İl təzə başlayanda diasporumuzla bağlı bir yazı yazdım, xaricdəki soydaşlarımızın aralarına girmiş “pişik”dən söz açdım. Təklif etmişdim, bir zınqırov tapıb o “pişiyin” boynundan assınlar ki, gələndə səsini eşitsinlər və aralarına buraxmasınlar. Məqsədim bu idi ki, ölkəmizin, dövlətimizin adına diasporumuz daha mütəşəkkil, daha səmimi çalışsın, qarışıqlıq düşməsin, çaşdırıcı fikirlərə uymasınlar.
O yazı, xüsusən də Ukraynadakı diasporumuzda hegemonluq edən “pişik”lər və dəstəsini hərəkətə gətirdi... Rəsmi, qeyri-rəsmi kimsə qalmadı və həyəcandan hər kəs özünü “bəlli” etdi.
Hərçənd, problemi yaradandan çox ona məruz qalan narahat olmalı idi...
Hərçənd, diaspor təşkilatına sahib olmaq sosial şəbəkədə foto, bəyanat paylaşmaqla bitmir...
Nə isə.
***
Qismət oldu, yenə yolumuz yad ölkələrdəki doğma adamların yanına düşdü, diasporumuzun durumu ilə bir daha maraqlana bildik. Bu səfərimizdə bəzi ölkələrdə, həmin ibarə ilə desək, ümumiyyətlə, “pişik”siz diasporumuzun olduğunu gördük. Məsələn, Moldova. Burada Azərbaycan diasporu o qədər bütövdür ki, aralarına nəinki pişik, heç siçan da girməyə yer yoxdur.
Mən Moldovadakı qədər səfirliyimiz və diasporumuz arasında vəhdəti, açığı, heç bir başqa ölkədə görməmişdim (buna bənzər durumla sonradan Qazaxıstanda da rastlaşdım, bu barədə bir qədər sonra - M.A.).
Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov və Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovun birgə fəaliyyəti diasporumuzu elə bir fəal nöqtəyə gətirib ki, bu, nəinki bu ölkədəki digər etnik xalqlara məxsus təşkilatların diqqətini çəkib, hətta Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Hulusi Kılıc Kişinyova gələr-gəlməz azərbaycanlıların icmasını özünə istinad nöqtəsi kimi seçib. Buna mən Moldova Prezidentinin müşaviri Vasili Şova, parlamentin deputatı Sergey Stati və digərləri ilə söhbətdə də şahid oldum. Məsələn, S. Stati ilə söhbət zamanı ona “Sizcə, niyə Moldova parlamentində azərbaycanlı deputat hələ də yoxdur?” sualını verərkən belə bir cavab verdi:
- Bilirsiniz, siz azərbaycanlılar Moldovada o qədər geniş miqyaslı işlərlə məşğul olurlar ki, mən deyərdim, onların hətta bəlkə də parlamentdə oturmağa vaxtları çatmaz. Amma böyük məmnuniyyətlə biz Moldova parlamentində azərbaycanlı görmək istərdik. Vüqar Novruzov nəinki burada Azərbaycan diasporunun rəhbəri, hətta iş adamı və bir alim kimi böyük hörmətə malikdir. Onun nəinki özü, dəstəklədiyi istənilən adam çox rahatlıqla seçkilərdə qalib gələ bilər. İstər Moldovadakı diplomatik xidmətiniz, istər diasporunuz birlikdə elə bir gücə malikdirlər ki, belə məsələlər onların əlində sadə bir məsələdir.
Səfir Q. Osmanovla söhbət zamanı iki ölkə arasında münasibətlər barədə deyilənlər ölkə prezidentinin müşaviri V. Şovanın təklifləri fonunda da təsdiqini tapdı: “Yeni seçilmiş prezident cənab İqor Dodonun ilk arzusu azərbaycanlı həmkarı İlham Əliyev ilə mümkün qədər tez görüşmək və əlaqələrin yeni mərhələsi barədə müzakirələr aparmaqdır”.
Moldovadakı azərbaycanlılar üçün daha bir şans da odur ki, vaxtı ilə Azərbaycanda qardaş Türkiyənin səfiri olmuş dostumuz Hulusi Kılıc bu dəfə Moldovada vəzifəsini davam etdirir.
Kişinyovda olduğum ərəfədə səfirlikdə yerli mətbuatla görüş keçirən Hulusi Kılıc Türkiyə ilə bərabər Azərbaycandan da, işğal olunmuş torpaqlarımızdan da xeyli danışdı.
Tədbirin qeyri-rəsmi hissəsində isə azərbaycanlı diaspor rəhbəri, səfir Q. Osmanov ilə birgə gələcək planlarını, fikirlərini bölüşdü. Ayrılanda məndən bütün Azərbaycana, xüsusilə də “APA Holding”ə bir qardaş salamı göndərdilər.
İndi siz deyin, belə bir ölkədən bir azərbaycanlı kimi belə bir təəssüratlarla ayrılarkən heç “pişik” yada düşərdimi?
***
Moldovadan ayrılıb, yol aldıq Qazaxıstana. Paytaxt Astanaya çatarkən və buradakı vəziyyətlə ilk tanışlıq zamanı, daha doğrusu, səfirimiz Rəşad Məmmədovla söhbət zamanı burada da eyni vəhdətin şahidi oldum.
Amma belə anladım ki, burada “pişik” olub, amma onu qovublar və artıq heç bir qeyri-bərabərlikdən söhbət gedə bilməz. Səfir R. Məmmədov deyir ki, bir müddət əvvəl buradakı diasporda da üzücü bir dağınıqlıq hökm sürürdü, amma artıq bu, birmənalı şəkildə aradan qaldırılıb. 17 milyon əhalisi olan Qazaxıstanda 250-300 min azərbaycanlı yaşayır və bunlar bir neçə diaspor təşkilatlarından ibarət olsa da, ümumi birlik var: “Biz Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə burada elə birlik yaratdıq ki, artıq rahat diaspor uğuru əldə edə bilərik”. Səfirimiz deyir ki, onun üçün burada bütün diaspor təşkilatları doğmadır və bərabərdir.
Bir sözlə, Rəşad müəllimin söhbətindən belə aydın oldu ki, burada o “pişiyin” boynuna zınqırovu bağlayıb, çoxdan yola salıblar və diaspor arasına artıq heç bir ins-cins girə bilməz...
Qazaxıstandan bir şad xəbər də var. Buranın parlamentində azərbaycanlı da təmsil olunur. Əslən Azərbaycanın Şərur (Naxçıvan) rayonundan olan Məhərrəm Məhərrəmov Qazaxıstan Kommunist Partiyasını (ölkədə ikinci güclü partiyadır) parlamentdə təmsil edir. İxtisası hüquqşünas olan M. Məhərrəmov Qazaxıstanın Taldı-Kurgan bölgəsində doğulub. Azərbaycana çox bağlıdır və doğma vətəni barədə çox məlumatlıdır. O, həm də mənsub olduğu partiyanın Almatı üzrə rəhbəridir. Məhərrəmov deyir ki, o bu yolda tək azərbaycanlı deyil: “Bu ölkədə istər vilayət idarəçiliyində, istər güc strukturları idarəçiliyində yüksək rütbəli məmurlar arasında azərbaycanlılar az deyil”.
***
Belarusda isə vəziyyət bir qədər rəngarəngdir. Burda “pişik” gəlib çatmasa da, miyoltusu artıq eşidilməkdədir. Buradakı diaspor təmsilçilərimiz arasında olduqca vətənpərvər azərbaycanlılar var. Natiq Bağırov, Gülnarə İmanova, Salatın Mirzəyeva, Olesya Kosoykina, Vüsal Qarayev, Elman Mahmudov, Həmid Yusifov və digərləri demək olar ki, müxtəlif sahədə bu ölkədə Azərbaycan təmsilçiləridir. Belarusdakı Azərbaycanlılar Konqresinin sədri N. Bağırov hətta uzun müddət bu ölkənin cüdo üzrə milli yığmasına baş məşqçilik etdi.
Amma onların da ovqatını təlx etməyə başlayıblar. Belə ki, bəzi əli təsbehli, başı əmmaməli “müəllimlər” buradakı yoldaşların işinə pəl vurmağa başlayıb. Daxili problemləri olduğu üçün tam açıq yazmaq istəmirəm, amma həmin əmmaməli şəxslərin “Azərbaycan adında dövlət olmayıb, biz müsəlman xalqıyıq” ifadəsinə rast gələndə anladım ki, burada diasporumuzun fəaliyyətinə əngəl olan nəinki adi pişik, hətta lap “çəkməli pişik”dir...
***
Onu da qeyd edək ki, hər üç ölkəyə səfər Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin APA Holding ilə birlikdə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində baş tutub.
Mübariz Aslanov, Bakı-Kşinyov-Astana-Minsk-Bakı