Telman Abdinovun çəkmədiyi Apsara
31 may 2014 14:48 (UTC +04:00)

Telman Abdinovun çəkmədiyi Apsara

Bu bir virtual reportajdır.

Mən internetin yaratdığı imkanlarımdan yararlanaraq, Lənkərandakı bir yazar evindən Naxçıvandakı bir rəssam evinə səfər etmişəm.

Qapı açıqdır, içəri adladığım zaman divarlar boyu düzülmüş tabloların arasında dayanmış adamı görürəm.

Arxaya daranmış bəyaz saçlar, boyundan asılı eynək, harasa uzaqlara baxdığı görünən, amma əslində öz içinə yönəlmiş baxışlar, sakitlik, aşiqlik, yorğunluq...

Tabloların arasında özünün də bir rəsm olmasını düşünməyən adam.

Telman Abdinov.

 

***

 

Onu hardasa gördüyümü düşünürəm nə üçünsə, halbuki heç qarşılaşmamışıq, hətta mənim kim olduğumu belə bilmir bəlkə, barəsində yazdığım bu sətirlərdən də xəbərsizdir.

Rəsmlərini izlədikcə isə...hər şeyi anlayıram.

Mənim “Apsara” adlı hekayəmdəki rəssam obrazım imiş ağlımı qarışdıran, yaddaşımı çaşdıran.

“Səma rəqqasəsi” adlı Apsara obrazı yaratmaq istəyən qəhrəmanım.

 

“Apsara”dan:

 

Mən ilk dəfəydi əsl rəssamı və əsl rəsm əsərlərini bu qədər yaxından görürdüm.
Tablolarda ən müxtəlif qadınlar təsvir olunsa da hamısı Sərdarın özünə oxşayırdı…yoox, daha doğrusu, Sərdarın təbəssümünə…
Hamısı sarışındı, hamısının sinəsi və ayaqları açıqdı, hamısının döşləri nar şəkilndə təsvir olunmuşdu…

 

***

 

Telman Abdinov da nar şəkli çəkməyi sevir.

Yox, onun rəsmlərindəki qadınların sinəsində nar şəkli yoxdur.

Boşdur o qadınların köksü...

Amma bütün rəsmlərdə nar rəngi var, nar rəsmi çəkilmiş olsa da,olmasa da.

Güldandakı çiçəklərdə, dənizdəki neft buruğunda, kişi portretlərinin köynəklərində, qadın təsvirlərinin arxa fonunda...

 

Kətan üzərində yağlı boya ilə çəkilmiş “Atikənin portreti” adlı əsərdə isə balaca bir qızın oturduğu kürsüyə hopub nar rəngi.

Sanki qız nəhəng bir al-qırmızı narın içindən çıxıb.

“Nar qız” deyə gülümsəyirəm qeyri-ixtiyari.

 

Nağıldan:

 

Şahzadə narı dərdi və iki yerə böldü. Narın içindən gözəl bir qız çıxdı. Qız "su, su, suuu..." deyə çırpındı.
Şahzadə heç nə anlamadı, anlayanda isə gec idi...
 

 

Vikipediyadan:
 

Telman Abdinov — Azərbaycanın əməkdar rəssamı (2002).

1954-cü ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (1988). Boya, qrafika janrlarında bir çox əsərləri var. Bir çox xarici ölkələrdə sərgiləri təşkil olunub.

Yaradıcılığında portret və mənzərə janrı mühüm yer tutur.

 

***

 

“Dostunu mənə göstər, deyim kimsən”  deyib atalar.

Mən də Telman Abdinovun çəkdiyi portretlərin arasında başqa bir rəssamın rəsmini tapan kimi, həmən həmin rəssamın kimliyi ilə maraqlanmağa başladım.

Mehmet Ali Doğan adlı türkiyəli həmkarını təsvir edərkən, Telman Abdinov nar rəngindən bircə yerdə istifadə edib – Türkiyə bayrağının bir dalğasında.

Əsərdəki digər rənglərin hamısının ümumi ovqatını isə türkiyəli rəssamın əsərlərində görmək olur.

Mehmet Ali doğan da qırmızı rəngin müxtəlif çalarlarından çox istifadə edir, nar rəngindən başqa.

Həm də Mehmet Ali Doğanın qırmızı rəngi “susur”, bu isə o deməkdir ki, həmin rəng deyil onun əsərlərinin ruhu, məsələn, sarıdır…

Telman Abdinovun əsərlərindəki nar rəngi danışır adamla, “Su! Su! Su!” deyir sanki.

Eynən “Nar qız” nağılındakı şahzadə kimi…

 

“Apsara”dan:

 

Tabloların hamısı yağlı boya ilə işlənmişdi.
Heç birinə uzun-uzadı baxmaq olmurdu. Adamın gözlərini yorub aparırdı rənglər.
Leyla təklif etdi ki, əsərlərə uzaqdan baxaq, çünki yaxından heç nə anlaşılmır…
O, haqlıydı..bir neçə addım geriyə çəkilib baxdığım zaman portretlərdəki obrazların nəinki cizgilərini, ruhunu belə görmək oldu.

 

***

 

Təkdirlər Telman Abdinovun tablolarındakı qadınlar.

Ayrı-ayrılıqda da təhna qadınlardır, hamısını bir yerə toplasan, yenə tənhadırlar.

Qəribə kədər var baxışlarında, bəbəklərində özləri qədər tənha kabuslar əks olunmuş qədər kədərlidirlər onlar.

İçlərindən boy atan tənhalıq bütün rəngləri sıxır, qaralayır, qaranlığa gömür.

Ümidsizlik deyil bu.

Yorğunluqdur.

Elə “Yorğunluq” adlı toblodakı görünməyən qadının ruhu kimi.

 

“Apsara”dan:

 

Öz içində rəqs edən qadın!..
Ruhu səmalarda süzən bədən…
Apsara…

 

***

 

İllər öncə yazdığım kiçik hekayədəki rəssam qəhrəmanımın nar dolu tablolarını bu gün internetdə, Telman Abdinovun əsərlərində görməyimdən hissə qapılmışam bəlkə də.

Çünki onların arasında Apsara rəsmi aradım nə üçünsə.

Bəlkə də heç zaman çəkməyəcək onu.

Amma Apsara onun əsəridir, əminəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1622

Oxşar yazılar