Hadı Rəcəbli: “Azərbaycanda kasıb çox şişmandır, piy içində batıb gedir”
30 aprel 2010 14:30 (UTC +04:00)

Hadı Rəcəbli: “Azərbaycanda kasıb çox şişmandır, piy içində batıb gedir”

“Kompüterimdə məşhur Rokfellerin qızının şəkli var, çox sadə geyinib...”

“Azərbaycanda kasıb dolanan adama baxıb görürsən ki, çox şişmandır, piy içində batıb gedir. Kasıbdır, ehtiyac içində yaşayır, bununla belə, hər gün ət yeyir. Amma xaricdə əti ayda bir dəfə, çox nadir halda yeyirlər, çalışırlar, elə ərzaq məhsulları ilə qidalansınlar ki, kökəlməyə, eyni zamanda, israfçılığa gətirib çıxarmasın”.
Bunu Lent.az-a açıqlamasında Azərbaycanda yemək mədəniyyəti ilə bağlı sualı cavablandıran Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib.
Hadı Rəcəbli bildirib ki, Azərbaycanda elə adamlar var ki, hər gün az qala kabab bişirib yeyirlər: “Amma bizim tərəflərdə - Lənkəranda, o cümlədən Ordubad tərəfdə 200 qram ətlə ailəni, hətta 5-6 qonağı da yola verirlər, gözəl yeməklər bişirilir, həmin yeməklərin içərisinə elə ədviyyatlar qatılır ki, ləzzətindən doymaq olmur. Bizdə yemək mədəniyyətinin özündə çoxlu naqisliklər, problemlər var və bu problemlərin aradan qaldırılması üçün özümüzdə və xaricdə olan müsbət nümunələrin, təcrübələrin təbliğ olunmasına, öyrədilməsinə ehtiyac var. Nəhayət, bizdə də yemək-içməyə daha az pul sərf olunması üçün nəsə edilməlidir, digər addımlar atılmalıdır”.
Hadı Rəcəbli hesab edir ki, bu məsələdə də müvafiq icra qurumları, bələdiyyələr öndə olmalı və onlar adamlara başa salmalıdırlar ki, aldığı əmək haqqı daxilində daha rasional addımlar atsınlar. Komitə sədri geyim mədəniyyətindən də gileylənib: “Bəzən görürəm ki, “butik”dən elə geyim məhsulları alırlar ki, adam dəhşətə gəlir, çox eybəcər, yaraşıqsız. Onu geyinən adamı çox yaraşıqsız göstərir. Sadəcə, nə var-nə var hansısa bahalı firmanın, məsələn, “Dolce & Gabbana”nın, “Versacci”nin malıdır. Geyim mədəniyyəti ilə bağlı məsələdə daha çox təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Məhz onlar uşaqlara, böyüməkdə olan nəsillərə gözəl geyinməklə bahalı geyinməyin fərqini anlatmağı bacarmalıdırlar. Bir vaxtlar dünyada “cinsemaniya” oldu. Cins geyimlərə keçildi. Məsələn, mənim kompüterimdə məşhur Rokfellerin qızının şəkli var. O həmin şəkildə çox sadə geyinib, əynində cins paltardır. Bundan başqa, gedib baxsan, görərsən ki, ümumiyyətlə, dünyanın varlı, karlı insanlarının geyimləri necə sadədir, necə dəbdəbədən uzaqdır. Ona görə biz elə etməliyik ki, insanlarımız daha az məsrəflə daha səmərəli yaşayışlarını təmin etsinlər, yaxud etməyi bacarsınlar”.
Hadı Rəcəbliyə görə, zövqlərin korlanmasının daha çox mənfi çalarda olan bəhs, bəhsləşmə öz “rolunu” oynayır: “Yaraşdı-yaraşmadı, keyfiyyətlidir-keyfiyyətsizdir, ucuzdur-bahadır, heç nəyə varmadan başqası ilə bəhsləşmək, “ayaqlaşmaq” cəhdləri məhz bu cür xoşagəlməyən halların, problemlərin yaranmasına gətirib çıxarır. Digər tərəfdən, bəzən deyirlər ki, əmək haqları artırılsın, maaşları, pensiyaları artıraq. Mən isə həmişə onun əleyhinəyəm ki, əmək haqqını artırmaq hələ o demək deyil ki, insanların real gəlirləri normal olur. Burada istiqamət, əslində əmək haqlarının yox, real gəlirlərin artmasına yönəlməli, ünvanlanmalıdır. Eyni zamanda bazarda rəqabət bərabərliyi və həmçinin bolluq yaranmalı, təmin edilməlidir. Bolluq olanda, o zaman qiymətlərin aşağı düşməsinə də, real gəlirlərin artmasına da təsir göstərmiş olur”.
Komitə sədri qaçqın və məcburi köçkünlərlə bağlı bir məqama da toxunub: “Zamanında qaçqın-köçkünlərimizin böyük hissəsi zəhmətə qatlaşaraq ailəsini dolandırmağına baxmayaraq, müəyyən bir hissəsini bu əlabaxımlığa öyrətdik. Eyni zamanda, bu gün imkanlı, varlı-karlı ailələrdə olan, dünyaya gələn uşaqları ələbaxımlığa öyrədirlər, uşaq nə istəyir alırlar. Tələbədir, pulun qədrini bilmir, əyninə elə bahalı paltar geyinir ki, onun dəyəri başqa bir adamın az qala onillik məvacibinə bərabər olur. Bununla yanaşı, bu pis tendensiya, vərdiş nəticəsində həmin tələbə artıq işləməyə də meylli olmur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar