Fevralın 14-də Türkiyənin teatr-kino aktyoru Emre Kınay Heydər Əliyev Sarayında konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcək. Lent.az-ın məlumatına görə, konsertdə sənətçini Özgür Sevinçin dirijorluğu ilə “Sinema simfoni” müşayiət edəcək. Bu, ifası ilə Türkiyədə olduqca çox sevilən və populyar olan aktyor E. Kınayın Bakıda ilk konserti olacaq. Biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür.
E. Kınay çoxsaylı tamaşaçılara “İki aile”, “İlan hekayəsi”, “Günəşi beklerken”, “Ah kalbim”, “Günəşin qızları” seriallarından yaxşı tanışdır. O, 5 mart 1970-ci ildə İstanbulda sənətçi ailəsində anadan olmuşdur. Ata-anası teatrda işlədiyinə görə uşaq yaşlarından sənətin sehrinə düşmüşdür. Orta təhsilini İstanbulda alan Emre Kınay 1990-cı ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyasına daxil olur. İkinci kursda oxuyarkən, 1992-ci ildən müəllimi Zeliha Berksoy tərəfindən teatra dəvət edilir və orada çalışmağa başlayır. Teatrla yanaşı, bir çox filmlərdə də rol alan Emre Kınay “İlan hekayəsi”, “İki ailə”, “Günəşi beklerken”, “Ah kalbim”, “Günəşin qızları” seriallarında baş rolları canlandırıb.
Sənətçi 2005-ci ildə müəllif teatrı olan Duru Teatrını yaradır və elə həmin ildə dünyaya gələn qızına da Duru adını qoyur. Emre Kınay 2004-cü ildə 23-cü İstanbul Film Festivalında, 2006-cı ildə isə Afife Teatr Ödülləri müsabiqəsində “İlin ən yaxşı aktyoru” mükafatlarını qazanmışdır.