Hərbi sərgi, çin adəti, ərəb səxavəti - REPORTAJ
07 mart 2011 11:09 (UTC +04:00)

Hərbi sərgi, çin adəti, ərəb səxavəti - REPORTAJ

Yaxın Şərqin ən böyük müdafiə sərgisi olan İDEX-ə dünyanın bir ucu Braziliya, digər ucu Koreyadan olmaqla 70-ə yaxın ölkəsindən 1060 şirkət qatılaraq özünün ən qabaqcıl hərbi texnologiyalarını nümayiş etdirdi. İlk dəfə sərgiyə qatılanlar arasında Azərbaycanla yanaşı Xorvatiya, Estoniya kimi dövlətlər də yer alırdı.

«Arı şirəyə qonan kimi» dünyanın müdafiə şirkətləri də neft və qazdan milyardlar qazanan körfəz ölkələrində keçirilən sərgilərə qatılmağa çalışır. Məhz bu səbəbdəndir ki, BƏƏ şeyxlərinin iki ildən bir düzənlədiyi İDEX-ə son 6-7 ildə qatılanların sayında dəfələrlə artımlar müşahidə olunur. Qlobal böhran dövründə belə «silahı yerə qoymayan» ərəb şeyxləri Almaniyadan, ABŞ-dan, Fransadan, Türkiyədən yüz milyardalarla dollar dəyərində hərbi sifarişlər veriblər. Təkcə Səudiyyə Ərəbistanı ötən il ABŞ-a 64 milyard dollar dəyərində silah və hərbi texnika sifariş verməklə dünya rekordunu vurub. BƏƏ-də silahlanmanı davam etdirməklə böyük həcmdə sifarişlər, xüsusilə də hərbi təyyarələr və «Leopard» tankları sifariş verib. Hərbi ekspertlər zarafatla deyirlər ki, «BƏƏ-də ordunun hər əsgərinin bir tankı, bir helikopteri var».

Körfəz regionunu «vuraram!» deyib duran İranın ayda bir yeni hərbi texnikanın nümayişindən də təsirlənən BƏƏ son illərdə ölkə ərazisində Fransa hərbi bazasının yerləşməsinə izn verib. Üstəlik də Palma adalarındakı milyonlarla dollar dəyərində villaları İranın hücumlarından qorumaq üçün yeni hərbi gəmiləri də almağa başlayıb.

Milyardlarını dənizdə süni ada qurmağa, kilometrlik göydələnlər tikməyə sərf edən ərəb şeyxlərinin «əliaçıqlığı» xarici şirkətlərin bölgəyə axınına şərait yaradır. Üstəlik bölgədəki neft yataqlarının bəxş etdiyi milyardlar 1500 il əvvəl Kərbəla çölündə bir birinin qanını axıdan ərəblərin yaxın bir neçə ildə yenidən savaşa qalxacaqlarını deməyə də əsas verir.

Bu ilki möhtəşəm sərginin açılışını BƏƏ-nin başçısı Şeyx Xəlifə bin-Zayed əl-Nahyan etdi. Abu Dabinin ən böyük sərgi mərkəzi ADNEC-də təşkil olunmuş sərgi qələbəliklə start götürdü. Dünyanın yaxın uzaq ölkələrindən, bütün irqləri və dinləri təmsil edən şəxslər (İsrail istina olunmaqla) özlərinə gərəkli olan ən son silah və texnikanı elə bu silah bazarında tapmağa çalışdılar.

Azərbaycandan Abu-Dabi debütü

Sərgiyə VİP qonaqların iştirakı ilə start verilir. Hava qüvvələrinin təyyarə və helikopterlərinin, quruda tankların və nəqliyyat vasitələrinin nümayişi ilə rəsmən açıldıqdan sonra, sərgi mərkəzinin girişində yer alan, şərq üslubunda hazırlanmış Azərbaycan stendinə öncə müdafiə naziri Səfər Əbiyev gəlir. Həmkarı Yavər Camalovla ayaqüstü beş- on dəqiqəlik hal-əhvaldan sonra müdafiə və müdafiə sənayesi nazirləri xarici şirkətlərin daha zəngin stendlərinə baş çəkməyə yollanır. Ziyarətlər isə ənənəvi olaraq Azərbaycana dost ölkələr olan Rusiya, Türkiyə, BƏƏ, Almaniya, ABŞ, Türkiyə və nəhayət Çin stendləridir.
Qısası, Azərbaycan İDEX-də öndə «İstiqlal» snayper tüfəngi olmaqla, 60 mm çaplı minatan, bombaları zərərsizləşdirmək üçün «Qığılcım» adlı qurğu, «Zərbə-U» adlı təlim bombası, 107 mm çaplı mərmi, sualtı gəmilər üçün dozimetrlər, müxtəlif çaplı döyüş sursatları, ETAİ-R adlı müşahidə radarı, elektron çap lövhələri, tank əleyhinə mina və s. əyani olmaqla 71 adda müdafiə təyinatlı məmulatı maket və ya kataloq şəklində nümayiş etdirirdi.

Sərgidə olub-keçənlərdən uzun-uzadı danışmayıb, orada müşahidələrimiz zamanı rastlaşdığımız bəzi maraqlı məqamları bu yazımızda qeyd etməyə çalışdıq.

«Heç ərəbski də deyil»

Yuxarıda qeyd etdiyimiz kimi, ərəb şeyxlərinin səyi və təşübbüsü ilə baş tutan İDEX Yaxın Şərqin ən böyük sərgilərindəndir. Bu səbəbdən də sərgiyə iştirakçı şirkətlərdən əlavə, bölgə ölkələrindən hərbi qurumların nümayəndələri, təchizat şirkətləri və s. olmaqla çoxlu sayda ziyarətçi qatılır. Tədbirə qatılma adətən sərgi saytında müəyyən edilmiş blankı doldurmaqla baş tutur ki, bu İDEX-də də zəruri idi. Bir ay əvvəl Bakıdan sərginin saytı vasitəsi ilə qeydiyyat aparmağımıza, qeydiyyatımızın təsdiqlənməsinə, üstəlik sərgidə təmsil olunacaq media kimi bizə də press-relizlərin göndərilməsinə baxmayaraq, sərgi mərkəzinin qarşısına çatdıqda biz və bizim kimi yüzlərlə insanın «ərəbski bürokratiya» ilə üzləşdiyinin şahidi olduq. Media, vizitor və sərgi iştirakçıları bölmələri ilə uzun uzadı çənə-boğazdan sonra bildirdilər ki, sən demə, saytda qeydiyyat prosesi tam aparılmayıb və nəticədə bizim qeydiyyat təsdiqlənməyib. Bu hansı səbəbdən olub, ərəblərin özləri də izah edə bilmədi. Nəhayət, iki saat İDEX-in veb-saytında dolaşıb, 50 dirhəm internetə pul xərcləyəndən sonra qeydiyyat prosesimizin harada yarımçıq qaldığını tapırıq. Özümün, tərcüməçim Şamil Əlibəyovun və Türkiyədən gəlmiş jurnalist həmkarlarımızın qeydiyyatını tamamlya bilirəm.

Sərgidə jurnalistlər üçün Qəddafinin çadırına bənzər çadırdan mətbuat mərkəzi də qurulmuşdu. Mərkəzdə mətbuat konfransı üçün zal, eyni zamanda jurnalistlərin işləməsi üçün nootbuklar qoyulsa da əsas problem internetin sürəti ilə bağlı idi. Yalnız sərginin əsas media sponsoru olan «Janes» dərgisindən savayı. Bu internet üzərindən sosial şəbəkələrə girmək, eləcə də «Skaype» vasitəsi ilə zəng vurmaq isə ümumiyyətlə mümkün deyildi. Media mərkəzinin əməkdaşları bunun səbəbini rəsmən izah etməsələr də qeyri-rəsmi söhbətdə, məhdudiyyətin ərəb dünyasında baş verən böhranın internet üzərindən BƏƏ-yə yetişməsini qarşısın almaq məqsədi güddüyünü söylədilər.

Yeri gəlmişkən, ərəb dünyasında baş verənlər, xüsusilə də bu bölgədə hərbi sahəyə daha çox vəsait ayıran Misir və Liviyadakı hadisələrdən ən çox narazı qalanlar isə ukraynalılar və ruslar idi. Sərginin sonunda öyrəndiyimizə görə, iki il əvvəl - 2009-cu ildə keçirilən sərgidə Misir, Liviya, Əlcəzair və Yəməndən milyonlarla dollar dəyərində sifarişlər almış Ukrayna tərəfinin bu dəfə kifayət qədər «qanı qaralıb».

Yenə də çinlilər

Sərgiyə müxtəlif ölkələrdən qatılan 600-dən artıq media nümayəndəsi arasında çinli jurnalistlərin çoxluğu da diqqətdən yayınmır. İDEX media mərkəzindən verilən məlumata görə, ümumilikdə 120-dən artıq çinli jurnalist «Press» bölməsi üzrə qeydiyyatdan keçərək sərgiyə qatılıb. Çinli «jurnalistlərin» sərgiyə hansı məqsədlə qatılması barədə az sonra.

Təbii ki, Çin böyük dövlətdir və hərbi sənayesi də inkişaf edir. İDEX-də böyük bir milli pavilyonda təmsil olunan Çinin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər hətta türklər, ingilislər və ruslar tərəfindən də maraqla qarşılanırdı. Amma sərgidə müşahidələrimizdən gəldiyimiz nəticəyə görə bura gələn çinli jurnalistlər xəbər hazırlamaqdan daha çox nümayiş etdirilən ən yeni texnologiyaları kopyalamaqla məşğuldurlar. Səhər sərgi başlamazdan 1 saat əvvəl gələn və 1 saat sonra sərgi mərkəzini tərk edən çinli jurnalistlərin «əmək fəaliyyətində» sərginin davam etdiyi 4 gün ərzində dəfələrlə bunun şahidi olduq. Çinli jurnalistlərin iştirakçıların müqavimətini qıraraq Azərbaycanın «İstiqlal» snayperini, «Denel» şirkətinin tank əleyhinə raketini, Türkiyənin «Otokar» şirkətinin «Arma» adlı sərgiyə ilk dəfə çıxarılan zirehli döyüş maşınını, Amerikanın son model XM25 qumbaraatanını, almanların «Mine Wolf» maşınını, «Vallon» şirkətinin detektorlarını, «Flir» şirkətinin termal kameralarını kopyalamaları və s. sərginin kopyalama baxımından «mühüm əhəmiyyət daşıdığını» göstərirdi. Sonuncu gün ukraynalı iştirakçıları nahara yola salan çinli iki jurnalistin əllərində lazer uzunluq ölçənlə ilk dəfə beynəlxalq sərgiyə çıxarılmış «Oplot» tankının detallarını necə cidd-cəhdlə ölçüb biçdiyini, hətta tankın qülləsinin fırlanma mexanizmlərinin fotoşəkillərini lentə alındığını da izləmək bizə qismət olur.

«One minute» bazarı açdı

Ötən il Davos forumunda Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın İsrail prezidenti Şimon Peresə qarşı səsləndirilmiş ittihamlardan sonra Türkiyə hərbi şirkətlərinin ərəb bazarı açılıb. Yaxın Şərq regionunda pop-stara çevrilən Ərdoğanın açdığı bu meydandan yararlanan türk firmaları da ərəb ölkələrindəki yerlərini maksimum genişləndirməyə çalışırlar. Məhz İDEX sərgisi də bu baxımdan türk hərbi sənayesi üçün önəmli meydanlardan biri sayıla bilərdi.

Türk şirkətlərinin rəhbərlərinin sözlərinə görə, ərəblər artıq bəzi hərbi məhsulları qərb ölkələrindən deyil, qardaş adlandırdıqları Türkiyə şirkətlərindən almağa maraqlıdırlar. Türkiyə şirkətləri isə rəqiblərindən fərqli olaraq məhsullarını yerində sınaqdan keçirərək ərəblərlə işbirliyi qururlar. Başda Müdafiə Sənayesi Katibliyi olmaqla FNSS, ASELSAN, ROKETSAN, MKEK, «Otokar», «Meteksan», «Yonca Onuk», «Dearsan», ATEL, «Öztek», «Yüksel Savunma», STM, BİTES, «Gate Elektronik» və s. kimi türk firmaları özlərinin təbirincə desək Abu-Dabiyə «desant çıxarması» etmişdilər.

Şeyx saat paylayır

Sərgiyə səs düşdü ki, bir BƏƏ şirkəti səxavət kisəsinin ağzını açıb, stendinə gələn ziyarətçilərə (VİP və müsahibə götürən jurnalistlərə) saat paylayır. Xəbəri eşidib biz də ora yollanırıq ki, bəlkə şeyx həzrətlərindən bir saat hədiyyəsi alaq. Məlum olur ki, xəbəri sonuncu eşidən bizik. “İnternational Golden Group” şirkətinin stendi önündə növbəni gözləmək lazım gəlir ki, bunun üçün də bütün günü işini atıb, şeyxin qəbulunu gözləmək lazımdır. Sağ olsun şeyx həzrətləri. Stendinə gələnləri uzun gözləmələrdə darıxmağa qoymur, çadralı ərəb qızları qonaqlara cürəbəcürə xurma, kofe, çay təklif edirdi. Hərbi şirkət şərq mentalitetini əsas götürərək stendə gələnlərə qızıl sancaqlı kiçik gözmuncuğu da hədiyyə etməyi unutmamışdı. Gözmuncuğunun taxıldığı sancağın qızıldan olduğunu isə çox gec – Bakıya dönərkən öyrənidik.

Azərbaycanlıların Dubay sərgüzəşti

Dubay deyiləndə Azərbaycanda adamın ağlına ilk olaraq azad ticarət zonası və bədənini pula satan qadınların toplaşdığı bir şəhər gəlir. Təəssüf ki, bu, hələ də belədir.

Yolüstü Dubayda olduğumuz müddətdə orada çalışan dostlarımızdan birindən bu vəziyyətin hələ də davam edib-etmədiyini soruşuram. “Yəqin reportaj hazırlamaq istəyirsən” deyib, tərəddüd etmədən bizi bir məkana götürür.

Öyrənirik ki, Dubayın mərkəzində «Burc əl-Xəlifə» göydələninin yaxınlığında yerləşən «Metropoliten» adlı otel, utandırıcı olsa da, azərbaycanlı qadınların hər gün toplaşdığı məkanlardan biridir. Burada eyni zamanda bütün millətlərin – tai, hind, ərəb, rus, türk və s. olmaqla, bütün irqlərdən olan millətlərin nümayəndələrinə rastlaşmaq olur. Hamısı da «Metropoliten»ə eyni məqsədlə – bədənlərini bir neçə saatlığa satıb pul qazanmağa toplaşır. Hər axşam bura gələn və bütün gecəni «Metropoliten»də keçirən azərbaycanlı qızlar burada özlərinə «ərəbski» adlar da seçiblər. Çoxlarının ya sənədləri yoxdur, ya da viza vaxtı başa çatıb. Beş-on ərəb və ya ingilis sözünü öyrənib başlarını hərləyirlər.

Qızlardan adının açıqlanmasını istəməyən biri ilə söhbət etməyə nail oluruq. Bakıdan iş dalınca Dubaya gəldiyini deyən müsahibimizin vizasının vaxtı çoxdan keçib. Hazırda qanunsuz olaraq Dubayda yaşadığını deyən qadının sözlərinə görə, geri qayıtmaq istədiyi halda BƏƏ polisləri tərəfindən onu həbs gözləyir. O, qanunvericiliyə əsasən viza müddəti başa çatandan sonra ölkədə qaldığı hər gün üçün müəyyən məbləğ ödədikdən sonra azad oluna bilər. Bu isə bir neçə on min dirhəm edir. Bundan sonra onu Azərbaycana deportasiya edəcəklər və o, bir daha BƏƏ-yə buraxılmayacaq. Söhbət zamanı bəzi maraqlı faktları da öyrənə bildik. Sən demə «iş dalınca» Dubaya getmiş bu qadınlara bəzi insanlar dəstək olur. Onlara qalmağa yer verir, müqabilində isə bu qadınlardan öz məqsədləri üçün istifadə edirlər. Bəzən bu qadınlar himayə müqabilində ev xərclərini ödəyir, gündəlik dolanışıq üçün bazarlıqları belə edirlər. Bir sözlə, onları himayə edən «kişiləri» əllərini ciblərinə salmağa qoymurlar.

Səfir də problemlərdən danışır

«Azərbaycanlıların BƏƏ-yə daxil olmasını məhdudlaşdırılması kimi bir problem yoxdur». Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanovun sözlərinə görə, ötən il bir neçə günlüyə texniki səbəblərdən belə bir problem yaransa da aradan qaldırılıb. Səfirin sözlərinə görə, Dubayda və ya BƏƏ-də hansısa hərəkətinə görə deportasiya olunmuş şəxslərin bu ölkəyə girməsi yasaqlanır: «Bəzən biri zəng edir ki, mən ömrümdə BƏƏ-də olmamışam. Amma adımın qara siyahıda olduğunu əsas gətirərək, viza vermirlər. Çalışıb bu məsələni həll edirik. Bu onunla bağlıdır ki, həmin ad və soyadlı kimsə vaxtı ilə Dubaydan hansısa hərəkətinə görə, vizasının vaxtı keçməsinəvə s. görə deportasiya olunub. Onun adı qara siyahıya salınıb. Eyni ad və soyadlı ikinci şəxs müraciət edəndə sistem bunu qəbul etmir. Biz çalışırıq ki bu kimi hallarda onlara kömək edək, viza alsınlar».

Səfir deyir ki, bəzən problemin yaranmasına hansısa şəxslər özləri də səbəb olurlar: «Kimsə buradan deportasiya olunur, Azərbaycana gedəndən sonra onlar pasportlarını dəyişirlər. Məsələn, Məmmədov soyadlı şəxs yenidən Dubaya gəlmək üçün bir az zəhmət çəkib olur Məmmədli. Amma bir şey də var. Dubaya gələnlərin aeroportda gözlərinin şəkli çəkilir. Həmin Məmmədli soyadlı şəxs Dubayda pasport qeydiyyatında gözü yoxlanılarkən üzə çıxarılır və dərhal deportasiya olunur».

Rəşad Süleymanov
Bakı – Abu-Dabi – Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1850

Oxşar yazılar