“Minsk Qrupuna həmsədrlik Avropa İttifaqına verilməlidir” - MÜSAHİBƏ
28 iyul 2011 13:03 (UTC +04:00)

“Minsk Qrupuna həmsədrlik Avropa İttifaqına verilməlidir” - MÜSAHİBƏ

Bordo Siyasi Elmlər İnstitutunun beynəlxalq əlaqələr üzrə fəlsəfə doktorluğuna namizəd, Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunun əməkdaşı, Azərbaycan siyasəti və iqtisadiyyatı, Bakı-Tiflis-Qars dəmir yolu, eləcə də Cənubi Qafqaz-Avropa Birliyi əməkdaşlığına dair bir sıra məqalələrin müəllifi Samuel Lussakın APA-nın Vaşinqton müxbirinə müsahibəsi


- Azərbaycan “Şərq Tərəfdaşlığı” Planının konkret məna kəsb edəcəyinə və vətəndaşlarının bu proqramdan faydalanacağına ümid etdiyini bildirib. Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rolunu artırmaq üçün nə edilməlidir?

- Avropa İttifaqının Cənubi Qafqazda, eləcə də Azərbaycandakı proseslərə cəlb edilməsi uzun zamandır gündəlikdədir. Aydındır ki, Avropa İttifaqı bu sahədə daha çox iş görməlidir. İlk növbədə Cənubi Qafqaz ölkələri Avropaya inteqrasiya istəklərini daha fəal nümayiş etdirməlidirlər. “Cənub” dəhlizi layihəsini 10 milyard kubmetr qazla təchiz etməyi öhdəsinə götürən Azərbaycan, Avropa İttifaqı ilə möhkəm əlaqələr qurmaq niyyətində olduğunu ifadə edib. İkincisi, üzv dövlətlər Avropa İttifaqına, Cənubi Qafqazda daha çox “söz haqqı” verməlidirlər. Misal üçün, Minsk Qrupunun Fransa həmsədrliyi çoxdan Avropa İttifaqına verilməli idi. Yalnız Avropa İttifaqı bütövlükdə Ermənistan və Azərbaycan üçün doğru vasitəçi ola bilər. Dağlıq Qarabağ probleminin həllinin dalana dirəndiyi bir vaxtda, ümid edirəm ki, Avropa İttifaqı daha güclü rol oynamaq imkanını yarada biləcək.


- Bu gün Azərbaycan Avropa İttifaqı ölkələrinin qazla təmin edilməsi istiqamətində fəal siyasət yürüdür, eləcə də bir sıra layihələrin müzakirəsində iştirak edir. Avropa İttifaqı də karbohidratların Xəzər regionundan daşınması istiqamətində fəal danışıqlar aparır. Bu layihələrə Nabucco, Trans-Adriatik boru xətti, Türkiyə-Yunanıstan-İtaliya birləşdiricisi daxildir. Bunlardan hansı Azərbaycanın seçimi olacaq?

- Bildiyiniz kimi, Şahdəniz konsorsiumunun qaz satışı ilə bağlı tenderin nəticələrini oktyabrın əvvəlində elan edəcəyi gözlənilir. Şahdəniz konsorsiumunun tələblərinə uyğunlaşmaq üçün İtaliya-Türkiyə-Yunanıstan birləşdiricisi və Trans-Adriatik boru xətti arasında mübarizə gedir. Bununla belə biz hələ də Türkiyə və Azərbaycan arasında qaz tranziti anlaşmasının əldə olunacağını gözləyirik. Bu halda, bahalı olmasına baxmayaraq “Nabucco” daha etibarlı seçim kimi görünür. Qısa desək, hansı layihənin ilin sonunda finiş xəttini birinci keçəcəyini demək çox çətindir. Bununla belə, mərc gəlirəm ki, qalib layihə həm Şahdəniz konsorsiumunun, həm də Azərbaycanın gözləntilərinə cavab verəcək. Bu elə bir layihədir ki, Azərbaycan qazını etibarlı və rəqabətli şəkildə daşıya biləcək, eləcə də ARDNŞ-a Şərq və Cənub-Şərqi Avropa bazarına birbaşa çıxış imkanını təklif edəcək.


- Avropa İttifaqında “Nabucco” və Azərbaycanın bu layihədə rolu barədə çox danışılır, ortada isə konkret bir şey yoxdur. Bunu necə izah edə bilərsiniz?

- “Nabucco” Avropa İttifaqı komissiyası tərəfindən dəstəklənən ilk və qabaqcıl layihədir. Lakin Azərbaycanda, eləcə də Türkiyədə layihəyə kifayət qədər siyasi dəstək verilmir. Hazırda, bu layihə Azərbaycanın gözləntilərinə o qədər də uyğun deyil. Bu, bahalı layihədir və Azərbaycan bunun üçün pul xərcləmək istəmir. O, ARDNŞ üçün kifayət qədər böyük Şərqi Avropa bazarına birbaşa çıxış imkanı vermir. Sonda isə, Azərbaycan “Nabucco”da ardıcıl marşrut dəyişikliklərini qeyri-peşəkarlıq kimi dəyərləndirir. Buna görə də “Nabucco” Azərbaycanda əminlik yarada bilmir.


- Sirr deyil ki, Rusiya Azərbaycan və Avropa İttifaqı arasında yaxın münasibətlərdən məmnun deyil və Rusiya rəsmiləri açıq şəkildə bildiriblər ki, “Şərq Tərəfdaşlığı” Proqramı Rusiyanın maraqlarına qarşı yönəlib. Mümkündürmü ki, Rusiyanın mövqeyi, proqramın Azərbaycanda eləcə də digər 5 ölkədə icrasına mane olsun və ya onu ləngitsin?

- Mən belə düşünmürəm. Zənnimcə, biz tədqiqatçılar, Rusiyanın Şərqi Avropa və Cənubi Qafqazdakı rolunu şişirdirik. Mən hazırda Moskvanın, Avropa İttifaqı-Bakı yaxınlaşmasına mane olacağını düşünmürəm. Misal üçün, Rusiya Azərbaycan qazını bütövlükdə almaq üçün çox səy göstərsə də, Bakı hər zaman qətiyyətlə yox deyib və Avropa İttifaqının enerji təhlükəsizliyinə qoşulmağı üstün tutub. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində malik ola biləcəyi rıçaqlardan da çox danışılıb. Zənnimcə, iyunun sonlarında Kazan görüşünün uğursuzluğu bu rıçaqların o qədər də əhəmiyyətli olmadığını göstərdi. Prezident Medvedyevin ciddi səylərinə baxmayaraq, Azərbaycan və Ermənistan bir nəticə əldə etmədilər. Azərbaycan bu gün güclü müstəqil ölkəyə çevrilib və onun öz xarici siyasətini yürütməyinə mane ola biləcək bir dövlət görmürəm.


- Bakıda keçiriləcək “Eurovision” mahnı yarışması barədə çox danışılır. Bu hadisə Azərbaycan üçün Avropa yolunda hansı rol oynaya bilər?

- Bakıda keçiriləcək növbəti “Eurovision” mahnı yarışması Azərbaycana son illər ərzində necə dəyişdiyini nümayiş etdirmək üçün çox böyük imkan verir. Birləşmiş Ştatların səfiri Metyu Brayza dəfələrlə bildirib ki, Azərbaycan təkcə karbohidrat istehsalçısı olmadığını və daha çox nailiyyətlərə qadir olduğunu nümayiş etdirmək üçün bu imkandan istifadə etməlidir. Bu demokratiya, yaxşı idarəçilik, antikorrupsiya mübarizəsi və digər məsələlərdə inkişafı önə çəkməlidir. Bu hadisə göstərəcək ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropa üçün təkcə enerji tərəfdaşı deyil və digər sahələrdə də əməkdaşlığı inkişaf etdirməyə qadirdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar