ABŞ-ın paytaxtı Vaşinqton şəhərində ölkəmizin ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və bu ölkədə yaşayan azərbaycanlıların iştirakı ilə təntənəli novruz şənliyi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirə həmvətənlərimiz ilə yanaşı, ABŞ dövlət qurumlarının nümayəndələri, xarici ölkələrin ABŞ-dakı səfirliklərinin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri də qatılmışdır.
Tədbiri açıq elan edən səfir Elin Süleymanov, qonaqları salamlayaraq tarixi adət-ənənələrimizi təcəssüm etdirən Novruz bayramının soydaşlarımız ilə birlikdə ABŞ-da qeyd olunmasının əhəmiyyətini vurğulayıb. O, ölkəmizin rəhbəri cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın günü-gündən çiçəkləndiyini, dünya ölkələri arasında xüsusi yer tutduğunu qeyd edən səfir vətəndən uzaqda yaşayan soydaşlarımız arasında birliyin vacibliyini vurğulayıb. İstər xoş, istər isə ağrılı günlərdə bir-birimizə dayaq olmağın əhəmiyyətli olduğunu bildirib.
Tədbirdə milli Azərbaycan musiqisindən ibarət canlı konsert proqramı təqdim edilib və milli rəqslər nümayiş olunub.
Şənlikdə Azərbaycan mətbəxinin ləziz nümunələri və Novruzun əsas simvolu olan milli şirniyyatlarımızdan ibarət ziyafət verilib.