Prezident İlham Əliyev: “Bu, haqq mübarizəsidir”
17 oktyabr 2009 11:00 (UTC +04:00)

Prezident İlham Əliyev: “Bu, haqq mübarizəsidir”

Dövlət başçısı Azərbaycan qazının Türkiyədən yan keçən üç istiqamətdə ötürülməsi variantlarına baxıldığını bildirib

Oktyabrın 16-da Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda separatçı bölgəyə nə indi, nə də 100 ildən sonra müstəqillik verməsinin müzakirə edilmədiyini bəyanlayıb.


Prezident deyib ki, Azərbaycan əraziləri işğalçılardan azad olunmalı, məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən də Dağlıq Qarabağa qayıtmalıdırlar və bundan sonra sülhməramlı missiyanın həyata keçirilməsinə rəsmi Bakı etiraz etmir : “Bundan sonra Dağlıq Qarabağa müvəqqəti status verilə bilər. Ancaq bu, müstəqillik demək deyil. Gələcək danışıqlar prosesində iki tərəf – Azərbaycan və Ermənistan Dağlıq Qarabağın gələcək statusu haqqında danışıqları davam etdirəcək”.


Dövlət başçısı hazırda Ermənistanın danışıqlarda vaxt uzatma taktikasını əsas götürdüyünü söyləyib: “Danışıqların əvvəlki mərhələlərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafındakı rayonlardan çıxarılması barədə razılıq əldə olunmuşdu. Amma indi Ermənistan bu məsələni yenidən təzə bir mövzu kimi ortaya atır. Ola bilər ki, bölgədə yaşanan son hadisələr Ermənistanı bir qədər ruhlandırsın. Ola bilsin, indi onlar düşünürlər ki, uzun illər təcrid olunmuş vəziyyətdə yaşamalarına son qoyulur. Mən bu fikirləri bölüşmürəm. Azərbaycanın bölgədə və dünyada artan rolu Ermənistanın təcrid vəziyyətindən çıxmasına imkan verməyəcək”.


Ermənistanın təcrid olunmasının onun öz rəhbərlərinin fəaliyyəti nəticəsində baş verdiyini bildirən Azərbaycan Respublikasının Prezidenti qeyd edib ki, əgər torpaqlarımız işğaldan azad edilərsə, Azərbaycan bütün kommunikasiyaları açmağa razıdır: “Bölgədə Ermənistan-Azərbaycan münaqişəsi həll olunmasa, heç bir müsbət irəliləyiş mümkün deyil. Bu məsələni kənara qoyub hansısa başqa məsələni həll etmək nə siyasi, nə də mənəvi cəhətdən düzgün deyil. Azərbaycanın artan maraqları buna imkan verməyəcək. Biz öz maraqlarımız uğrunda axıracan mübarizə aparacağıq. Bu, haqq mübarizəsidir”.


İlham Əliyev bölgədə status-kvonun dəyişməsini ən çox Azərbaycanın istədiyini vurğulayıb: “Çünki bu status-kvo 20 ilə yaxındır, Azərbaycan torpaqlarının işğal altında saxlanması ilə nəticələnib. Amma bu status-kvo Azərbaycanın maraqları hesabına dəyişəcəksə, biz buna imkan verməyəcəyik. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir məsələ, nə siyasi, nə diplomatik, nə iqtisadi, nə də enerji məsələsi reallaşa bilməz”.



Azərbaycan Respublikasının Prezident İlham Əliyev müşavirədəki çıxışında Avropa Birliyinin Azərbaycan qazını dünya bazarındakı qiymətlərə almağa hazır olduğunu, amma tranzit ölkə kimi Türkiyənin qəbuledilməz şərtlər irəli sürdüyü üçün məsələnin həllini tapmadığını bildirib: “İndi bu məsələdə Türkiyədən başqa hamı tələsir. Avropa Birliyi ölkələri mümkün qədər tez qaz almağa çalışır, Azərbaycan qazına tez bazar tapmağa çalışır, xarici şirkətlər də pul qoyub pul qazanmağa tələsir”.


Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycanın Şahdəniz yatağının qaz ehtiyatları 1.2 trilyon kub/metr hesablanır. Yatağın ikinci hissəsinin istifadə edilməsinə xarici enerji şirkətləri 20 milyard dollar pul qoymağı planlaşdırır. Bu gün işlərə başlansa, yalnız 2015-ci ildə yatağın ikinci hissəsindən qaz almaq mümkün olacaq: “Bundan sonra yataq üzrə layihələrin müddətinin başa çatmasına cəmi on il qalır. On ilə isə 1.2 trilyon kub/metr qazı çıxarmaq mümkün olmadığından Şahdənizdəki xarici tərəfdaşlar narahatdır”.


Azərbaycan Respublikasının prezidenti deyib ki, Azərbaycan özü də mümkün qədər tez qazına bazar tapıb iqtisadiyyatına əlavə 20 milyard dollar sərmayənin qoyulmasını təmin etmək istəyir: “Ortada olan layihələrə görə isə Azərbaycan qazı Avropa ölkələrinə Türkiyə ərazisi ilə keçirilməlidir. Lakin Türkiyə Azərbaycan qazının öz ərazisi ilə Avropaya ötürülməsi üçün elə tranzit xərci istəyir ki, bunu qəbul etmək mümkün deyil. Heç kimə sirr deyil ki, Azərbaycan uzun illərdir, Türkiyəyə qazı dünya qiymətinin üçdə-birinə - 30 faizinə satır. Hansı ölkə xüsusilə də indiki şəraitdə öz təbii ehtiyatlarını başqasına bu qədər ucuz satmağa razı ola bilər? Keçən ilin aprelindən indiyə qədər aparılan danışıqlarda əfsuslar olsun ki, indiyə qədər tranzit məsələsində heç bir nəticə əldə edə bilməmişik. Biz istəyirik ki, qazımızın qiyməti heç olmasa, Rusiya qazının qiymətinin 8-10 faizi qədər aşağı olsun, daha 50 faizi qədər yox. Bizə bölgədə mövcud olan tranzit tariflərdən 70 faiz baha tarif təklif edirlər. Kim buna razılaşar?”


Dövlət başçısına görə, qəbul etməyin mümkün olmayacağını bilə-bilə bu cür şərtlər irəli sürmək bütövlükdə Türkiyə ilə qaz sövdələşməsini poza bilər: “Artıq Azərbaycan öz qazını satmaq üçün əlavə bazarlar axtarır. İki gün əvvəl Rusiya ilə qaz alqı-satıqısına dair müqavilə imzalanıb və həmin müqavilədə Azərbaycanın ən çoxu nə qədər qaz verməli olduğu göstərilməyib. Yəni, Azərbaycan nə qədər istəsə, Rusiyaya o qədər qaz sata bilər, həm də ortada tranzit ölkə olmadan, dünya bazarına uyğun qiymətlərlə. İranla da bu istiqamətdə müzakirələr var, Astarada olan qaz kompressor stansiyasını yeniləmək, ya da təzələmək və mövcud kəmərlərdə təmir işləri aparmaqla qazı İrana ötürmək mümkündür”.


Azərbaycan Respublikasının Prezidenti üçüncü istiqamət kimi qazın Gürcüstan vasitəsilə Qara dəniz sahilləri ilə Avropa məkanına çatdırılmasında görür: “Prinsip etibarı ilə biz buna razıyıq. Məsələni son dəfə mən Rumıniyada rəsmi səfərdə olarkən geniş müzakirə etdik, proses davam etdiriləcək. Bolqarıstanla da bu sahədə əməkdaşlıq mümkündür. Biz bunu da araşdıracağıq. Yəni çətin vəziyyətdən çıxış yolları tapmalıyıq və bu yollar da var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar