Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 143 illiyin münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib. Direktor bildirib ki, Azərbaycan teatrı keşməkeşli ömür sürərək zamanın mühakiməsindən üzü ağ çıxıb.
Daha sonra çıxış edən teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artistlər Almaz Mustafayeva, Kəmalə Hüseynova, Naibə Allahverdiyeva Milli Teatr günü ilə bağlı fikirlərini dilə gətiriblər.
Çıxışlardan sonra dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri Xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Quruluşçu rejissoru C. Səlimova olan səhnə əsərinin musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.
Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edir.
10 mart Milli Teatr Günü ilə əlaqədar Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları, xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artist Şəfəq Əliyeva, aktrisa Məsumə Babayeva Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı, teatrın direktoru M.Həmidov TXİ-nin Fəxri Fərmanı ilə təltif olunublar.