Mübariz Mənsimov niyə bilmədiklərini danışır?
06 may 2022 19:47 (UTC +04:00)

Mübariz Mənsimov niyə bilmədiklərini danışır?

Son günlər Türkiyədə yaşayan azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun “Xural TV”yə müsahibəsi sosial şəbəkələrdə və mediada geniş müzakirə olunur. Ümumiyyətlə, özünün dediyi kimi, Azərbaycanda yox, xaricdə pul qazanan, (buna bir daha qayıdacağıq) Türkiyədə yaşayan, işləyən və bu ölkənin dövlət büdcəsinə milyonlarla vergi ödəyən Mənsimov öz “piar”ını daha çox Azərbaycanda və  Azərbaycan mediası üzərindən aparmağa üstünlük verir. Onun özü və gördüyü işlərlə bağlı son bir neçə ayda Azərbaycan mediasında xeyli yazı, xəbər və reportaja rast gəlmək olar.

Azərbaycan əsilli iş adamı kimi Mənsimovun xaricdəki digər azərbaycanəsilli iş adamlarından daha çox soydaşlarımıza diqqət göstərdiyini, Türkiyədə oxuyan tələbələrə dəstək verdiyi, yaratdığı iş yerlərində azərbaycanlılara iş imkanı tanıması faktdır.

İndi gələk Mübariz Mənsimovun son müsahibəsindəki məqamlara. Əvvəla, Mənsimov iş adamı kimi müsahibə verərkən, siyasi polemikalara münasibət bildirməsi, “biz şiəyik, şiəlikdə təriqətlər olmur” kimi dini bilgisizliyini göstərən açıqlamalara, Rusiya-Ukrayna münasibətləri, Kiyev Rus Dövləti ilə bağlı bilmədiyi tarix barədə danışmasına nə ehtiyac vardı? Peşəkarlıq həm də “bir ordu cangüdən”lə  bərabər bir neçə nəfərlik peşəkar piar heyəti qurmağı zəruri edir.

Məhz bu təlatümlərə, dindən tarixə, tarixdən siyasətə, siyasətdən futbola, futboldan iqtisadiyyata, hüquqdan kriminal aləmə keçid edilən söhbətdə Mübariz Mənsimovun bu fani dünyadan nə istədiyini dəqiqləşdirmək olmur. O, bütün müsahibəsi boyu Azərbaycan dövlətinə qarşı olmadığını, ölkənin adına xələl gətirmədiyini bəyan edir. Amma faktiki  M. Mənsimov Azərbaycanın milli brendi olan SOCAR-ı məhkəməyə verib.

M. Mənsimovun şirkəti ilə beynəlxalq məhkəməni də hələlik SOCAR qazanıb. Nə vaxt məhkəmədə Mənsimov qalib olarsa, o zaman iddialarına haqq qazandıra bilər. Axı İngiltərə məhkəməsinin də “tapşırıqla” işlədiyini iddia eləmək olmaz.

Mənsimovun vaxtilə SOCAR rəhbərliyində təmsil olunan Rövnəq Abdullayev və ya Anar Əliyevlə şəxsi ədavəti, onlarla olan məhkəmə çəkişməsi isə bizim yazının mövzusu və maraq dairəsi deyil. Özləri bilər, vaxtilə şərik, dost idilər, indi düşmən. Yenə özləri bilər.

Mübariz Mənsimov özü etiraf edir ki, SOCAR-la işbirliyində olub, müqaviləsi olub, xeyli müddət bir yerdə işləyiblər. Yəni, Azərbaycan neftini və ya neft məhsullarını daşımaqdan pul qazanıb.  Daha sonra isə deyir ki, Azərbaycandan heç vaxt bir manat da xeyir götürməyib. İndi hansına inanaq?   

Mübariz Mənsimov müsahibəsində Azərbaycan futbolunun durumundan da danışıb. İş adamının toxunduğu bu mövzu kimə məlum deyil ki? Azərbaycan futbolunun durumunu ölkədə bilməyən varmı? Lakin M.Mənsimovun Azərbaycanda ilk stadionun onun təşəbbüsü ilə salınması və respublikada “idmanın inkişafına” göstərdiyi “diqqət”lə bağlı dedikləri isə yumşaq desək təhrifdir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi diqqət nəticəsində beynəlxalq standartlara uyğun yeni stadionlar, Olimpiya İdman kompleksləri tikilib. Azərbaycanda 45-dən çox Olimpiya İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər iri idman qurğuları tikilib istifadəyə verilib.

Digər tərəfdən, Mənsimov “Xəzər Lənkəran”ın aid olduğu bölgəyə işarə edərək, guya klubun ayrı-seçkiliyə məruz qaldığını deyir. Bu, onun müsahibəsindəki ən qəbuledilməz məqamdır. Azərbaycanda futbol klublarının hamısının problemi olub və var. AFFA ilə ayrı ayrı vaxtlarda çox klub problem yaşayıb. Bunun bölgəyə nə dəxli var? Onda “Keşlə”nin, “Zirə”nin, “Simurq”un niyə problemləri var idi və hələ də var...

Bəlkə üstündə dayanası məqamlardan biri də Mənsimovun kriminal aləmlə bağlı danışdığı epizoddu. Amma yox, heç orda dayanmayaq. Tanınan 3-5 iş adamından biri niyə özünü “kabadayı” obrazında təsvir edir? Sonra da deyir ki, heç vaxt dilindən təhqir çıxmayıb...

Mübariz Mənsimovun müsahibəsinin ortaya qoyduğu daha bir gerçək isə media ilə bağlı oldu. Medianın bir hissəsinin “mübarizçilər” və “anti-mübarizçilər” görünməsi, hətta sosial mediada ağır təhqirlərlə müşahidə olunan deyişmələri üzücüdü. Mənsimovlar da gəlib-gedər, Abdullayevlər də. Media isə həmişə olacaq, qalacaq və qalmalıdı.

# 15714
avatar

Oxşar yazılar