Konstitusiya - Dövlətçiliyimizin qarantı kimi
12 noyabr 2017 13:49 (UTC +04:00)

Konstitusiya - Dövlətçiliyimizin qarantı kimi

 

Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş nadir tarixi şəxsiyyət, fenomenal siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi təyin edilir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər Azərbaycanın demokratik bir dövlət kimi hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulmasına təkan verdi.

Heydər Əliyev müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsini dövlətin ən ali amalı elan etmişdi. Hələ Ulu Öndər 1993-cü ildə prezident seçkiləri ərəfəsində öz proqramında bəyan etmişdi ki, “Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək”. Ümummili Liderin rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır. Bu prosesin də əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Konstitusiyasının qəbul edildiyi ərəfədə ölkədə konstitusiya qəbulu üçün əlverişli şərait yox idi. Dövlət çevrilişi cəhdləri ara verməmiş, vətəndaş müharibəsi təhlükəsi hələ sovuşmamışdı. Konstitusiyanın uğurunu şərtləndirən yeganə amil məhz onun Heydər Əliyev tərəfindən idarə olunması idi.

1995-ci il may ayının 2-də Azərbaycan Respublikasının Milli Məclisi yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Heydər Əliyevin sədr olduğu komissiyanın ilk iclasında dövlət başçısı tərəfindən qəbul ediləcək konstitusiyanın parametrləri açıqlandı. Ümummilli Lider qeyd etdi ki, “ ... Biz elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır”. Ulu Öndərin rəhbərliyi altında hazırlanmış Konstitusiya 1995-ci il 12 noyabr  tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Heydər Əliyevin  1996-cı il 6 fevral tarixli  sərəncamı ilə hər il  noyabrın 12-si ölkəmizdə Konstitusiya günü olaraq qeyd edilir.

Heydər Əliyev məhz qarşıdakı nəsilləri düşündüyü üçün özündən sonra xalqına fəaliyyəti uzun illərə hesablanmış belə bir Konstitusiya miras qoymuşdur. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizminin  əsasını qoydu. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək: “Bu Konstitusiyanın əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının toxunulmazlığını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyinin, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir".

Dövlətin suveren bir təsisat olaraq mövcudluğunun hüquqi əsaslarını müəyyənləşdirən Konstitusiya Azərbaycanın hüquqi-siyasi inkişafına təkan verməklə yanaşı, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları da sürətləndirmiş oldu. Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edildi ki, bu da dayanıqlı və ardıcıl inkişafın təmin olunması məqsədini daşıyırdı. Bu islahatlarla respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi mühit yarandı, dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının, hüquqi dövlət quruculuğu prosesinin daha mükəmməl və yüksək səviyyədə təmin olunmasına xidmət edildi.

Nailə Məmmədova

"Azerbaijan Realities"

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar