“Azərbaycana qarşı kiberhücumların 30 faizi Çin, 25 faizi Ermənistan ərazisindən edilib”
12 oktyabr 2010 17:48 (UTC +04:00)

“Azərbaycana qarşı kiberhücumların 30 faizi Çin, 25 faizi Ermənistan ərazisindən edilib”

“Qlobal inteqrasiya və texnologiya müxtəlifliyi prosesləri informasiya-kommunikasiya nailiyyətlərinin intensiv yayılması üçün əsas yaradıb, informasiya cəmiyyətinin formalaşdırılmasının əsasını qoyub”.

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin oktyabrın 5-6-da Soçidə keçirilmiş Birinci Beynəlxalq Görüşündə “Qlobal informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyinə qarşı təhdidlər: əməkdaşlıq istiqamətləri” mövzusunda çıxışı zamanı söyləyib.

R. Mehdiyev bildirib ki, informasiya mühiti milli təhlükəsizlik arxitekturasının siyasi, iqtisadi, müdafiə və digər tərkib hissələrinə aktiv təsir göstərir: “Lakin formalaşan informasiya cəmiyyəti özü ilə yeni təhdidlər də yaradır. Buna görə də dövlətin milli təhlükəsizlik konsepsiyasının reallaşdırılması dünyadakı yeni situasiyanı nəzərə almadan mümkün deyil. Bu gün beynəlxalq münasibətlərin istisnasız olaraq bütün subyektləri informasiya təhlükəsizliyinin təhdid obyektinə çevrilib. Kibercinayətkarlığa qarşı zəruri və adekvat müdafiənin olmaması ölkənin idarəetmə mexanizmini iflic vəziyyətinə sala və düzəldilməsi mümkün olmayan nəticələrə, insan və maliyyə itkilərinə səbəb ola bilər. Beynəlxalq institutlar intellektual mülkiyyətin internet şəbəkəsi vasitəsilə oğurlanması nəticəsində özəl sektora dəyən zərərin bir trilyon dollara çatdığını bildirir”.

Ramiz Mehdiyev Azərbaycanın İT texnologiyalarının inkişafına böyük diqqət ayırdığını bildirib: “Prezident İlham Əliyev bu sahəni ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edib. Azərbaycan inkişaf etmiş ölkələrin İT sahəsində təcrübəsini aktiv şəkildə öyrənir və müasir texnologiyalar dövlətin bütün sferalarında aktiv qaydada tətbiq olunur”.

Prezident Administrasiyasının rəhbəri bildirib ki, Azərbaycan informasiya təhlükəsizliyinə təhdidlərə dair beynəlxalq gündəmi diqqətlə izləyir: “Dərk edirik ki, Azərbaycan da dünya birliyinin digər üzvləri kimi, ölkənin informasiya-kommunikasiya məkanına xarici müdaxilələrdən sığortalanmayıb. Məsələn, 2010-cu ildə çoxlu sayda bank kartının nömrə və parollarını ələ keçirməyə müvəffəq olmuş və kart sahiblərinin hesablarından pul çıxarmış beynəlxalq mütəşəkkil qruplaşma zərərsizləşdirilib. Həmçinin milli aviaşirkətin biletlərin elektron satışı sisteminə xarici müdaxilə və qanunsuz bilet almaq kimi hal da qeydə alınıb. Azərbaycan daim kiberhücumların obyektinə çevrilib. 2010-cu ildə qarşısı alınan hücumların statistikası göstərir ki, bu hücumların coğrafiyası genişdir. Son altı ayda Azərbaycana qarşı kiberhücumların 30 faizi Çin, 25 faizi Ermənistan, 15 faizi ABŞ, 10 faizi Rusiya, 20 faizi isə digər ölkələrin ərazisindən edilib”.

Ramiz Mehdiyev Azərbaycanın tez-tez açıq informasiya təxribatları ilə üzləşdiyini vurğulayıb: “Ümumdünya şəbəkəsində separatçı fəaliyyətə çağırışlar müşahidə olunur, ölkənin ərazi bütövlüyü şübhə altına alınır, dövlətin ictimai-siyasi xadimləri təhqir obyektinə çevrilir. Qeyd etmək lazımdır ki, bu cür fəaliyyət növü daha çox Azərbaycanla müharibə vəziyyətində olan qonşu Ermənistanın informasiya strukturları tərəfindən həyata keçirilir. “İnformasiya silahı”nın istifadəsinə dair qeyd olunan misallardan başqa, Azərbaycanın informasiya resurslarına ardıcıl haker hücumları da həyata keçirilir. Bu hücumlar xüsusilə 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlı əhalinin kütləvi şəkildə öldürülməsi kimi faciəvi tarixin ildönümündə gerçəkləşdirilir. Təəssüf olsun ki, bəzən təxribat xarakterli hücumlar Azərbaycanın dinc qonşuluq münasibətləri olan dövlətlərdəki informasiya resursları tərəfindən də həyata keçirilir”.

Ramiz Mehdiyev bildirib ki, hər bir dövlətin qlobal şəbəkədəki milli seqmentə görə məsuliyyət daşımasının vaxtı çatıb: “Artıq hər bir dövlətin qlobal şəbəkədə milli seqmentə görə məsuliyyəti öz üzərinə götürməsinin və milli informasiya məkanındakı internet resurslarının mahiyyətinə diqqətlə yanaşmasının vaxtı çatıb. Bu ideyanı inkişaf etdirdikcə, terrorçu, ekstremist və separatçı yönümlü saytların fəaliyyətinin dayandırılması prosesinə başlamaq üçün vahid standartların işlənib hazırlanması mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar