AŞNK sədri: “Məqsədimiz Dağlıq Qarabağ münaqişəsinə tez bir zamanda son qoymaqdır”
07 aprel 2014 20:17 (UTC +04:00)

AŞNK sədri: “Məqsədimiz Dağlıq Qarabağ münaqişəsinə tez bir zamanda son qoymaqdır”

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında hazırda Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Assambleya üzvləri qarşısında çıxış edərək, AŞNK-nın fəaliyyəti barədə məruzəsini edib.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, daha sonra avstriyalı nazir Assambleya üzvlərinin müxtəlif suallarını cavablandırıb.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva avstriyalı nazirə Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində qaçqın və məcburi köçkün düşən azərbaycanlıların aqibəti haqda sual ünvanlayıb: “Cənab nazir, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq mənim millət vəkili seçildiyim bölgədə 9 gün əvvəl mülki vətəndaş Etibar Tağıyevi snayperlərlə hədəfə alaraq yaralayıblar. Bundan başqa, çoxlu sayda mülki şəxs, onların evləri atəşə tutulub və böyük zərər yetirilib. Bu kimi hallar tez-tez baş verir. Sədr kimi bu hallara münasibətinizi bilmək istərdim. Eyni zamanda Ermənistanın işğalının davam etməsi üzündən 20 ildən artıqdır evlərinə dönə bilməyən yüz minlərlə azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi və öz evlərinə dönə bilmək istiqamətində sizdən - Avropa Şurası Nazirlər Komitəsindən 1416 saylı qətnamənin yerinə yetirilməsində dəstək gözləyirlər. 9 il əvvəl qəbul edilmiş qətnamənin icra olunması istiqamətində AŞ niyə qəti addımlar atmır? Bu məsələ sizi bir sədr kimi narahat edirmi?”

 

Azərbaycanlı millət vəkilinin sualına AŞNK sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun cavabı belə olub: “Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, haqlısınız, bu münaqişə uzun zamandır sürür və bunun həlli hamımız üçün olduqca vacibdir. Bilirəm ki, ATƏT-in Minsk Qrupu bu yöndə öz işini davam etdirir və məndə olan məlumatlara görə, yaxınlarda hər iki ölkənin prezidentləri səviyyəsində görüşün təşkil olunması prosesi gedir. Hər iki ölkənin xarici işlər naziri mütəmadi olaraq təmasdadır və biz də bu görüşlərin Vyanada keçirilməsi üçün daima hazırıq. Biz də öz növbəmizdə bu danışıqlara, münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində öz töhfəmizi verməyə hazırıq. Burada yeganə məqsəd bu münaqişəyə mümkün qədər tez bir zamanda son qoymaqdır”.

# 638
avatar

Oxşar yazılar