Latviyanın keçmiş prezidenti: “Sərhədlərin toxunulmazlığı bərpa edilməlidir”
07 may 2013 12:02 (UTC +04:00)

Latviyanın keçmiş prezidenti: “Sərhədlərin toxunulmazlığı bərpa edilməlidir”

Bakıda keçirilən Cənubi Qafqaz Forumunda müxtəlif ölkələrdən gəlmiş siyasi xadimlər öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsindən narahatlıqlarını bildiriblər.


 

APA-nın məlumatına görə, İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən forumda İordaniya kraliçası xanım Nur bildirib ki, qısa müddət ərzində Azərbaycan regionda sürətli inkişaf dövrü keçib. O deyib ki, İordaniya və Azərbaycan əhalisi və ərazisinin cəlbedici mövqeyi baxımından oxşar ölkələrdir, amma Azərbaycanda olan təbii zənginlik təəssüf ki, İordaniyada yoxdur: “Biz buna həsəd aparırıq”.

 

Kraliça çıxışında Dağlıq Qarabağ münaqişəsindən və onun Azərbaycan üçün fəsadlarından danışaraq buna təəssüfləndiyini və münaqişənin tezliklə həllini arzuladıqlarını söyləyib: “Bu münaqişənin həlli nəinki tərəflər üçün, bütün Cənubi Qafqaz regionu ölkələri üçün uğurlar vəd edir”.

 

Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Frayberga çıxışında forumun olduqca əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Cənubi Qafqaz regionu olduqca həssas və dünya üçün strateji regiondur: “Burada Dağlıq Qarabağ münaqişəsi kimi problemin yaşanması yolverilməzdir. Regionda işğala son qoyulmalıdır və xalqların bərabərliyi, sərhədlərin toxunulmazlığı bərpa edilməlidir”.

 

Niderlandın keçmiş baş naziri, Madrid Klubunun prezidenti Vim Kok da forumun region üçün əhəmiyyətini vurğulayaraq, Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb: “Azərbaycan Cənubi Qafqazda ən önəmli ölkədir. Ölkədə və ümumiyyətlə, regionda müxtəlif dildə danışan çoxsaylı xalqlar var ki, bu da diqqəti cəlb edən amillərdəndir”.

 

Qeyd edək ki, iki gün davam edəcək foruma İordaniya kraliçası xanım Nur, BMT baş katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri  - ümumilikdə 40-dan çox ölkədən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383
avatar

Oxşar yazılar