Azərbaycan “Yalquzaq” , “Aerostar” və “Orbiter”i  ilk dəfə Türkiyədə nümayiş etdirəcək
25 aprel 2013 11:30 (UTC +04:00)

Azərbaycan “Yalquzaq” , “Aerostar” və “Orbiter”i ilk dəfə Türkiyədə nümayiş etdirəcək

Bakıda ilk dəfə beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək

 

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalovun sədrliyi ilə keçirilən səyyar kollegiyada birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Hesabat dövründə nazirliyin müəssisələrində 2013-cü il üçün  nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eləcə də mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib. Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,9 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,6 dəfə artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərində 3,8 dəfə artım olub. Birinci rübdə istehsal olunaraq sifarişçilərə təhvil verilən məmulatlardan PKM pulemyotunu, 60 mm-lik minaatanı, “Zəfər-K” tipli tapançanı, “AK-74M” tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, tank əleyhinə minanı, atıcı silahları, zirehli texnikanın ehtiyat hissələrini və digər məmulatları göstərmək olar. Hesabat dövründə mülki məhsulların istehsalı üzrə proqnoza 100,6% əməl olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki təyinatlı məmulatların istehsalında 17,5 faiz artım var. 2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə 71 mövzu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.

 

 

Kollegiyada qeyd olunub ki, nazirliyin müəssisələrində yaradılan və  istehsal olunan məhsulların mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayişi artıq ənənə halını alıb. 2009-cu ildə Türkiyədə keçirilən “IDEF-2009” sərgisində Müdafiə Sənayesi Nazirliyi 27 adda məmulatla təmsil  olunmuşdusa, ötən ilin noyabrında İndoneziyada keçirilən “IndoDefence-2012”sərgisində 125 adda məmulatla təmsil olunub. Nazirlik may ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək “IDEF-2013” sərgisində isə 130 adda məmulat nümayiş etdirəcək. Bu sərgidə ilk dəfə olaraq 7,62x54 mm-lik “Gürzə” pulemyotu, 7,62x51 mm-lik “Yalquzaq” snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, “Aerostar” və “Orbiter” tipli pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdiriləcək. Eyni zamanda, Azərbaycan tarixində ilk dəfə olaraq 2014-cü ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisi üçün artıq hazırlıq işlərinə başlanılıb.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən  görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi. Yavər Camalov prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1727
avatar

Oxşar yazılar