Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir.
Lent.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Onun sözlərinə görə, Azərbaycanın 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik etməsi ilə bağlı qərar da ölkəmizin təşkilatın fəaliyyətinə və islam dünyasına növbəti töhfəsi olacaq:
“Məlum olduğu kimi, sədrlik 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək. 16-cı Sammitin Azərbaycanda keçirilməsi təşkilata üzv dövlətlərin ölkəmizə etimadının göstəricisidir. Azərbaycanın sədrliyi dövründə təşkilatın mövqelərinin möhkəmlənəcəyini indidən söyləmək mümkündür. Çünki bu vaxta qədər bütün təsisatlar Azərbaycanın sədrliyi dövründə fəallığı, ədalətli mövqeyi, səmərəliliyi ilə fərqlənib.
Azərbaycan İƏT-ə üzv olduğundan bəri təşkilatla sıx əməkdaşlıq qurulub. Ölkəmiz 1991-ci ilin dekabrından, öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İƏT hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı ədalətli mövqedən çıxış edib. 44 günlük Vətən müharibəsində təşkilat Ermənistanın müharibə cinayətlərini pisləyən bəyanatlarla çıxış edib”.
Xanım deputatın sözlərinə görə, İƏT postmünaqişə dövründə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir və bunun bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təkan hesab edir:
“İşğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edilməsi İƏT-i də hər zaman narahat edib. Çünki bu vandallıq xalqımıza qarşı mədəni soyqırım olmaqla yanaşı bütün müsəlman ölkələrinə qarşı təhqir idi.
Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan, BMT tərəfindən də təqdir edilən “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa töhfələr verir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESKO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur və ölkəmiz islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışır”.
Nigar Məmmədova həmçinin deyib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyi İƏT tərəfindən xüsusi qiymətləndirilir:
“Bütün müsəlman ölkələrini birləşdirən təşkilat bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin təşkili, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini qeyd edə bilərik. Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir.
Dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artdığı bir vaxtda təşkilatın nüfuzunun möhkəmlənməsi, eləcə də üzv ölkələr arasında münasibətlərin dərinləşməsi olduqca zəruridir. Azərbaycan kimi ölkələrin islamofobiyaya qarşı mübarizə ilə bağlı resurslarının zənginliyi, atdığı addımlar İƏT tərəfindən də müsbət qiymətləndirilir. Məlumdur ki, təşkilatın əsas məqsədi üzv ölkələr arasında həmrəyliyi, əməkdaşlığı təmin etməkdir. Eyni zamanda İƏT qarşısında məqsədlərdən biri də müstəmləkəçiliyə, neomüstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizə aparmaqdır. Azərbaycan bu gün dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən biridir. Ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz nəticələrini verməkdədir. Bakıda keçirilən beynəlxalq tədbirlərdən sonra neokolonializmə qarşı beynəlxalq tədbirlərə start verilib. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin lokomotivi kimi çıxış etdi. Əminliklə söyləmək olar ki, İƏT-ə sədrlik dövründə də Azərbaycan bu istiqamətdə fəallıq nümayiş etdirəcək”.
“İƏT getdikcə beynəlxalq miqyasda daha təsirli rol oynamağa başlayıb”
Deputatın sözlərinə görə, Azərbaycan da bu prosesdə fəal iştirak edir:
“Yeri gəlmişkən, ölkəmiz həm də müsəlman ölkələrinin birləşdiyi “D-9” təşkilatının da üzvüdür. Cənab Prezidentin də qeyd etdiyi kimi, “biz bütün müsəlman ölkələrinin maraqlarını öz maraqlarımız kimi qəbul edirik, o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan oldu.”
Təbii ki, bu prosesdə Azərbaycanın iqtisadi potensialı, siyasi nüfuzu, hərbi gücü də nəzərə alınıb. Həmçinin rəsmi Bakının İslam həmrəyliyi ilə bağlı siyasətinin burada xüsusi rolu oldu. D-9 öz coğrafiyasını İslam həmrəyliyinə uğurlu töhfələr verən Azərbaycan vasitəsilə genişləndirməyə üstünlük verdi”.