Ağcaqanad və  böcəklərin sancması İİV-ə yoluxdurur? – Həkimdən AÇIQLAMA
17 fevral 2021 13:00 (UTC +04:00)

Ağcaqanad və  böcəklərin sancması İİV-ə yoluxdurur? – Həkimdən AÇIQLAMA

Lent.az Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova ilə  ağcaqanad və digər böcəklərin sancması İİV-ə yoluxması haqında müsahibəni təqdim edir:

- AİDS/QİÇS nədir? İnsan orqanizmində inkişaf prosesi necədir?

- İlk növbədə qeyd etməliyəm ki, bu iki anlayışı biri birindən ayırmaq lazımdır.

İİV – İnsanın İmmunçatışmazlığı Virusu İIV-infeksiyası - İnsan İmmunçatışmazlığı Virusu ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir.

QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromu. İİV-infeksiyasının son mərhələsidir. İnsanın immun sisteminin zədələnməsi nəticəsində yaranan ağır, çox vaxt müalicə olunmayan ikincili xəstəliklərlə səciyyələnən mərhələdir.

-  İİV- infeksiyasının insan orqanizminə necə təsir göstərir?

- İİV insanın immun sisteminin hüceyrələrində çoxalaraq, onları məhv edir. Nəticədə isə insanın immun sistemi zədələnir və müdafiə funksiyasını yerinə yetirə bilmir. Orqanizmin müxtəlif xəstəliklərin törədiciləri və bədxassəli şişlərlə mübarizə aparmaq qabiliyyəti zəifləyir. İnsanda sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir və müalicə tətbiq olunmasa, xəstəlik ölümlə nəticələnir.

- İİV/QİÇS haqqında nələri bilməliyik?

- Tam müalicəsi yoxdur. Tətbiq olunan virusa qarşı müalicə- antiretrovirus müalicə (ARV-terapiya) ilə  adlanır. ARV-terapiya ömürlükdür, orqanizmin köklü sanasiyasi hələ ki mümkün deyil. Lakin, ARV-terapiya İİV-ə yoluxmuş insanların həyatını uzadır, həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Vaxtında tətbiq olunan ARV-terapiya ölüm hallarının qarşısını alır.

- İnsanlar çox zaman xəstəliyə yoluxma yollarını qarışdırırlar. Bu haqqda daha dəqiq məlumat verə bilərsinizmi?

- Xəstəliyə yoluxma yollarına gəldikdə, İİV-ə yoluxmanın cəmi 3 yolu var.

Cinsi yolla İİV-ə yoluxmuş insanla homo- və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində yoluxma mümkündür.

Parenteral yolla İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində  çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarinin istifadəsi nəticəsində yoluxma halları olur.

Perinatal yolla isə  İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində yoluxma ola bilər.

İnsanlar çox zaman bu mövzuda yanlış düşünürlər. Belə ki, İİV-ə gündəlik məişət təmaslarıyla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. İIV sağlam dəridən keçməz. Bundan əlavə, İİV bu yollarla da, əl sıxma, dəriyə toxunma, qucaqlaşma, tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis, duş, üzmə hovuzu, dəniz, sauna, hamam, ağcaqanad və digər böcəklərin sancması ilə keçməz.

- Diaqnoz necə qoyulur?

- İİV-infeksiyasının xüsusi simptomları olmadığından, İİV-ə yoluxmuş insanın uzun müddət yoluxduğu haqqda məlumatı olmur. Diaqnostika yalnız laborator müayinələrin aparılması yolu ilə mümkündür. Müasir testlər  müayinənin nəticələrini 15-20 dəqiqə ərzində əldə etmək imkanı yaradıb. İİV-ə müayinələr pulsuz və tam anonim aparılır.

- QİÇS-in ötürülməsinin qarşısını alan bir peyvənd varmı? Özümüzü necə qorumalıyıq?

- Bu günə kimi İİV-ə qarşı effektiv peyvəndlərin hazırılanması mümkün olmayıb. Lakin, buna baxmayaraq dünyanın bir çox aparıcı univerisitetləri, dərman firmaları peyvəndin yaradılması istiqamətində öz işlərini davam etdirir.

İİV/QİÇS epidemiyasına qarşı zəruri mübarizə tədbirləri vaistəsilə insan özünü qoruya bilər. Məsələn, donor qanının təhlükəsizliyinin təminatı, tibb müəssisələrdə universal təhlükəsizlik tədbirlərinin tətbiqi, anadan uşağa İİV-in ötürülməsinin profilaktikasının aparılması və.s

- Yoluxmanın qarşısını necə almaq olar?

- Narkotik maddələrdən istifadə etməməklə qarşısını almaq mümkündür. İstifadə edən şəxslərin isə fərdi şpiris və digər inyeksiya ləvazimatlarından istifadə edilməməlidi.

Təsadüfi cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək, kosmetoloji prosedurlar (Manikür, tatuaj, pirsinq və s.) zamanı steril avadanlıqlardan istifadə etmək.

Bu zaman yalnız şəxsi və təzə gigiyenik vasitələrdən istifadə etmək lazımdı.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

Nigar Adil

Oxşar yazılar