıxarmalıdır. Əgər alan olsa...
- Dolanmaq üçün ilk ağlıma gələn bu oldu, ay bala. İri bir çala qazdım. Təxminən yeddi-səkkiz metr eni-uzunu olan bir çalanı tək qazdım. Uşaq vaxtı babam kərpic kəsərdi, biz də gəlib palçıqdan oyuncaq-zad düzəldərdik. Nə biləydim vaxt olacaq… Demək istəyirəm ki, bilirdim bu işi. Sonra getdim bazardan qəlib aldım. Nisyə aldım. Heç saman almağa da pulum yox idi. Samanı da nisyə götürdüm. Beləcə, başladım. Ayaqyalın da tapdalamaq olar, çəkməylə də. Əvvəl çəkməm yox idi, sonra onu da aldım. Hamısını özüm edirəm. Özüm tapdalayıram, özüm qəlibə tökürəm, qurumağına baxıram. Bunlar da ki-uşaqlarını deyir-hazır olan da daşıyırlar. Ağırdı, özüm qaldıra bilmirəm.
Hərdən elə olur ki, ayağımı hiss etmirəm. Ayaqlarım sözümə baxmır, yıxılıram. Bir dəfə lap huşumu itirdim, bu istilərdə. Üz-gözüm palçıq oldu. Elə bildim kor olmuşam, daha görməyəcəm. Üzümü yudular, özümə gəldim bir az. Mənə bir şey olsa bu tifilləri kim dolandırar. Bunlara yazığım gəlir. Ayaqlarımı görürsən? Gömgöydür. Allaha yalvarıram harama nə edirsən et, ayaqlarıma dəymə, sənə qurban olum, ayaqlarıma. O da deyəsən sözümə baxmır. Çör-çöp deşir, qələmçə batır, məftil girir, deyirəm cəhənnəmə olsun, bir az da kəsim, dincələrəm. Gecələr də sızıltısından yata bilmirəm.
Borclarım var, ay bala. Əsas onları fikirləşirəm. Bir də bu uşağa - Cavadı deyir - təqaüd düzəltmək istəyirəm. “Voenkomat”dan gəldilər ki, Cavadın hərbi biletini gətirmişik. Nə fikirləşdilərsə, vermədilər. Bu uşağın sənədləri düzəlsəydi, pensiya alardım heç olmasa ona. Dəlidi də, ay bala, dəliyə pensiya düşür axı...
***
Ayağa qalxır, axsaya-axsaya kərpic topasına tərəf gedir. Deyir ki, həyətdə yaydan kəsib yığdığı 5500 ədəd kərpic var. Amma sata bilmir.
- Gəlirlər, amma insafsızlıq edirlər. Deyirlər, 5 qəpiyə ver, alaq. Deyirəm ay bala, 5 qəpiyə bunu necə satım?! Təkcə samanın bağına 1 manat verirəm. Çalaya su gəlir, deyirlər pul verməlisən. Biri gəlir, deyir ki, kərpic kəsirsən, pul verməlisən. Axı, nəylə verim bu pulu? Pulum olsa, onun-bunun qapısında niyə işləyirəm ki?
Axı, bunu heç olmasa 20 qəpiyə də olsa alan yoxdur. Mən də gözümü bu kərpiclərə dikmişəm. Bax, and olsun Allahımıza, bu uşağın - nəvəsini göstərir - məktəb paltarını nisyə almışam. Dedim qız uşağıdır, məktəbə getsin, paltarları da cırıq-cırıq idi. İndi dükançı da pulunu istəyir. Un satan da. Qənd satan da. Deyə bilmirəm axı, kərpic satılmayıb hələ. Maşallah, hamısı yeyəndir. Vallah, quru çörəklə dolanırıq. Toya özüm getdim ki, həm bir-iki manat zəhmət haqqı versinlər, həm də iki dənə çörək. Bu axşam yeməyimiz olmasa da, çörəyimiz olacaq...
***
Onların vəziyyəti barədə bilməyən yoxdur. Yerli bələdiyyə sədri də, icra nümayəndəsi də, hamı xəbərdardır.
- Amma elə bil yox kimiyik. Qazımızı kəsmişdilər neçə vaxtdır. Deyirlər ki, pul verin, qaz verək. Deyirəm, pulum yoxdu, axı. Vermirlər. Yenə qonşudan 20 manat borc alıb vermişəm ki, qazı açsınlar. Kərpicləri satanda qaytaracam. Kərpiclər satılmasa, heç nə. İndi Allaha yalvarıram ki, bir adam çıxaydı, heç olmasa bunlara 8 qəpikdən də olsa, pul verəydi.
Anabacı xala deyir ki, kərpic kəsməklə ilin vur-tut üçcə ayı məşğul ola bilir. Çünki azca yağış yağdısa, kərpic məhv olub gedir. Əziyyəti də özünə qalır. İlin doqquz ayı isə onun-bunun qapısındadır. Kim hansı işi deyir, görür.
- Bir dəfə palaz yuyurdum bir nəfər üçün. Bir də gördüm nəvəm gəldi ki, nənə, məni də apar kömək edim. Elə bil ürəyimə bıçaq sapladılar. Oturub hönkür-hönkür ağladım. Bu uşağın işləyən vaxtıdır ki? Deyirəm, yox ay bala, sən get dərslərini oxu. Oxuya da bilmir düz-əməlli. Evlə tək qorxur.
***
Hə, bu evdə tək uşaq qoymaq doğrudan da qorxuludur. Çünki evin, daha doğrusu, döşəməsi belə olmayan bu komanın altından hansı həşərat desən, çıxar.
- Siçan-siçovul öldürməkdən yorulmuşuq. Arada yatağımıza girirlər. Eləsi var ki, dovşan boydadır. İri də gözləri var, parıldayır. Bir dəfə uşaq görüb, iki saat qorxudan tir-tir əsib. Qəribə ilanlar peyda olur yerin altından. Yeşik taxtaları gətirib yığmışdım, onlar da çürüyüb getdi. Bir azdan özümüz çürüyüb gedəcəyik…
***
Cavad qapıda görünür. Anabacı xala nə qədər içəri çağırsa da, bizi həkim bilib qorxusundan içəri girmir. Uzaqdan əli ilə işarə edir ki, ona çörək versinlər. Bacısı yaxınlaşıb ona nəsə deyir. Qışqırır. Yenidən çörək tələb edir. Nəhayət, bacısı onu yola gətirə bilir.
- Axşam gələcək, yenə çörək istəyəcək. Mən durum gedim.
- Bəs, birdən bu kərpic satılmadı?
Heç nə demir. Amma dodaqaltı nəsə deyinir. Dua edir, nəhs gətirdiyimizə görə, arxamızca danışır, ayırd edə bilmirik. Sadəcə, “Allah kərimdir” deyir. Və bir də…
- Kasıb olanda nə olar, çayımızı için heç olmasa...
***
Qızı çay gətirir. Nəvəsi isə harasa yox olur…və beş dəqiqə keçməmiş hardansa kağıza bükülü nəsə tapıb gətirir.
Qənddir.
Mən qəndlə çay içmirəm, tanıyanlar bilir. Bir qənd götürüb çaydan iki qurtum içirəm.
- Düzü, sizi görəndə sevindim, elə bildim kərpic almaq istəyən var. (Gülür)
Bayaqdan ilk dəfə idi ki, qımışırdı Anabacı xala…
Qızı da, nəvəsi də...
Səbuhi MƏMMƏDLİ

5261