Prezident: “Deyirdilər ki, Azərbaycanı “Holland sindromu”, “neft lənəti” gözləyir, lakin bunların heç biri baş vermədi”
04 iyun 2013 11:46 (UTC +04:00)

Prezident: “Deyirdilər ki, Azərbaycanı “Holland sindromu”, “neft lənəti” gözləyir, lakin bunların heç biri baş vermədi”

«20 il öncə keçirilməsinə başlanan bu sərgi hər il daha çox iştirakçı şirkət cəlb edir». «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda başlayan XX Xəzər Neft-Qaz Sərgisinin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Ötən 20 ildə Azərbaycanın iqtisadiyyatın müxtəlif sahələrində əldə etdiyi uğurlardan danışan prezident bildirib ki, 20 il əvvəl Azərbaycanın gələcək inkişafı ilə bağlı proqramlar və niyyətlər olub, bu gün artıq həmin niyyətlər reallaşıb.

 

1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi»ni «İki əsrin kontraktı» adlandıran dövlət başçısı qeyd edib ki, bu kontraktların icrası nəticəsində açılmış dəhlizlər yeni layihələrə yol açır: «Azərbaycan ilk dəfə Xəzər dənizini xarici şirkətlərə açdı. Bizim beynəlxalq əməkdaşlıqda gözəl təcrübəmiz var. Gözəl investisiya iqlimi yaratmışıq. Neft kapitalını insan kapitalına yönəldə bilmişik. Bəziləri deyirdilər ki, Azərbaycanı «Holland sindromu», «neft lənəti» gözləyir. Bunların heç biri baş vermədi».

 

17 il əvvəl «Şahdəniz» layihəsinə imza atıldığını diqqətə çatdıran prezident bu layihə ilə Azərbaycanın qaz ölkəsinə çevrildiyini vurğulayıb: «Bu gün «Şahdəniz» qaz yatağı bölgədə enerji təhlükəsizliyi proseslərinə ciddi təsir göstərir. Bu, dünya miqyaslı bir layihədir. Artıq ikinci fazasının başlanmasına yaxınıq».

 

Prezident çıxışında ARDNŞ-in fəaliyyətini təqdir edib, eyni zamanda BP şirkəti ilə Azərbaycan hökumətinin əməkdaşlığından danışıb: «BP bizim strateji tərəfdaşımızdır. SOCAR-la BP arasında gözəl, strateji səviyyədə tərəfdaşlıq yaranıb. Əməkdaşlığımız daha iki onillik də davam edəcək».

 

Dövlət başçısı bildirib ki, hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln. kubmetrdir: «Yeni məlumatlar bu rəqəmi daha da artıracaq».

 

Azərbaycanın neftdən əldə etdiyi gəlirləri qeyri-neft sektoruna və insan kapitalına yönəltdiyini, bu sayədə ölkədə digər sektorların inkişaf etdirildiyini, sosial şəraitin yaxşılaşdığını bildirən prezident Dövlət Neft Fondunun fəaliyyəti ilə bu sahədə şəffaflığın təmin olunduğunu söyləyib: «Biz indi bu təcrübəni digər sektorlarda da tətbiqi üzərində işlər aparırıq».

 

Sonda prezident sərgi ilə tanış olub, stendlərə baş çəkib. 

# 1035
avatar

Oxşar yazılar