Azay Quliyev: “Həmsədrlər problemin sülh yolu ilə çözülməsində ciddi rol oynamırlar” - MÜSAHİBƏ
01 may 2010 10:00 (UTC +04:00)

Azay Quliyev: “Həmsədrlər problemin sülh yolu ilə çözülməsində ciddi rol oynamırlar” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir şəhərindən səfərdən qayıdıb. Səfər zamanı Şuranın təbliğat materialları əsasında böyük sərgi təşkil olunub, nümayəndə heyəti KİV-də çıxış edib, qardaş ölkənin ictimai-siyasi xadimləri ilə görüşlər keçirib. Nümayəndə heyətinin başçısı, Şura sədri Azay Quliyev səfərlə bağlı təəssüratlarını APA ilə bölüşüb.

- Azay müəllim, bu səfərin aprelin üçüncü ongünlüyünə təsadüf etməsinin yəqin siyasi səbəbi də var...

- Bu səfər Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə təşkil olunub. Birliyin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə atdığı addımların təşviq edilməsi, o cümlədən Şuranın qeyd edilən istiqamətdə gördüyü işlərin Türkiyə ictimaiyyətinə çatdırılması ilə bağlı təklifləri var idi. Sonra Türkiyə Jurnalistlər Federasiyasından da bizə rəsmi dəvət gəldi. Səfərin əsas məqsədi Türkiyəyə qarşı yönəlmiş haqsız ittihamlara etiraz etmək və əksinə ermənilərin deyil, məhz Azərbaycan və Anadolu türklərinin ermənilər tərəfindən soyqırımına məruz qaldığını fakt və sənədlərlə sübut etmək, beləliklə erməni yalanlarını bir daha ifşa etmək idi.

- Bildiyimizə görə, İzmir şəhərində böyük sərgi təşkil olunmuşdu. Hətta Türkiyə telekanallarında da bu haqda geniş reportajlar verildi. Türkiyə ictimaiyyətinin marağını cəlb edən nə idi? Sərgidə nəyə daha çox üstünlük verilmişdi?

- Sərgidə Şuranın yardımı ilə QHT layihələri çərçivəsində hazırlanmış təbliğat materialları - kitab, broşur, sənədli film və fotolar nümayiş etdirildi. Bunların sırasında “Çanaqqladan başlanan yol”, “Soyqırım” (Quba), “İrəvan: danışır canlı şahidlər” sənədli filmləri, “Erməni yalanları”, “Qarabağ abidələri”, “Məcburən erməniləşdirmə”, “Bağanis Ayrım soyqırımı”, “Qarabağ gündəliyi” və 43 adda digər kitablar, eləcə də 100-ə yaxın fotoşəkil vardı. Bu materiallarda ermənilərin türk-müsəlman əhaliyə qarşı Azərbaycan və Türkiyə ərazilərində törətdikləri soyqırımı cinayətləri ifşa edilir, tarixi gerçəkliklər faktlara və arxiv sənədlərinə istinadən şərh olunurdu. Sərgidə erməni silahlı quldur dəstələrinin 1915-ci ildə Türkiyə bölgələrinə hücumlarını əks etdirən fotoşəkillər ilk dəfə nümayiş etdirildi. Bunlar əsasən Rusiya arxivlərindən götürülmüş fotolar idi.

Səfər müddətində bizim müxtəlif telekanallarda müsahibələrimiz, xüsusi proqramlarda çıxışlarımız oldu. Qəzetlərdə bu səfərlə, bu sərgi ilə bağlı geniş məlumatlar verildi, mətbuat konfransları keçirildi. Türkiyə ictimaiyyətinə erməni quldur dəstələrinin əliyalın Azərbaycan əhalisinə qarşı keçən əsrdə törətdikləri vəhşiliklər, xüsusilə Xocalı soyqırımı haqqında məlumat verildi. Açığı, mənim təəssüratım ondan ibarətdir ki, Türkiyə ictimaiyyəti bu məsələ və ümumiyyətlə Azərbaycan gerçəkləri haqqında kifayət qədər məlumatlı deyillər.

- Biz isə elə bilirik ki, orada hər kəs bu faciələrdən xəbərdardır...

- Bəli. Baxmayaraq ki, Azərbaycan dövləti, diasporu, ictimaiyyəti bu dəhşətli faciələrin tanınması üçün əlindən gələni edir, təbliğat aparır. Və yaxud da Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyinin nədən ibarət olduğu, Azərbaycan hansı prinsipləri müdafiə etdiyi geniş ictimaiyyətə tam aydın deyil.

- Sonuncu “24 aprel” eyforiyası zamanı Türkiyə mətbuatında Azərbaycana qarşı bir qədər təəccüblü mövqe də sərgiləndi. Mehmet Ali Birandın məlum məqalələrini nəzərdə tuturam.

- Mehmet Ali Birandın yanaşması kökündən yanlışdır və təəssüf doğurur. Mən bu məsələ ilə bağlı televiziyadakı çıxışımda fikirlərimi bildirdim və onu çox kəskin tənqid etdim. Hesab edirəm ki, onun bu cür yanaşması doğru deyil. Əvvəla, yanlışlıq ondan ibarətdir ki, guya ki, soyqırımı məsələsində Azərbaycan Türkiyəni müdafiə etmir. Mən buna qəti şəkildə etirazımı bildirdim. Xatırlatdım ki, mart ayının 5-də ABŞ-ın Konqresinin alt komitəsi erməni soyqırımı ilə bağlı qərar qəbul edəndə Azərbaycan yeganə dövlət idi ki, Türkiyəyə rəsmi şəkildə dəstək verdi. Prezident İlham Əliyev Türkiyə prezidenti cənab Abdulla Gülə telefon açdı, bu qərarı qəti şəkildə pislədi və onun ədalətsiz və səhv bir qərar olduğunu söylədi. Bundan sonra Azərbaycan parlamenti toplantı keçirdi və xüsusi qərarla Amerika Konqresinə müraciət qəbul edərək bu qərarı təkrar olaraq pislədi. Bundan başqa Azərbaycan ictimaiyyəti, o cümlədən QHT-lər də bu məsələyə çox kəskin şəkildə münasibət bildirdilər. Belə məqamları nəzərdən qaçırıb “azərilər haradadır” deyə çağırış etmək ən azından haqsızlıqdır.

- Belə bir gözlənilməz fikrin ortaya atılması bizə nəyi işarə edir?

- Bunlar hamısı ümumi bir fikri, tablonu yaratmağa imkan verir ki, biz Türkiyə və Azərbaycan cəmiyyəti olaraq hələ çox işləməliyik. Hesab edirəm ki, Türkiyə və Azərbaycan sərhədlərdən kənara çıxıb işləməlidirlər. Eyni zamanda, mən orada bizim diasporun müsbət təcrübəsi haqqında məlumat verdim. Keçən il Xarkov vilayəti səviyyəsində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar qəbul edilmişdi. Bu qərara Azərbaycan diasporu, xüsusilə Krım vilayətində yaşayan soydaşlarımız və bir sıra yerli cəmiyyətlər çox ciddi etiraz etdi və nəhayət, ilk dəfə olaraq 2010-cu ildə qondarma “erməni soyqırımı” ilə bağlı qəbul olunmuş qərar ləğv edildi. Bu ilk və uğurlu hadisədir. Deməli, biz yaxşı işləsək, nəticələrimiz də uğurlu olar. Amma düşmənlərimiz də işləyir. Bu faktın ardınca biz Ukraynanın Kiyev vilayətində “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüslərin səsləndiyini mətbuatdan oxuduq.

Bilirsiniz ki, Moldovada da belə cəhdlər olmuşdu, Azərbaycan diasporu bunun qarşısını ala bildi. Biz buna çox normal baxırıq. Çünki biz qardaş ölkəyik. Burada qeyri-adi bir şey yoxdur. Demək istədiyim odur ki, bu faktlara göz yumaraq “azərilər haradadır?” fikrini səsləndirmək bilgisi olmayan vətəndaşa mənfi təsir göstərə bilər. Ona görə də biz bu məsələdə daha diqqətli olmalıyıq.

- 24 apreldə ABŞ prezidenti erməni məsələsi ilə bağlı ənənəvi açıqlama verdi. O, “soyqırım” sözündən başqa bütün sinonimlərdən istifadə etdi. Superdövlətin rəhbərinin məsələyə hər il belə yanaşması ermənilərə yenidən fəallaşma imkanı vermir?

- Mən ilk növbədə cənab Obamanın bu fikrinə təəssüfümü bildirirəm. Bu yenə də yarımçıq bəyanatdır. Bu bəyanat Türkiyəni yenə də bu məsələdən asılı vəziyyətdə saxlamaq istəyindən irəli gəlir. Əlbəttə, bu bəyanatda ermənilərin başını sığallama, erməniləri razı salmaq istəyi də var. Əgər ABŞ bu məsələyə konkret münasibətini sərgiləsə və bu ittihamı birdəfəlik yalanlasa, digər ölkələrin də bu məsələyə münasibətində ciddi dəyişiklik olar.

- Azay müəllim, bildiyiniz kimi may ayında qondarma “Dağlıq Qarabağ parlamenti”nə seçkilər keçiriləcək. Sizə elə gəlmir ki, bu məsələyə biz çox soyuq yanaşırıq. Əsasən QHT sektoru bu məsələdə çox passivdir. Bu cür susqunluq nə ilə bağlıdır?

- Əlbəttə, mən buna təəssüf edirəm. Son vaxtlar QHT-lər bu cür məsələlərdə müəyyən passivlik nümayiş etdirirlər. Bəzi QHT-lər var ki, respublika ərazisində olan bir problemi böyüdərək müzakirə obyektinə çıxarmağı yaxşı bacarır, amma bu gün Dağlıq Qarabağda, Azərbaycanın işğal olunmuş ərazilərində baş verən bu cür qanunsuzluqlara ciddi reaksiya vermir. Bu, əlbəttə ki, təəssüfləndiricidir. Azərbaycan dövlətinin mövqeyi dəfələrlə ifadə olunub, Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirilib və bu addımı “qanunsuz” və “heç bir hüquqa sığmayan” bir məsələ adlandırılıb. Prezident İlham Əliyev də bu məsələ ilə bağlı münasibətini davamlı şəkildə bildirir və bu münasibətlər ermənilərə və dünya ictimaiyyətinə bəllidir.

Ermənilər növbəti dəfə bir şou yaradır, diqqəti özlərinə yönəltməyə çalışırlar. Onlar yaxşı bilirlər ki, bu hərəkətləri heç bir hüquqa sığmır. İşğal altında nəzarətsiz bir bölgədə seçkilər keçirilə bilməz. Heç vaxt insanların fikirləri sərbəst ifadə oluna bilməz. Digər bir tərəfdən bütün bu qanunsuz addımlar Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə tamamilə ziddir. Dağlıq Qarabağda o vaxt seçkilər keçirilə bilər ki, Azərbaycanın 7 rayonu işğaldan azad edilsin, Dağlıq Qarabağ ərazisi tam şəkildə silahsızlaşdırılsın və azərbaycanlılar Dağlıq Qarabağa geri qayıtsın. Bundan sonra o ərazidə Azərbaycan Seçki Məcəlləsinin müddəalarına əsasən seçkilər keçirilə bilər. Mən bunu ATƏT-in Vyanada keçirilən qış sessiyasında da dedim. Biz qondarma rejimin keçirəcəyi seçkilərlə bağlı etirazımızı fevral ayında bildirmişik. Bu il Norveçin paytaxtı Osloda keçiriləcək ATƏT-in illik yığıncağında da bu məsələyə toxunacağıq.

- Dağlıq Qarabağ məsələsinə toxunduqsa, gəlin bir məsələyə də münasibət bildirək. Həmsədr dəyişikliyi problemin həllinə nə dərəcədə təsir edə bilər?

- ATƏT-in Minsk Qrupunun həmsədrləri problemin sülh yolu ilə çözülməsində ciddi rol oynamırlar. Ən qəribəsi odur ki, problemin həlli elə də qəliz deyil. Həll metodu nədir? İşğal faktoru aradan qalxmalı, kommunikasiyalar açılmalı, yəni 7 rayon Azərbaycana qaytarıldıqdan sonra qaçqınlar geri dönməlidir. Bundan sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə xələl gəlmədən, Azərbaycan Konstitusiyası pozulmadan Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşməlidir. Qarabağda yaşayan istər erməni, istərsə də Azərbaycan icmasının təhlükəsizliyinə zəmanət verilməlidir. Bu, çox aydın bir formuladır. Ermənistanın özünə arxa hesab etdiyi Rusiya və ABŞ bu məsələyə ciddi münasibət bildirməli və bu məsələnin həll yollarında beynəlxalq hüquqa uyğun, ədalət prinsipinə arxalanaraq hərəkət etməlidirlər. İndi isə həmsədrlər sanki problemin uzadılması və həll edilməsinə maneçilik törətməklə məşğuldur.

- Bu proseslərdə biz Sərkisyandan tamamilə başqa addımlar gözlədiyimiz halda o, Türkiyə ilə imzalanmış protokollardan imtina etmək barədə bəyanat verdi...

- Bilirsiniz ki, bəyanat verilməzdən əvvəl o, Moskvaya səfər etdi və təbii ki, Moskvada Rusiya rəhbərliyi ilə birgə qərar qəbul etdikdən sonra bu addımı atdı. Bu addımla Sərkisyanın müəyyən mənada soyqırımı məsələsinə təsir etmək və özünə dəstək qazanmaq istəyi də vardı. Bu da şübhəsiz qeyd olunmalıdır. Çünki məhz ayın 23-də, yəni bir gün əvvəl belə bir qərarın elan olunması həm daxili auditoriyaya, həm də erməni diasporuna yönəlmiş bir addım idi. İstənilən halda məsuliyyət tam şəkildə Ermənistanın üzərində qalır.

- Sonda yenə qayıdaq Türkiyə səfərinizə. Azay müəllim, Siz Türkiyəni yaxından tanıyırsınız. Bir qədər əvvəl qeyd etdiniz ki, diaspor fəaliyyətini artırmalıyıq. Amma bir halda ki, bizim qardaş ölkəmiz problemimizi dərindən bilmir, məsələn, Xocalı soyqırımı ilə bağlı məlumatsızdırsa, biz hansı addımları atmalıyıq?

- Əlbəttə, mən bu fikri hamı haqqında yox, geniş ictimai rəydəki mövcud durumla bağlı səsləndirdim. Bu sərgi insanlarda böyük həyəcan hissi yaratdı və insanlar gördü ki, bu qədər böyük bir vəhşət baş verib. Məlumatsızlığa, təbliğatın düzgün istiqamət üzrə aparılmamasına görə biz özümüzü də günahlandırmalıyıq. Biz öz qardaş ölkəmizə yetərincə məlumat verməmişik. Bu faktları onların yaddaşında vaxtaşırı yeniləməmişik. Sərgidə yerli vətəndaşlar gəlib bizimlə görüşdülər. Dedilər ki, biz Azərbaycan xalqının başına gətirilən bəlaların bu qədərini bilmirdik. Hesab edirəm ki, Azərbaycan və Türkiyə bütün potensialını bu istiqamətə yönəltməli və bu iş ciddi şəkildə koordinasiya olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar