Qondarma “Erməni Soyqırımı” siyasi oyun kimi
24 aprel 2016 17:14 (UTC +04:00)

Qondarma “Erməni Soyqırımı” siyasi oyun kimi

 

1915-ci il hadisələri düşmənlə işbirliyi edən, ölkə bütövlüyünə ziyan verən bir toplumun zərərli fəaliyyətinin qarşısının alınması və daxili təhlükəsizliyin təmin olunması  məqsədilə başqa ərazilərdə yerləşdirilməsidir. Qeyd edək ki, bu hadisələr zamanı Osmanlı hökuməti tərəfindən idarə olunmayan bəzi fanatiklərin ermənilərə hücumu, həmçinin köç zamanı qarşılaşdıqları çətinliklər ölümlərə səbəb olmuşdur. Digər tərəfdən, rus işğalı və erməni üsyanları səbəbiylə 1914-1915-ci illərdə təxminən 800 min türk də köç etmək məcburiyyətində qalmışdır. Bu köç minlərlə türkün ölümü ilə nəticələnmişdir. Sonradan isə ermənilər bu hadisələri soyqırım olaraq tanıtmaq üçün “fəaliyyətə başlamışlar”. Məyusedici məqam odur ki, erməni cəlladlarının heç bir fakta əsaslanmayan pafoslu çıxışları Qərb dünyasına daha inandırıcı gəlir, nəinki 23 il bundan əvvəl bütün dünyanın gözü qarşısında olan Xocalı faciəsi ...

Erməni iddialarının tutarlı ifşası : Hələ 1915-ci il hadisələrindən əvvəl XVIII əsrin sonunda Polşalı səyyah Mikoşa Osmanlı imperiyasında yaşayan ermənilərin vəziyyətini belə təsvir edirdi: “ermənilərə türklər tərəfindən hər hansı bir millətdən daha çox hörmət göstərilməktədir. Onlar romalılardan daha geniş bir din azadlığına sahibdirlər”.O, ermənilərin qədim adətlərini tamamilə unutduqlarını izah etdikdən sonra davam edir: “Keçmişdə özlərinin nə olduqları üzərində qətiyyən düşünmürlər... Düşüncə baxımından bir  çevriliş planını qavraya biləcək qabiliyyətə malik deyillər. Hətta osmanlı dövlətinin çökəcəyi günün yaxında olduğu söylənilən zaman bundan razı qalmadıqları belə görünür”. Mikoşanın bu fikirləriylə razılaşan erməni əsilli Mıqırdaç Dadyan da 1867-ci ildə qələmə aldığı bir yazısında Osmanlı rejiminə təşəkkür edir. O, yazısında Osmanlı ermənilərinin tam bir hüriyyət içərisində, sosial hüquqlarının türklər tərəfindən maneçilik olmadan reallaşdırdıqlarını, dini qurumlarını inkişaf etdirdiklərini göstərir. Elə isə, ermənilərin əsrlər boyu təqibə məruz qaldıqları, zülm içində yaşadıqları ilə bağlı iddiaların tarixi gerçəkliklə heç bir əlaqəsinin olmadığı üzə çıxır.

1915-ci il hadisələrinin soyqırım olmadığını sübut edən başlıca mənbə ABŞ Prezidenti Ronald Reyqanın hüquq  məsləhətçisi  Brus Feinin açıqlamasıdır. O bildirmişdir ki, erməni soyqırım iddiaları tamamilə həqiqətdən kənardır və ABŞ Konqresində erməni hadisələrinin müzakirəsi siyasi məqsəd daşıyır: “1915-ci ildə Osmanlı imperatorluğunda ermənilərin öldürülməsinin soyqırım olması ilə bağlı heç bir sübut yoxdur. Bu sadəcə “Ağ ev”ə deyil, həm də digər qurumlara təqdim olunan sənədlər üçün keçərlidir. Reyqanın prezidentliyi dönəmində bu məsələ araşdırılmış və soyqırım iddialarının əsassız olduğu sübuta yetirilmişdi. Osmanlı imperatorluğu etnik azlıqlara xüsusi diqqət göstərmiş, onları himayə etmişdir”.  Hətta Fein bildirib ki, 1981-ci ildə Ağ ev tərəfindən aparılan araşdırmalar nəticəsində Birinci Dünya müharibəsi zamanı Şərqi Anadoludakı müsəlman türklərinin itkilərinin 2 milyon, ermənilərin isə 300 mindən - 600 minə qədər olduğu məlum olub. Amma ermənilər itkilərinin sayını süni şəkildə artırmışlar. 

O qeyd etmişdir ki, əgər Osmanlının belə bir məqsədi olsaydı ermənilərə pis davranan əsgər və zabitləri məhkum edib, hətta bəzilərini edam etdirərdilərmi? “Siz heç Hitlerin yəhudilərlə pis davranıb onları qazla dolmuş otaqlara göndərən alman zabitlərini edam etdirdiyini xəyal edə bilərsinizmi? Ya da Hitlerin Berlində  yaşayan yəhudilərə toxunmayıb onları başqa yerlərə göndərdiyini düşünə bilərsinizmi”? Xüsusilə də ermənilərin Osmanlı idarəçiliyi altında daim yüksək vəzifələr tutduğunu qeyd edən Fein,  ermənilərin XIX əsrdən etibarən gücünü itirməyə başlayan Osmanlılara qarşı ayağa qalxdıqlarını, erməni terror birliklərinin Birinci Dünya müharibəsində Rusiya və Fransa ilə işbirliyi edərək Osmanlı ordusuna qarşı vuruşduqlarını, çoxlu sayda müsəlman osmanlını öldürdüklərini qeyd etmişdir.

Digər maraqlı mənbə isə hadisələrlə bağlı tarixi qaynaq hesab olunan Ermənistanın ilk dövlət başçısı Ovanes Kaçazunin1923-cü ildə Buxarestdə erməni məsələsi ilə əlaqədar Daşnaksütyun Partiyasının iclasında verdiyi raportdur. Kaçazuninin şəxsi imzasını daşıyan raportda verilən məlumatlar türklərin “erməni soyqırımı” törətməsi ilə bağlı mövcud olan iddiaları qəti şəkildə rədd edir. Raportda belə ifadələr işlənmişdir: “.... sülhə əngəl olmaq üçün döyüşdük. Artıq hamımız türklərin düşməni olan İttifaq dövlətlərinin blokundayıq. Türkiyədən “dənizdən-dənizə Ermənistan” tələb etməkdəyik..... Bu da var ki, mövcud olduğumuz müddətcə fasiləsiz olaraq türklərlə döyüşdük. Öldük və öldürdük. Artıq türklərdə necə bir etimad oyada bilərik ki? Əsgəri əməliyyatlara qoşulduq. Aldadıldıq və Rusiyaya birləşdik. Həqiqətləri görəmmədik, hadisələrin səbəbi bizik. Türklərin milli mücadiləsi doğruydu. Sülhü rəddetməyimiz və silahlanmağımız böyük yalnış idi. Türklərə qarşı qalxdıq və vuruşduq. Sevr müqaviləsi gözümüzü kor etmişdi. Üsyanımızın təməlində İttifaq dövlətlərinin bizə vəd etdiyi Ermənistan xəyalı vardı, gerçəyi görə bilmədik”. Ermənilərin öz əli ilə yazılmış, öz diliylə deyilmiş bu tarixi mənbə belə kifayətdir ki, soyqırım yalanlarını ifşa etsin. Nə üçün bu fakt üstüörtülü qalır, bəyan olunmur? Cavab, təbii ki, hərkəsə aydındır. Bu faktın isbatı “siyasi oyun”un  nəticələrinə göz dikən bir qrupun maraqlarının sonu deməkdir.

Hal-hazırda Türkiyədə 40 min erməni və miqrant yaşayır. İldən-ilə də öz həyat şəraitlərini yaxşılaşdırmaq məqsədilə iqtisadi çöküş yaşayan Ermənistandan Türkiyəyə köç etməkdə davam edirlər. Hətta Türkiyədə yaşayan  ermənilər 2015-ci ildə Avropanı onlardan siyasi məqsədlərdə istifadə etməməyə çağırmışdı.Türkiyə erməniləri adından Vatikan və Avropa parlamentinə ünvanlanan müraciətdə Türkiyə erməniləri 1915-ci il hadisələrindən çox, Suriya və İraq böhranlarına diqqət ayırmağı bəyan etmişdilər. Hadisənin tarixçilər tərəfindən araşdırılması və qiymətləndirilməsi üçün komissiyanın yaradılması barədə Türkiyənin müraciətləri hələ də cavabsız qalıb.  Lakin buna baxmayaraq “yersiz gəldi, yerli qaç” prinsipinə əməl edən ermənilər öz xislətlərindən əl çəkmir, 1915-ci il hadisələrindən sui-istifadə edərək təzminat almaq və öz prinsipial mövqelərini nümayiş etdirməyə çalışırlar. Görünür, təzminatla uçurum kənarında dayanmış dövləti xilas etmək “niyyətindədirlər”. Bir fakt nəzərə alınmalıdır ki, dövlətin gücü onun maliyyə imkanları ilə deyil, o imkanlardan mütərəqqi şəkildə istifadə etməyi bacaran hakim dairələrin mövcudluğu ilə ölçülür. Ermənistan səriştəsiz dairələrin hakimiyyəti altında olduğu müddətcə çöküş də labüd olacaqdır.

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik layihə qrupunun üzvü

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273
avatar

Oxşar yazılar