Parlament hökumətin hesabatını qəbul etdi
Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı qənaətbəxş sayılıb.
ONA-nın məlumatına görə, spiker Oqtay Əsədov deyib ki, çıxış edən deputatların hamısı Nazirlər Kabinetinin hesabatını qənaətbəxş sayıb.
Baş nazir Novruz Məmmədov isə deyib ki, Nazirlər Kabinetinin hesabatı ilə deputatlar fikirlərini bildirib, görülən işləri dəyərləndirib, eyni zamanda iradlarını bildiriblər: “Biz millət vəkillərinin təkliflərini nəzərə alacağıq. Bizim yolumuz Azərbaycan dövlətçiliyinin əbədi olmasıdır. Bu yolu Heydər Əliyev miras qoyub. Prezident İlham Əliyev başda olmaqla hər kəs bu yolda əlindən gələni etməlidir. Deputatların maraqlı təklifləri, tövsiyələri oldu. Onu da deyim ki, bir çox məsələlərlə bağlı prezidentin tapşırığı ilə bağlı işlər görülür. Məsələn, problemli kreditlərlə bağlı prezidentin sərəncamı oldu. Mən söz vermirəm ki, bütün qaldırılan məsələlər həll olunacaq. Ancaq məsələlərin həll olunmasına çalışacağıq”.
Deputatları Novruz bayramı münasibətilə təbrik edən baş nazir qeyd edib ki, parlamentin Azərbaycanın inkişafında xüsusi rolu var.
Daha sonra hesabat səsə qoyulub və qənaətbəxş sayılıb.
Qeyd edək ki, Novruz Məmmədov baş nazir kimi ilk dəfə parlamentdə Nazirlər Kabinetinin hesabatını təqdim edib.
878