“Avropa İttifaqının bəyanatı adekvat deyil”
16 aprel 2011 13:21 (UTC +04:00)

“Avropa İttifaqının bəyanatı adekvat deyil”

“Bizim əməkdaşlıq etdiyimiz təsisatların, o cümlədən Avropa təşkilatlarının ölkəmizdə baş verən ictimai-siyasi proseslərlə bağlı hər hansı fikirləri, tövsiyələri təbiidir. Çünki biz bu təşkilatlarla əməkdaşlıq edirik, bir sıra təşkilatların qarşısında öhdəliklərimiz var. Böyük ictimai əhəmiyyətli sayılan, öz miqyasına görə bütün respublikanı əhatə edən tədbir, yaxud hər hansı bir seçki prosesi ilə bağlı qiymət verəndə Avropa İttifaqı, Avropa Parlamenti, yaxud Avropanın digər təşkilatlarının rəyləri, fikirləri təbiidir. Amma heç bir ictimai rezonansa səbəb olmayan icazəsiz bir aksiya keçirilir, orada bir neçə yüz adam iştirak edir. Bu qanunsuz aksiyanın şəhərin mərkəzində - “Fəvvarələr” meydanında keçirilməsi özü müəyyən görüntülər əldə edilməsinə şərait yaradır. Sonra isə Avropa İttifaqı kimi çox ciddi və böyük bir təşkilat bununla bağlı rəy verir, tənqidi mövqeyini bildirir. Əlbəttə ki, bu bizim narahatlığımıza səbəb olur”.


Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa İttifaqının (Aİ) Azərbaycanla bağlı sonuncu bəyanatını şərh edərkən deyib.

O, bəyanatda aksiya zamanı polisin hərəkətinin qeyri-adekvat olmasından danışıldığını, ancaq Avropa İttifaqının özünün bəyanatının, mövqeyinin hadisəyə münasibətdə adekvat olmadığını vurğulayıb: “Yəni, baş vermiş hadisə, onun miqyası və göstərilən münasibətdən söhbət gedir. Avropa İttifaqının mövqeyi hadisənin miqyası ilə müqayisədə həddindən artıq tənqidi və çox kəskindir. Bu isə adekvat deyil. Əlbəttə, bizim hakim partiyadan olan həmkarlarımız bununla bağlı öz narahatlıqlarını bildiriblər. Bunun da əsası var. Xarici İşlər Nazirliyi də Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini dəvət edib və qeyri-obyektivliklə bağlı mövqe bildirilib. Lakin bir məsələni qeyd etmək istəyirəm ki, onlar bu məsələdə heç obyektiv ola da bilməzlər. Çünki hadisə ilə bağlı birtərəfli məlumat əldə ediblər. Bu qanunsuz aksiya lokal olsa belə, Avropa İttifaqı üçün əhəmiyyət kəsb edirsə və mövqe bildirmək istəyirlərsə, əlbəttə, bir qədər araşdırma aparmaq, digər tərəfin də mövqeyini, arqumentini eşitmək zəruri idi. Bunlar olmadığından Avropa İttifaqının bəyanatında həbslərlə, pozuntularla bağlı rəqəmlər çox şişirdilib. Əslində, Avropada hər gün onlarca bu miqyasda piket, mitinq keçirilir”.


Bununla yanaşı, Ə. Hüseynli bildirib ki, Aİ-nin sonuncu bəyanatı onun üçün gözlənilməz olmayıb: “Mənim üçün və ümumiyyətlə Avropa strukturları ilə parlament səviyyəsində təmasda olan insanlardan ötrü bu, təəccüblü deyil, hətta gözlənilən idi. Bu cür kəskin mövqe, əslində, həyata keçirilən siyasətin tərkib hissəsidir. Bilirsiniz ki, son dövrlər Azərbaycanın Avropa İttifaqı ilə həm bir təşkilat olaraq, həm də Avropa İttifaqına üzv olan ölkələrlə ikitərəfli münasibətləri çox yaxşıdır. Xüsusən də bu, son bir neçə ayda daha yaxşı hiss olunub. Xatırladım ki, Azərbaycan prezidentinin də Avropa İttifaqı ilə münasibətlərdə xüsusi mövqeyi var. O, sonuncu müşavirələrinin birində bununla bağlı çıxışında da edib. Bu, ölkənin siyasi iradəsidir. Amma Azərbaycanın artan imici fonunda Avropada Azərbaycan əleyhinə olan bir sıra dairələrlə erməni lobbiçiliyinin birgə həyata keçirdiyi fəaliyyətin gücləndiyini görürük. Azərbaycan əleyhinə olan dairələr belə fikirlər formalaşdırmağa cəhd edirlər ki, Azərbaycanın Avropa ilə, ümumiyyətlə Qərblə münasibətlərində neft, enerji təhlükəsizliyi amili arxa plana keçməli, insan haqları və demokratiya öndə olmalıdır. Bununla, əslində, görüntü yaratmaq istəyirlər. Çünki bu, absurddur. Azərbaycan üçün neft iqtisadiyyatı inkişaf etdirmək, daha da yaxşılaşdırmaqdan ötrü amillərdən biridir. Azərbaycan dövləti üçün neft birinci amil deyil, ön planda olan insan haqları, demokratiya və müstəqillikdir. Bizim Avropa İttifaqı və Avropanın digər strukturları ilə əməkdaşlığımızın da kökündə bu dayanır. Biz Avropa Şurasına əlimizdə nefti bayraq edib üzv olmamışıq. Ancaq belə bir modeli önə çəkirlər ki, Azərbaycana münasibətdə demokratiya və insan haqları məsələsində kəskin olmaq lazımdır, orada pozuntular var və s... Bu modeli erməni lobbisi tərəfdarları ilə birgə fikirləşib. Eyni zamanda, ara-sıra Azərbaycanın militar imicini formalaşdırmağa cəhd edirlər. Hətta sonuncu dəfə Xankəndidə qanunsuz tikilmiş aeroportla bağlı biz öz dostlarımızdan - hansı ki, onlar Avropa Parlamentində, Avropa Şurasında haqlı çıxışlar edirlər – narahatlıq siqnalları alırdıq. Onlar deyirdilər ki, Avropada Azərbaycanın artıq müharibəyə başlaması, militar siyasət yürütməsi barədə fikir yaranır. Bu da Ermənistan prezidentinin Xankəndiyə uçacaq təyyarənin ilk sərnişini olacağı barədə söylədikləri, sonra da Azərbaycan tərəfdən buna cavab addımı atılacağı barədə bəyanatın fonunda baş vermişdi. Bunu Avropada tamamilə başqa formada çatdırmağa başladılar.
Başqa bir misal. Xatırlayırsınızsa, Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozonun Bakıya səfər zamanı onun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı burada verdiyi bəyanatla Avropa İttifaqının rəsmi saytındakı bəyanatda fərq var idi. Azərbaycan diplomatiyası bununla bağlı çox ciddi işlər gördü. Amma onda bizim ictimaiyyət üçün də aydın olmalı idi ki, məsələlər, münasibətlər o qədər də sadə deyil. Növbəti misal. Avropa Parlamentində “Avropa qonşuluq siyasətinin xülasəsi” adlı qətnamədə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində tanınmamış ərazilərlə münasibətlərin qurulmasına dair bir bənd var idi. Azərbaycan diplomatiyası, Azərbaycanın bu strukturlardakı dostları çox böyük çətinliklər nəticəsində o bəndə düzəlişlər edilməsinə nail oldular və “faktiki hakimiyyətlə əlaqələrin qurulması” sözləri oradan çıxarıldı.
Beləliklə, biz müşahidə edirdik ki, erməni lobbisi və Azərbaycanın əleyhinə olan qüvvələr həddindən artıq aktivləşib. Biz, həmkarlarımız artıq Bakıdakı qanunsuz aksiyaların hazırlanması mərhələsində bilirdik ki, mütləq təxribatçı addımlar atılacaq və nəticə olaraq heç nə araşdırılmadan Avropa strukturlarından və digər beynəlxalq təşkilatlardan sərt bəyanatlar veriləcək. Əslində, bu, bizi təəccübləndirmir. Bizi təəccübləndirən Avropa İttifaqı kimi çox ciddi, mükəmməl qurumların həddən artıq lokal, kiçik bir hadisə ilə bağlı bu cür qeyri-adekvat, qeyri-obyektiv bəyanatlar verməsidir. Bu, əslində bizə qarşı yox, Avropa İttifaqının özünə qarşı hörmətsizlikdir”.



Komitə sədrinin fikrincə, ümumiyyətlə, ölkədə hüquqi mexanizmlər mövcuddursa, bu cür bəyanatlar verilməsindən çəkinmək lazımdır: “Tutaq ki, qanunsuz aksiyadır. Hətta tutaq ki, polis hansısa qeyri-adekvat hərəkət edib. Yaxud, tutaq ki, kimsə həbs edilib, ona qarşı ittiham irəli sürülüb. Burada hüquqi mexanizmlər varsa, belə siyasi bəyanatlara ehtiyac yoxdur. Çünki məsələn, məhkəmə sistemi bunun qarşısını ala bilər”.
Ə. Hüseynli bütün bunlarla yanaşı, deyib ki, Azərbaycan hökumət üzvlərinin və parlamentarilərin qarşısında Avropa təsisatları ilə çox ciddi münasibətlərin qurulması vəzifəsi var: “Bu, qarşılıqlı səfərlər fonunda olmalıdır. Brüssel bizim hökumət üzvlərimiz üçün də mütəmadi əlaqələr mərkəzinə çevrilməlidir”.



Ə.Hüseynli Aİ-nin məlum bəyanatının Azərbaycan-Aİ münasibətlərinə xələl gətirib-gətirməyəcəyi bağlı sualı isə belə cavablandırıb: “Bunlar bizim Avropa İttifaqı ilə münasibətlərimizə xələl gətirməməlidir. Məlum olduğu kimi, biz ATƏT-in, Avropa İttifaqının Bakıdakı nümayəndəlikləri və nümayəndələri ilə çox yaxşı münasibətdəyik. Bir sıra proyektləri birgə həyata keçirik. Bizim əməkdaşlığımız yenə də davam edəcək. Əlbəttə, hər iki tərəf elə etməlidir ki, bu münasibətlər konstruktiv, davamlı və ardıcıl olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar