Gəncə rusları: "Dörd şəhid vermişik, Vətən uğrunda yenə döyüşə hazırıq!" - REPORTAJ
17 oktyabr 2020 16:16 (UTC +04:00)

Gəncə rusları: "Dörd şəhid vermişik, Vətən uğrunda yenə döyüşə hazırıq!" - REPORTAJ

- Bura bizim də vətənimizdi. Biz də ayaqdayıq. Könüllü döyüşə yazılmışıq. Biri elə mənim oğlum. Nə vaxt çağırsalar, anındaca yollanacaq, döyüşə.

Gəncə Rus İcmasının sədr müavini İrina Vladimirovna Kalaşnikovanın iş otağındayıq. Həmkarımızdır İrina xanım. Gəncədə nəşr olunan “Novosti Qyandji” qəzetinin baş redaktorudur.

O qəzetin ki iki ildən sonra düz 100 yaşını qeyd edəcək.

O qəzetin ki, keçmiş post sovet ölkələrində - Rusiya istisna olmaqla - əyalətdə nəşr olunan yeganə rus dilli qəzetdir.

- Narahatıq, amma bizi belə terror aktlarıyla susdurmaq mümkün deyil. Müharibə başlayandan bütün gəncəlilər kimi biz ruslar da hərbi komissarlığa üz tutduq. Biri elə mənim oğlum. Ehtiyatda olan baş leytenantdır. Nə vaxt gərək olsa, o da döyüşə yollanacaq.

İrina xanım əslən Yakutiyadandı. İrkutsk Dövlət Universitetində oxuyarkən azərbaycanlı Valehlə tanış olub evləniblər. Vladimir adlı bir oğlu olub. Sonra Kirovabada – indiki Gəncə - köçüblər. Vladimir hərbçi imiş. Amma faciəli şəkildə həlak olub.

İrina xanım deyir ki, onların icması 15 min nəfərə yaxın adamı özündə birləşdirir.  Azərbaycanın qərb regionunu, Yevlaxdan tutmuş Gürcüstan sərhədinədək böyük bir ərazini əhatə edir.

- Dünyada Azərbaycan qədər tolerant yer yoxdur. Azərbaycan dünyada yeganə yerdir ki, yəhudilər müsəlman azərbaycanlılar üçün dua edir, azərbaycanlılar döyüşdə həlak olmuş rus balasını şəhid adlandırır, pravoslav ruslar kilsələrdə şəhidlərimiz üçün xaç çevirib ruhuna dualar oxuyurlar. Siz dünyada belə bir yer göstərə bilərsinizmi mənə. Qətiyyən, yoxdur, belə ölkə.

Həmsöhbətimiz deyir ki, birinci Qarabağ müharibəsində təkcə Gəncədən 4 nəfər rus millətindən şəhid olub.

- Onlardan biri İqor Makeyev Azərbaycanın Milli Qəhrəmanıdır.

İqor Makeyev 1971-ci oktyabrın 27-də  Gəncədə fəhlə ailəsində anadan olub. Şəhərdəki 39 saylı məktəbi bitirib.

İrina xanım deyir ki, müharibə başlayanda İqor Rostovda imiş. Dura bilmir, Azərbaycana qayıdır.

- Anası onun döyüşə yollanmasından narahat imiş. İqor israr edib. Bura mənim vətənimdi deyib. Anasına deyib ki, sən məni burda dünyaya gətirmisən. Mən burda, bu torpaqda  yeriməyə başlamışam. Bu gün elə vəziyyətdir ki, onu qorumağa getməliyəm.  Anasıyla danışdıqdan sonra Bakıya gedib döyüş hissələrinin birinə yazılıb.

Ağdam istiqamətində ağır döyüşlərdə iştirak edir, İqor. 1992-ci il avqusun 2-də onlarla erməni quldurunu məhv edən pulemyotçu Makeyev 30-a qədər döyüşçümüzü mühasirədən çıxarır. Özü isə qəhrəmancasına həlak olur. Və tezliklə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

İqordan başqa gəncəli ruslar Georgi Lazerev, İlya Semiquzov, Vitali Sokolov da öz canlarını vətən uğrunda qurban veriblər.

 ***

- Biz görmüşük, döyüşçü döyüşçü ilə vuruşar. Amma onlar terrorçudurlar. Dinc əhalini nişan alıblar. Bu günlərdə ölkənin ikinci ən böyük şəhəri Gəncə hədəfə alınıb, uşaqlar, böyüklər, yaşlı adamlar həlak olublar. Müharibə çox uzaqda gedir. Dinc insanların heç bir günahı yoxdu. Ermənistan qəsdən bizi təxribata çəkmək istəyir ki, onlara cavab verək.

***

 Bunu isə Gəncədə yerləşən Aleksandr Nevski pravoslav kilsəsinin baş keşişi Denis  Sotnikov deyir. Kilsədə Gəncədə və Qarabağda həlak olan şəhidlərimizin ruhuna dualar oxunurdu. Kilsəyə gələnlərin də ardı-arası kəsilmirdi.

Denis Sotnikov deyir ki, dinc əhaliyə qarşı belə addımı ancaq alman faşistləri atıb. Ermənilərin bu addımı da məhz faşizmdir. Ermənilər Azərbaycanı təxribata çəkmək üçün belə addım atırlar.

 “Bizim Prezidentimiz olduqca müdrik siyasətçidir. O, bizi qələbədən qələbəyə aparır və aparacaq. Bizim də dualarımız onunladır”.

Əslən gəncəli olan Sotnikov “Gəncə mənim şəhərim, doğma torpağımdı”,  deyir.

- Biz səbirlə 30 il gözlədik. Qoy sakitcə bizim torpaqlardan, kənd və şəhərlərimizdən çıxıb getsinlər. Bizim də kilsəmiz sülh və əmin-amanlıq üçün dualar edir. Dünya ictimaiyyətinə müraciət etmək istəyirəm ki, üçüncü ölkələr Azərbaycanın haqq işinə mane olmasınlar. Azərbaycan 30 il dözdü. İndi bizim qəhrəman əsgərlərimiz hər gün bizi xoş xəbərlərlə sevindirir. Bizim doğma torpaqları azad edir. Cənab prezident də öz çıxışında dedi ki, kim bizimlə yaşamaq istəyirsə, qoy yaşasın. Mən Azərbaycan xalqına ancaq qələbə arzulayıram.

Yeri gəlmişkən ermənilərin atdığı raketin nəticəsində Gəncədəki pravoslav kilsəsi də ciddi ziyan çəkib. Kilsənin divarlarında çatlar əmələ gəlib, gümbəzindəki pəncərələrin şüşələri sınıb.

Söhbətləşdiyimiz rus millətindən olan yerli sakinlər də Gəncədəki terroru pisləyir. Marina Proninanın dediyinə görə, bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağıdır. “Bizim işimiz haqq işidir. Biz öz torpaqlarımızı azad etmək uğrunda haqlı mübarizə aparırıq”.

Xanım Pronina ermənilərin böyük günaha batdığını deyir. “Gəncənin gecə evində şirin yuxuda olan dinc sakinlərinə qarşı belə hərəkətin bir adı var: terror. Bu amansız hərəkəti bütün dünya pisləməlidi. Erməni vəhşiliyinə son qoyulmalıdı. Yuxuda olan insanları, xüsusən də məsum uşaqları öldürmək böyük günahdır. Dünya Ermənistanı bu vəhşilikdən əl çəkməyə məcbur etməlidi”.

İcmanın digər üzvü Tatyana Alekseyeva da ermənilərin Gəncədə törətdiklərindən qəzəblidir:

- Kilsəyə gəldim. Bütün günahsız insanlar, şəhidlərimiz üçün dualar etdim. Şam yandırdım. Biz birik, Azərbaycan xalqı öz prezidentinin ətrafında birləşib. Azərbaycanda yaşayan bütün xalqlar bir yumruq kimidir. Və bu yumruq erməniləri yerində oturdacaq.  

Sevetlana xanım isə deyir ki, Azərbaycanda yaşayan xalqlar sülhpərəstdirlər. “Biz müharibə istəmirdik. Biz öz torpağımız uğrunda vuruşuruq. Vuruşub, ölməyə, şəhid olmağa hazırıq. Biz Vətən müharibəsi aparırıq. Biz qalib gələcəyik. Əmin-amanlıq şəraitində yaşayacağıq.

İrina xanım deyir ki, ermənilər namərdcəsinə gecə Gəncəyə raket atırlar.

- Amma bu bədbəxtlər unudurlar ki, gəncəlilərin ruhunu, əzmini qırmaq mümkün deyil. Bütün Gəncə, hamımız Prezidentimizin yanındayıq. Prezidentimiz bizə, biz ona dayağıq. Qəhrəman əsgərimizin yanındayıq. Həm mənən, həm də cismən. 67 yaşım var. Bu gün də cəbhədə, burda hospitalda tibb bacısı kimi xidmətə hazıram. Tanrı vətənimizi qorusun. Qələbəyə az qalıb...

Gəncə-Bakı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1582
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar