Səngər: qələbəyə aparan cığır... - REPORTAJ
24 may 2010 10:00 (UTC +04:00)

Səngər: qələbəyə aparan cığır... - REPORTAJ

Əsgər analarına məktub…

Bu məktubu oğlunuz əvəzdən yazmağa özümdə cəsarət tapdığıma görə, yəqin ki məni qınamayacaqsınız…

Əziz ANA! Məni dünyaya gətirib beşiyim başında keçirdiyin, qayğımı çəkib nazımla oynadığın, saçımı sığalladığın, hətta mənə hirslənəndə bir-iki şillə çəkdiyin hər an üçün SƏN xoşbəxtsən! Ona görə xoşbəxtsən ki, körpə bildiyin balan indi silah daşıyır - VƏTƏN qoruyur. Burda-cəbhə xəttində yalnız iki danışan, iki danışdıran qüvvə var. Burda söz sahibi SİLAH və QEYRƏTdir. SƏN sözün başladığı, TORPAQ isə sözün bitdiyi yerdir, ANA! Danışdır məni, danışdır!

Əziz ANA! Keşikdə növbəmi başa vurub gözlərimi yumanda baş qoyduğum səngər üstü dizlərindir sanıram… Dan yeri söküləndə kişi-kişi ayaq üstə durub, baxışlarımla oyatdığım Günəş gözlərinə oxşayır. Torpağın sinəsini yarıb neçə-neçə igidi öz ağüşüna alan SƏNGƏR qolların kimi mehriban-mehriban bağrına basır məni… Məndən nigaran qalma! Əgər!... Əgər şəhid olsam, ağlama! De ki, VƏTƏN SAĞ OLSUN! De ki, VƏTƏN SAĞ OLSUN! De ki, VƏTƏN SAĞ OLSUN!

SƏN ona görə mənim ANAMsan ki, məni ƏSGƏR doğmusan! Mən ona görə sənin oğlun oldum ki, ƏSGƏR doğuldum! SƏN dünyaya daş gətirməmisən, ANA, daşları üst-üstə qoyub qala tikən, qala tikib səngər edən, özünü səngərə verib SƏNİ qoruyan oğul böyütmüsən!

Mən SƏNƏ də, SƏNGƏRə də, VƏTƏNƏ də bir ZƏFƏR borcluyam!

Çağıracam, yanıma gələrsən, ANA! Amma o vaxt çağıracam ki, buradan çox-çox uzaqlarda olacam. Orada babalarımızın əmanət qoyub getdiyi ÜÇRƏNGLİ BAYRAQ dalğalanacaq! Bax, sən gələndə oralar cənnətə çevriləcək! ANAların ayağı deyməyən
yerlər cənnət olmaz ki…

Barıt qoxulu “PRESS-Konferensiya”…

Bu məktubu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik-leytenant Eldar Sabiroğlu, bir neçə Qeyri Hökumət Təşkilatının nümayəndəsi və həmkarlarımla birlikdə səngərdəki görüşümüzdə yazmışdım əslində…

…Dəvət aldığımız tədbirin ilk hissəsində yediyim şirniyyatdan dadmağı hamıya arzulayıram. Əsgərlə çörək kəsmək, cənnət meyvəsi dadmaqdan şərafətlidir.
Sonra səngərə yollandıq. Adından göründüyü kimi, eşitməli olduğumuz güllə səsindən əsər-əlamət yox idi… Amma qəribə bir səs var idi! Səngərin içi ilə işğal altında olan torpaqlara doğru irəliləyənlərin addım səsləri-bir zəfər nəğməsinin ilk notlarına bənzəyən səs! Nə gözəl idi…

Əsgərin silahına, topuna-tüfənginə baxıb, yatağıyla, yeməyi ilə maraqlandıq. İşğal altındakı ərazilərə durbinlə-filanla göz yetirdikdən sonra səhra-döyüş şəraitinə uyğunlaşdırılmış çadıra toplaşdıq. Eldar Sabiroğlu bizə müsahibə verəcəkdi…

Əzəmətli hərbçi sözü…

Yəqin ki, Eldar müəllim bu sətirlərə görə məndən inciməz. Onu televiziya ekranlarında, Bakıdakı mətbuat konfranslarında çox görüb, çox dinləmişik. Amma Eldar Sabiroğlunun indiyədək söylədiklərinin heç biri səngərdəki çıxışlarına çata bilməz! Öz aramızdır, düşmənlə üz-üzə dayanıb, göz-gözə baxıb danışmaq ayrı şeydir. Bir güllə mənzilindən də az məsafədə sözün çəkisi tamam başqa təsirə malikdir…

Etiraf edim ki…

Müdafiə Nazirliyinin ünvanına yazdığım tənqidi fikirlərə görə, çox vaxt dostlarım tərəfindən qınanmışam da! Amma etiraf edim ki, axırıncı dəfə səngərdə olduğum gün fərəhimdən ağladım. Heç kim görməsin deyə, siqaret yandırmaq bəhanəsi ilə kənara çəkildim. Sözün həqiqi mənasında, qüvvətli bir ordunun yanında olduğuma görə hansı hissləri keçirdiyimi elə hərbi sirr kimi də saxlayıram. Və bu hissləri yaşamamış adamlara pis mənada yox, amma “birtəhər” baxıram! Ömrünüzdə bir dəfə də olsa özünüzü tanımaq istəyirsinizsə, səngərə - Azərbaycan əsgərinin yanına gedin.

Adamın şəhid olmağı gəlir…

Nazirliyin əməkdaşları və ərazidə xidmət edən hərbçilərimiz bizi bacardıqları qədər təhlükəli məqamlardan qorumağa çalışırdılar. Mümkün qədər ehtiyatlı davranmağa, daha etibarlı marşrutlarla hərəkət etməyə səy göstərirdilər. Amma rastlaşdığımız, gördüyümüz mənzərə adamı tamam başqa istiqamətdə çulğamağa vadar edirdi… Yalnız orda, yalnız SƏNGƏRDƏ ölümsüzlüyün fəlsəfəsini başa düşmək olar! “Analar oğul doğanda niyə sevinirlər?” sualının cavabı buradakı hər daşın üstündə yazılıb. Oxumağa dəyər!!!

Biz çox gecikirik!...

İçi də, çölü də coğrafi relyefə görə maskalanmış ala-toran çadırda polkovnik-leytenant Eldar Sabiroğlu Azərbaycan Ordusunun qüdrətindən, inkişafından, döyüş qabiliyyətindən danışırdı.
Oxuculara, tamaşaçılara, dinləyicilərə çatdırmağın “dərdi” olmasaydı, əminəm ki, jurnalistlərdən heç birinin qulaq asası halı yox idi bu fikirlərə. Ona görə ki, hər birimiz az öncə qarşılaşdığımız anların nəşəsindən zövq alırdıq. Eldar müəllim deyirdi ki, müharibə başlasa qələbə çalmaq çox qısa vaxt aparacaq. Düzdür, Eldar müəllim deyirdi. Amma bizim gördüklərimizin müqabilində biz də deyirik ki, gecikirik Qələbənin dadını duymağa. Düşmən Milli Ordumuzun qarşısında tab gətirə bilməz. Lap, 1990-94-cü illərdə olduğu kimi havadarları tökülüb gəlsə belə…

“Bizə “intervyu” yox, silah verəsiniz…”

Geri, Tərtər şəhərinə qayıdıb, orada da ayrılmalı olduq. Hadisələrin qaynar çağlarında, cəbhə bölgəsində çalışan müxbir kimi axtaranda tapmadığım, gah telefona cavab verməyən, gah nömrəsinə zəng çatmayan, tapanda da “Bizdə beli bir məlumat yoxdur” deyən Eldar Sabiroğlundan heç ayrılmaq istəmirdim. Əlimdə imkan olsaydı, səngərin başqa istiqamətlərinə də getmək üçün yalvarardım ona… Amma bu istəyim imkansızdı. Əl tutuşanda bircə kəlmə deyə bildim: “Eldar müəllim, o gün olsun tezliklə bizi bir də belə toplayıb “intervyu” yox, silah verəsiniz bizə - Qarabağa!!!”

Teymur Zahidoğlu


[email protected]
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar