Bu gün Antalya Forumunda nələrdən danışıldı? - İCMAL
17 aprel 2026 22:51 (UTC +04:00)

Bu gün Antalya Forumunda nələrdən danışıldı? - İCMAL

0

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış edib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinin Azərbaycanla əlaqəli şəkildə aparıldığını vurğulayıb.

Türk Dövlətləri Təşkilatından danışan Türkiyə Prezidenti qurumun fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək deyib:

“Bu ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq. İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da artıracağıq. Azərbaycanla əlaqələndirilmiş şəkildə qonşumuz Ermənistanla normallaşma prosesində addım-addım irəliləyirik. Bu minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut olan və Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhliz təşəbbüsünə də güclü dəstəyimiz davam edir”.

Qeyd edək ki, builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir.

Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulub.

Bu gün baş tutan “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. 

Hikmət Hacıyev çıxışında Ermənistanla normallaşma prosesindən danışıb

“Biz artıq Antalya Diplomatiya Forumuna sülh gündəliyi ilə gəlirik. Regionda artıq əvvəlki kimi müharibə və qarşıdurma yoxdur. Azərbaycan Vaşinqton sammitinin həm məzmununa, həm də ruhuna sadiqdir. Donald Trampın iştirakı ilə Ermənistan–Azərbaycan normallaşma prosesi dəstəklənib və iki ölkə arasında normallaşma sazişi paraflanıb. Biz həm də başa düşürük ki, dövlətlər arasında gözəl sənədlər qəbul oluna bilər, lakin bu sənədlər yalnız kağız üzərində qalmamalıdır. Əsas məsələ praktik addımların atılmasıdır və Azərbaycan bu istiqamətdə konkret addımlar nümayiş etdirib. Biz Ermənistan tərəfi ilə praqmatik qarşılıqlı fəaliyyət quraraq sülh gündəliyini real müstəviyə keçirməyə, onu möhkəmləndirməyə və konkret tədbirlərə çevirməyə çalışırıq ki, bu da iki ölkə arasında etimadın formalaşmasına zəmin yaratsın. Bu kontekstdə birinci istiqamət üzrə irəliləyiş müsbət gedir və biz digər istiqamətlər üzrə də dinamikanı artırmağa çalışırıq. Eyni zamanda, Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri artıq başlayıb. Bu kimi addımlar bir neçə il əvvəl görünməmiş hesab olunurdu, lakin indi bu, reallığa çevrilir”.

Hikmət Hacıyev deyib ki, "Qafqazda sülh şəraitində yaşamağı öyrənirik"

“Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, biz Qafqazda sülh şəraitində yaşamağı öyrənirik. Bu, sadə səslənsə də, əslində, mürəkkəb və yeni bir prosesdir. Çünki Qafqaz uzun müddət sülh təcrübəsinə malik olmayıb. Bu gün isə bu hiss tamamilə yeni və dəyərli bir təcrübədir və onu qorumaq, praktik addımlarla möhkəmləndirmək vacibdir. Sülh yalnız müharibənin olmaması demək deyil, bu daha geniş anlayışdır və kompleks yanaşma tələb edir. Keçmişin çətinliklərini inkar etmək mümkün deyil, lakin biz artıq gələcəyə baxırıq. Bu yanaşma Azərbaycanın xarici siyasətində də özünü göstərir. Ölkə yalnız Cənubi Qafqazla məhdudlaşmır, eyni zamanda çoxşaxəli geosiyasi kimliyini inkişaf etdirir. Bir tərəfdən Azərbaycan Cənubi Qafqaz ölkəsidir, digər tərəfdən isə Mərkəzi Asiya ilə etnik və mədəni bağlılıqlara malikdir. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının bir hissəsidir. Bundan əlavə, Yaxın Şərqə yaxınlığı da ölkəyə əlavə geosiyasi imkanlar yaradır. Türkiyə–Azərbaycan–Suriya əməkdaşlığı bunun bariz nümunəsidir. Nəticə etibarilə, Cənubi Qafqazda real sülh mövcuddur və Azərbaycan bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Azərbaycanın diplomatik cəsarəti nəticəsində regionda qısa müddətdə real, faktiki sülh əldə olunub. Müqayisə üçün qeyd edim ki, Avropada İkinci Dünya müharibəsindən sonra sülh razılaşmalarına gəlmək illər çəkdi. Ermənistan və Azərbaycan isə 2023-cü ildən sonra iki ildən az müddətdə praktik və praqmatik addımlarla real sülhə nail ola bilib”.

Hikmət Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq prosesi genişlənməkdədir:

"Biz uzunmüddətli perspektivdə yeni regional təhlükəsizlik arxitekturası da qururuq və bütün ölkələr üçün sülh və təhlükəsizliyi təmin etməyə çalışırıq. Bu əməkdaşlıq xətti çərçivəsində gələcəkdə iki geosiyasi ittifaq arasında münasibətlərin də inkişaf etdirilməsi nəzərdə tutulur. Buna isə ictimaiyyətə açıq, inklüziv regional əməkdaşlıq modeli təqdim etməklə nail olunub".

Hikmət Hacıyev vurğulayıb ki, Tramp marşrutu Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni strateji bağlantı yaradacaq:

“Azərbaycan etibarlı tərəfdaş kimi enerji ilə yanaşı, qlobal logistika təchizat xətlərində də mühüm rol oynayır. Son dövrlərdə baş verənlər Orta Dəhlizin əhəmiyyətini bir daha göstərir. Bu dəhliz artıq fəaliyyət göstərən, çoxşaxəli və multimodal bir marşruta çevrilib. Bu marşrutun mühüm komponentlərindən biri də Bakı–Tbilisi–Qars dəmir yoludur. Digər istiqamət isə Vaşinqton sammitindən sonra Ermənistan və ABŞ ilə birlikdə üzərində işlənən “Tramp marşrutu” layihəsidir. Bu layihə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni strateji bağlantı yaradacaq. Ümumilikdə biz bunu “dörd dəniz konsepsiyası” kimi qiymətləndiririk. Burada Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi arasında əlaqələrin qurulması nəzərdə tutulur. Bu çərçivədə regional əməkdaşlıq və tərəfdaşlıq daha da genişlənir, Ermənistan da tranzit ölkə kimi bu prosesə cəlb olunur. Azərbaycanın bu layihədəki bir hissəsi demək olar ki, tamamlanıb və 2026-cı ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılır. Naxçıvan istiqaməti üzrə isə Avropa tərəfdaşları ilə əməkdaşlıq davam edir, Ermənistan və ABŞ isə müəyyən seqment üzrə ikitərəfli işləyir. Bütün bunların fonunda Cənubi Qafqaz uzunmüddətli perspektivdə qlobal təchizat zəncirlərində və enerji təhlükəsizliyində mühüm rol oynayan regiona çevrilir. Əvvəllər belə forumlarda əsasən münaqişələr və müharibələr müzakirə olunurdusa, indi vəziyyət dəyişib. Bir neçə il əvvəl region bölünmüş, təmas xətləri və müharibələrlə xarakterizə olunurdu. İndi isə real sülh mövcuddur və bu sülh daha da möhkəmləndirilməlidir”.

 V Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasında çıxş edən Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır:

“Hazırda Cənubi Qafqaz dünyanın ən sabit regionlarından biridir, xüsusən də hər yerdə logistika və təchizat zəncirlərinin pozulduğu, müharibələrin getdiyi bir vaxtda. Lakin təchizat zəncirlərinin pozulması əbədi davam etməyəcək. Biz sahib olduğumuz rəqabət üstünlüklərini reallaşdırmaq üçün kifayət qədər ağıllı və çevik olmalıyıq”.

Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır

Vahan Kostanyan deyib ki, bu proses sülh gündəliyinin tərkib hissəsi kimi mühüm siyasi iradə və qərarlar tələb edir:

“Siyasi iradə, siyasi qərarlar tələb edən sülhün əldə olunması məsələsində olduğu kimi, indi də biz regionda kommunikasiyaların açılması, ölkələrimiz arasında əlavə qarşılıqlı əlaqələrin yaradılması, eləcə də Avropa, Mərkəzi Asiya və Uzaq Şərq arasında körpü və maneəsiz bağlantı olmaq üçün yeni, çox vacib siyasi qərarlarla irəliləməliyik”.

Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir

Nazir müavini bildirib ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana da bəzi məhsulların ixracının həyata keçirilməsi gözlənilir.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi mümkün əməkdaşlığın ən vacib komponentlərindən biridir və bu, təkcə ikitərəfli deyil, həm də regional baxımdan əhəmiyyət daşıyır.

Kostanyan əlavə edib ki, Ermənistan ABŞ-dakı tərəfdaşları ilə birlikdə üç layihə həyata keçirəcək: "Bu layihələr multimodal bağlantı ilə əlaqəlidir və dəmir yolları, avtomobil yolları, eləcə də enerji şəbəkələri və boru kəmərlərini əhatə edir.

O vurğulayıb ki, Gürcüstan və Azərbaycan da bərpa olunan enerji potensialını artırmaq istiqamətində çalışır, günəş enerjisinə ciddi investisiyalar yatırır və yeni nüvə elektrik stansiyasının tikintisini planlaşdırır.

Onun sözlərinə görə, bu kontekstdə Avropa İttifaqı ilə əməkdaşlıq Ermənistan üçün son dərəcə vacibdir: “Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Avropa yönümlü istəklərə malik Ermənistan xalqının seçimidir”.

Hazırda Ermənistan Avropa İttifaqı ilə genişmiqyaslı sektorlararası inteqrasiyanın başlanması istiqamətində müxtəlif sahələr üzrə iş aparır.

Nazir müavini sonda qeyd edib ki, bu baxımdan Gürcüstanın Avropa gələcəyi də Ermənistan üçün böyük əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar