Prezident Vladimir Putinin etibarlı adamları ona Ukraynaya genişmiqyaslı müdaxilə halında Rusiya iqtisadiyyatı üçün fəlakətli nəticələr barədə xəbərdarlıq ediblər.
Lent.az bildirir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Fevraldakı genişmiqyaslı əməliyyatdan bir ay əvvəl Putinin Moskva yaxınlığındakı iqamətgahına “Sberbank”ın baş direktoru Qerman Qref və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina baş çəkib. Hər ikisi Rusiya prezidentinin komandasında texnokrat sayılır və adətən öz fikirlərini deyirlər.
Qref 39 səhifəlik təqdimatla çıxış edərək, Ukrayna ətrafında artıq kulminasiya nöqtəsinə çatmış gərginliyin daha da artacağı təqdirdə fəlakətli nəticələrlə bağlı xəbərdarlıq edib. Xüsusilə, onlar hesab edirdilər ki, sərt sanksiyalar maliyyə bazarlarında çaxnaşma yaradacaq və Rusiya iqtisadiyyatını onilliklərlə geriyə çəkə bilər.
Rusiyanın ümumi daxili məhsulunun iki il ərzində azalması dollar ifadəsində 30 faiz səviyyəsində qiymətləndirilirib və inflyasiya Mərkəzi Bankı real gəlirləri 20 faiz azaldaraq dərəcəsi 35 faizə qaldırmağa məcbur edə bilər. Putinə həmçinin bildirilib ki, rusların həyat keyfiyyəti hətta inkişaf etməkdə olan ölkələrdən də geri qalacaq, çünki idxal məhdudiyyətləri ölkəni dərman və qida ehtiyacları uğrunda sözün əsl mənasında mübarizə aparmağa məcbur edəcək.
“Financial Times”a mənbələri bildiriblər ki, Qref mümkün nəticələrdən danışarkən Putin onun sözünü kəsərək sanksiyaların ən pisindən qaçmaq üçün Rusiyanın nə etməli olduğunu soruşub. Onun dəqiq qərarı olmayıb və Rusiyanın prezidentinin geosiyasi fəlakət təhlükəsi ilə üz-üzə qaldığını deməyə cəsarət etməyib.
Həmsöhbətləri onu da qeyd edirlər ki, onlar Putinin dəqiq nə planlaşdırdığını və onların xəbərdarlıqlarını nəzərə alıb-almadığını bilmədən görüşü tərk ediblər.
"Onlar o qədər cəsarətli olublar ki, ondan görüş istəyiblər. Amma mesajı çatdıra bilməyiblər. Onlar yekun cavab verə bilməyiblər", - mənbələrdən biri qeyd edib.
Lakin Qərb ölkələri Rusiyanı qlobal maliyyə bazarlarından və təchizat zəncirlərindən kənarlaşdırdıqca, texnokratlar böhranı aradan qaldırmaq üçün iqtisadi idarəetmə bacarıqlarını tətbiq edərək Kremlin köməyinə gəliblər. Bununla onlar öz apokaliptik proqnozlarının baş tutmamasını təmin ediblər.
Keçmiş məmurlar Putindən ayrılmaq əvəzinə, texnokratların Qərbin sanksiyalarının zərbəsini yumşaltmaq və Rusiyanın müharibə dövründəki iqtisadiyyatını bütöv saxlamaq üçün öz təcrübə və alətlərindən istifadə edərək, onun köməkçiləri kimi möhkəmləndiklərini deyirlər.
Nəticədə, Rusiya iqtisadiyyatı sanksiyaların təsiri ilə bağlı Qərb iqtisadçılarının ən dramatik proqnozlarından yayınıb, halbuki bu il ümumi daxili məhsula təsirin 3,5-5,5 faiz səviyyəsində olacağı gözlənilir.
Daha əvvəl bildirilmişdi ki, Rusiyanı 2030-cu ilə qədər iqtisadi tənəzzül gözləyir. Rusiya iqtisadiyyatının tənəzzülü sanksiyalara görə güclənəcək, 2030-cu ildən tez olmayaraq müharibədən əvvəlki səviyyəyə qayıdacaq.
Xatırladaq ki, “Bloomberq” Ukraynaya qarşı üç aylıq müharibənin Rusiya iqtisadiyyatını dörd il geriyə saldığını yazmışdı. Qeyd olunurdu ki, 2022-ci ilin birinci rübündə Rusiya iqtisadiyyatı artıb, lakin artıq ikinci rübdə kəskin azalıb – ümumi daxili məhsul bir ildə ilk dəfə kiçilib və ildə 4,7 faiz azalıb.