"Məhbusların əfv olunması çox böyük hadisədir" - Partiya sədri
16 mart 2019 20:15 (UTC +04:00)

"Məhbusların əfv olunması çox böyük hadisədir" - Partiya sədri

“Bu gün 50-yə yaxın siyasi məhbusun əfv olunması çox böyük hadisədir. Cəmiyyətdə dialoq, barış mühitinin yaranması üçün olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, cəmiyyət bu addımdan sonra iqtidarla birgə yeni dialoq müstəvisinə siyasi partiyaları çıxarmaq və Azərbaycanın demokratikləşməsi üçün birgə addım atmağa borcludur”. 
 
Bunu ONA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
 
Partiya sədri bildirib ki, 2019-cu il problemlərin həll olunması istiqamətində mühüm il ola bilər: “Vətəndaş-iqtidar münasibətlərində yeni müstəvi açılır. Hesab edirəm ki, bu müstəvini düzgün dəyərləndirmək lazımdır. Mən əfv olunanların hamısının ailəsini təbrik edirəm. Arzu edirəm ki, bir də azadlıqlarını itirməsinlər. Çünki bu səhnə mənə çox tanışdı. İndi növbəti yük hakimiyyətin siyasi qanadı ilə siyasi müxalifətin üzərindədir. Hesab edirəm ki, iqtidarla siyasi müxalifət masa arxasında əyləşə bilər. Azərbaycanın gələcəyinə daha nikbin və optimist baxmaq, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həll olunması, regionda yerimizin möhkəmləndirilməsi üçün əl-ələ verib birgə addımlamağın zamanı ola bilər. Mən istəyərdim ki, bu işartıları görüm. Arzu edərdim ki, proses konkret olaraq buna doğru getsin”.
 
Qeyd edək ki, əfv sərəncamı 431 şəxsə şamil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar