Xəlil Akıncı: “İş görmək vaxtıdır” - MÜSAHİBƏ
23 noyabr 2013 18:05 (UTC +04:00)

Xəlil Akıncı: “İş görmək vaxtıdır” - MÜSAHİBƏ

 

 

 

 

 

 

 

 

“Artıq bizim aramızda fikir mübadilələri dönəmi bitib, indi iş görmək vaxtıdır”


 

Türkdilli Ölkələr Şurasının baş katibi, səfir Xəlil Akıncının APA-ya müsahibəsi

 

- Fəaliyyətə başlamağınızın üzərindən 38 ay keçdi. Qurucu baş katib kimi 38 aylıq fəaliyyətinizin xülasəsini verməyinizi xahiş edirik.

 

- Bu 38 ayda nə yapdıq? Şuranın qurulması ilə bağlı türk ölkələri dövlət başçılarının qərar qəbul etməsindən 5 gün sonra (21 sentyabr 2010)“Conrad” otelinin axırıncı mərtəbəsində sizə müsahibə verərkən sadəcə, Əmrə ilə (müavini Əmrə Yurdakul – M.Ə.) mən vardım. Hətta o vaxt zarafat edirdik ki, iki nal, bir at lazımdır. Bu müddətdə təşkilatlanma işimizi tamamladıq.

 

- İlk müsahibənizdə də təşkilatlanmanın sürətlə tamamlanması üçün çalışacağınızı demişdiniz.

 

- Elə də oldu. Əvvəlcə Şuraya üzv ölkələrin iqtisadiyyat nazirlərini topladıq. Daha sonra dedik ki, bu işin kərpicləri təhsildir, ölkələrin təhsil nazirlərini bir araya gətirdik. Bu, ortaq mədəniyyət üzərində qurulmuş bir təşkilatdır. Gerçəkdən türk olmayanların girə bilməyəcəyi bir təşkilatdır, ona görə də mədəniyyət məsələlərinin üzərində durduq. Təhsil və mədəniyyətə dair Bişkekdə keçirdiyimiz zirvə toplantısında Azərbaycanın təklifi ilə Türk Mədəniyyət İrsini Dəstəkləmə Fondunun yaradılması qərarlaşdırıldı. Bu günlərdə Türk Akademiyasının sazişi təsdiqlənəcək, Azərbaycan və Türkiyə sazişi təsdiqləyib, müzakirələrdən sonra Qazaxıstan da təsdiq etdi. Nəqliyyat sahəsində problemlər olduğunu gördük. İlk müsahibəmdə də demişdim ki, bizim əsas məqsədimiz əngəllərin aradan qaldırılması və əməkdaşlığın keyfiyyətcə yeni mərhələdə davam etdirilməsidir. İqtisadiyyat sahəsindəki əməkdaşlığa dair qərarlar həyata keçirilir. Keçən ilin avqustunda Qəbələdə keçirdiyimiz zirvə toplantısının əsas mövzusu nəqliyyat idi, indi o sahədəki əngəlləri aradan qaldırmaqla məşğuluq. Biz bunu gördük: əgər bir ölkədən çıxan yük maşını Orta Asiyaya doğru saatda 17.5 km. məsafə qət edirsə, bunun səbəbi yolların pis olması deyil, maşınların gömrük məntəqələrində gözləməsidir. İndi biz üzv ölkələrin hər hansı birindən çıxan yük maşınlarının gömrük məntəqələrində gözləmədən mənzil başına çatmasına nail olmağa çalışırıq. Bizim bütün fəaliyyətimiz işlərin sürətlə  həyata keçirilməsi üzərində qurulub. bugünkü toplantımızda gündəlikdə olan məsələlər üzərində müzakirə aparmadıq, “bu işlər görüləcək” -  dedik. Artıq bizim aramızda fikir mübadilələri dönəmi bitib. İstanbulda universitetlərarası şuranın toplantısını keçirəndə bir rektor dedi ki, çox həyəcanlıyam. Mən isə dedim ki, aman, sakit ol, həyəcan dövrü bitib, yerimizdən durub iş görməyimiz lazımdır. Növbəti zirvə toplantımızın mövzusu turizm olacaq. Dekabrda turizm məmurlarının iclası olacaq, gələn ilin aprelində turizm nazirlərini toplayacağıq, iyunda isə zirvə toplantımızı keçirəcəyik. Bütün sahələrdəki inteqrasiyanı tamamlamağa çalışırıq. Bundan sonrakı dönəmdə harada inteqrasiyaya ehtiyac olsa, diqqəti oraya yönəldəcəyik. Qəbul etdiyimiz qərara görə, ölkələr bir-birlərinin təcrübələrindən faydalanacaq. Məsələn, neft sahəsində Azərbaycan ən irəlidə olan ölkədir. Hələ sovet vaxtında neft sənayesi üzrə təhsil Bakıda inkişaf etdirilib, ona görə də dünyanın bir çox yerində Bakıda ali təhsil almış neftçilər görmək mümkündür. Turizm sahəsində Türkiyənin təcrübəsi çoxdur. İqtisadiyyat sahəsində bizim ən çox üzərində durduğumuz məsələ ölkələrin iqtisadiyyatlarının şaxələndirilməsidir. Xüsusilə, Azərbaycan və Qazaxıstanın iqtisadiyyatları böyük ölçüdə neft satışı üzərində qurulub, halbuki bu ölkələr neft olmadan da  güclü iqtisadi potensiala malikdirlər. Biz iqtisadiyyatın şaxələndirilməsi yoluyla yeni iş yerləri yaradılmasına da çox önəm veririk. 20 ildən bəri bu işləri yaxından izləyirəm, qardaş ölkələrdəki iqtisadi inkişafı çox təqdir edirəm. İqtisadi cəhətdən Qırğızıstan çox da inkişaf etməyib, ona görə də orada turizmə və təbii ehtiyatlara diqqət yetirəcəyik.

 

- Bizə ilk müsahibənizdə Özbəkistanın da quruma qoşulacağına inandığınızı demişdiniz.Bununla bağlı addım atıldımı?

 

- Biz Özbəkistanın da, Türkmənistanın da bu təşkilatda tam hüquqlu üzv kimi aktiv şəkildə iştirakını istəyirik. Türkmənistan bəzi toplantılarımıza  iştirakçı göndərir. Qəbələdki zirvə toplantımıza Türkmənistan baş nazir müavininin qatılması bizim üçün önəmliydi. Biz hər iki ölkənin ağsaqqallarına da toplantılarımıza gəlmələri üçün müraciət etmişik. Bizim işimiz sazişlər imzalamaqla bitmir. Məsələn, Qazaxıstanda Elmlər Akademiyası yaratmaqla bağlı saziş imzalamışıq, növbədə bu işin maliyyə tərəfiylə bağlı sazişin imzalanması var. Akademiyanın Qazaxıstandakı statusu, ştatlarının müəyyənləşdirilməsi ilə bağlı sənədlər hazırlayacağıq. Parlamentlərin tənbəlliyi işimizi yubadır, qanunlar uzun müddət qəbul edilmir. Bütün bunları tamamladıqndan sonra Şura struktural şəkildə öz işlərini rahatlıqla həyata keçirəcək. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının hüquqi infrastrukturu 12 ildə tamamlandı, biz isə mümkün olduğu qədər sürətlə gedirik, məndən sonra gələcək baş katib bu işləri davam etdirəcək.

 

- İqtisadiyyatın şaxələndirilməsindən bəhs etdiniz. Bununla bağlı üzv ölkələrə məsləhətləriniz olurmu?

 

- Olur. İqtisadiyyat nazirliklərinə bağlı alt komitələr var, bu işlərlə məşğuldur. Bu işi həll etmək çətin deyil. Məsələn, Qazaxıstanın taxıl əkmə potensialı çox böyükdür. Azərbaycan son illərdə pambıq işinə diqqəti azaldıb. Niyə Azərbaycanda toxuculuq sənayesi olmasın? Qəbələdə çox böyük turizm investisiyası var, Azərbaycan turizmi də çox inkişaf etdirə bilər, neft-kimya sənayesində çox irəliləyə bilər. Azərbaycan öz infrastrukturunu da çox inkişaf etdirdi. İndi hamı türklərin arasındakı əməkdaşlıq və inteqrasiyanın mümkünlüyünə inanmağa başlayır. İndiyə qədər Qarabağ probleminin ədalətli şəkildə həlli üçün Türkiyədən başqa heç kimi səmimi şəkildə dəstək verməyib. Türkiyə və Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində məlum oldu ki, Ermənistanın ağlını başına yığıb Türkiyə və Azərbaycanla mehriban yola getməkdən başqa çarəsi yoxdur. Biz Rusiya ilə yaxşı münasibətləri davam etdirməyə də qərarlıyıq, geriyə qalanı Rusiyanın öz işidir. Biz Rusiyanın daxili işlərinə qarışmaq niyyətində deyilik, oradakı türklər də demokratik Rusiyanın içində öz haqlarını tələb edərlər. Onlar Rusiya vətəndaşlarıdır, orada qalmaları bizim üçün daha faydalıdır. Biz heç bir ölkə ilə aramızı pozmaq  istəmirik. Buraya Əfqanıstan və İran da daxildir. Apreldə Bakıda təhlükəsizlik məsələlərinə dair məşvərət toplantısı keçirdik, gələn il isə Astanada keçirəcəyik. Biz türk tarixində ilk dəfə Əfqanıstan probleminin çözümüylə bağlı müştərək açıqlama verdik. Başqa regional məsələlər barədə də müştərək açıqlamalarımız olacaq. Ölkələr əvvəlcə yan-yana gedərlər, daha sonra eyni addımları atarlar. Biz yanaşı gedirik, eyni addımlara da keçəcəyik. Türk ölkələrinin diaspora fəaliyyətiylə bağlı görməyə başladığmız işlər var. Bununla bağlı Bakıda toplantı keçirdik. Əsas məqsədimiz türklərin yaşadıqları bütün ölkələrin siyasətində aktivliyinə nail olmaqdır. Bu məqsədlə bölgə komitələri yaradırıq. Dünyadakı türk diasporasının sayı erməni diasporasından 10 dəfə çoxdur. Fərq sadəcə bundan ibarətdir ki, ermənilər birgə hərəkət edir, biz isə fərdi şəkildə. Bu sahədə uğurlar əldə edəcəyimizə inamım tamdır. Təməli atılandan sonra bu iş irəliləyəcək. Başlanğıcda nazirləri çətinliklə toplaya bildik, ancaq bizim işimizdə təyinedici və həlledici faktor - dövlət başçılarının bu işləri güclü siyasi  iradə ilə dəstəkləmələridir. Dövlət başçılarına deyəndə onlar nazirlərə təlimat verir, nazirlər də bir anda bu işin könüllüsü olurlar. Birinci toplantıdan sonra özləri gəlmək istəyirlər.

 

- Son illərdə Azərbaycandan Türkiyəyə böyük həcmdə birbaşa investisiya gəldi. 25 oktyabr 2011-ci ildə İzmirdə 5 milyard dollarlıq investisiyanın, 28 iyun 2012-də isə 7 milyard dollarlıq TANAP layihəsinin sazişi  imzalandı. İndi Azərbaycan Türkiyəyə birbaşa əcnəbi investisiya sahəsində birinci yerdə olan ölkədir. Bu sazişlərdə rəhbəri olduğunuz təşkilatın nə dərəcədə rolu oldu?

 

- Bunlar ikitərəfli münasibətlərin inkişafı sahəsində atılmış mühüm addımlardır, biz də həmişə ürəkdən dəstəkləmişik. Azərbaycanın gerçək müstəqilliyi Bakı-Tiflis-Ceyhan neft kəmərinin açılmasından sonra başlayır. Çünki Azərbaycan öz neftini özünün nəzarət etdiyi boru xətti ilə dünya bazarına çıxarır. Bu, çox önəmlidir.

 

- Oktyabrda ATƏT Aşqabadda enerji təhlükəsizliyi ilə bağlı toplantı keçirdi. Bunu necə dəyərləndirirsiniz?

 

- ATƏT Avropanın enerji təhlükəsizliyini düşünür. Biz də, Rusiya da ATƏT-in üzvüyük. Necə ki, satıcı öz enerji mənbələrini dünya bazarına təhlükəsiz şəkildə çıxarmağı düşünürsə, alıcının da eyni şeyi düşünməsi təbiidir. Ancaq ATƏT-lə bizim bir fərqimiz var: ATƏT çox parlaq fikirlər ortaya qoya bilər, bizim isə fikirlərimiz o  qədər parlaq olmasa da, həyata keçirə biləcəyimiz işlərə baxırıq. Biz bu bölgənin insanlarıyıq və kimin nə işlər görə biləcəyini, haraya qədər gedə biləcəyini çox yaxşı bilirik.

 

- Bunu deməklə bir daha siyasi iradə məsələsini vurğulamaq istəyiriniz?

 

- Təbii. Bizim birinci məqsədimiz bu ölkələrin dövlət strukturlarını gücləndirmələridir. Bunun üçün ən önəmli faktor sabitlikdir. Dövlət  yapılanmasının tamamlanması çox mühümdür. Dünyada heç bir dövlət demokratiya ilə qurulmayıb. Məhkəmə müstəqilliyi çox önəmlidir. Bunlar həyata keçirildiyi müddətcə demokratiya da yavaş-yavaş gələcək. Əgər biz Qərb tipli demokratiyanı olduğu kimi həyata keçirməyə başlasaq, bu, bizim mənafeyimizə olmaz. “Magna Carta”dan bu yana Qərb demokratiyasının formalaşma prosesi haradasa 1000 il vaxt aldı. Qərbdə demokratiya XX əsrdə formalaşdı, ona görə də onlar bizdən bir an əvvəl demokratiyaya keçməyi tələb edə bilməzlər. Biz dövlətlərimizi qurmadan tam demokratiyaya keçə bilmərik. Bütün hallarda bu ölkələrdə insanların haqları sovet vaxtına görə daha çox təminat altındadır. Bunlar demokratiya yolunda irəliləyən ölkələrdir.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848
avatar

Oxşar yazılar