- Sənin Muğannan dünyasını dəyişdi, - dedi bibim telefon xəttinin o tərəfindən, ağlamsınmış səsiylə, - xəbəri eşidəndə ağlıma ilk sən gəldin, zəng elədim ki, başsağlığı verim...
***
Mənim Muğannam...
***
“Mənim məhəbbətim” adlı əsər yazacaqmış dedilər.
Yazdığı o tək vərəq də masasının üzərində qalıbmış.
Eləcə saxlayıb...və gedib...
***
Onunla ilk tanışlığım “İdeal”ın ilk variantını oxuduğum vaxt olmuşdu. Mənim onda on beş yaşım vardı. Annotasiyasında “Ölümə çarə varmı? Sizə fantastik görünəcək bu suala müəllif ... cavab verir “ sözləri yazılmış əsər məni özünə çəkmişdi, o vaxta qədər sevə-sevə oxuduğum fantastik hekayələri, baxdığım filmləri düşünmüşdüm.
Amma...tam başqa bir dünya görmüşdüm qarşımda.
Kitab bitəndə mən artıq həmin o “başqa” dünyanın içindəydim tamamən.
Sonra məndə qəribə bir maniya yarandı.
Məktəb xərcliyimi yığıb şəhərimizdəki Kitab Evindən “İdeal”llar aldırmağa başladım. Onları müəllimlərimə, yaxın qohumlarıma hədiyyə edirdim.
Bir gün ayıldım ki, mən artıq qonşu qızlarla, hətta məndən qat-qat böyük qadınlarla uzun-uzun söhbətlər edirəm bu kitab barəsində.
Dayım məni “dəli dərviş” adlandırırdı, əmim “belə davam edərsən, gəlib aparacaqlar səni yadplanetlilər” deyə gülürdü.
Amma xoş idi, “İdeal”ın ən son vərəqində özünü “dəli” adlandıran müəllif kimi dəli olmaq istəyi tamamən sarmışdı ruhumu.
Mən ya ondan danışırdım, ya da təkliyə qapanıb onu düşünürdüm.
Məktublar yazırdım ona uzun-uzun, heç birini göndərmirdim, ünvanı, yeri bəlli deyildi vurğunu olduğum yazıçının.
Bir də... bir-birindən saf, qəribə, həm də qərib şeirlərim yaranmağa başlamışdı.
Bəsdir bu dünyanı seyr etdin daha,
Çevir gözlərini, öz içinə bax,
Bir dünya görərsən, bürünüb aha,
Bacarsan, nur olub o dünyaya ax.
Vuruş öz içində şeytanla, cinlə,
Sevindir Tanrını bu qüdrətinlə,
Dinlə öz ruhunu, saflaş və dinlə,
Sonra da Həqq deyib şimşək kimi çax.
Ayırma həyatda toyu ya vayı,
Ömür bəxşiş deyil, bəxt də havayı,
Dünyada nə görsən Eşqdən savayı
Yandır saflığının hikmətiylə, yax...
Hansısa bir dalğaya köklənmişdim sanki, həzzi qədər sirri, sirri qədər tənhalıq ağrısı, ağrısı qədər gücü vardı.
Onu görmək istəyirdim.
Bakı – mənim üçün Muğannadan ibarət olan bir məkan idi.
Mən bu şəhərə mütləq gəlməli, ruhumu əsir etmiş adamı mütləq tanımalıydım.
Orta məktəbi bitirib, ali məktəbə qəbul üçün paytaxta gəldiyim günü xatırlayıram. Yaxın bir qohumun evində, saatlarla pəncərədən aşağı baxırdım, onun da mütləq Hüsü Hacıyev adına olan bu küçədən keçəcəyini gözləyirdim.
Elə həmin qohumun evində gördüyüm telefon kitabçasında tapdım gördüyüm zaman ürəyimin min bir yerdən əsdiyi rəqəmləri...əzbərlədim.
Və ertəsi gün evdə tək qalınca da onları yığdım.
Özü cavab verdi...
- Mən “İdeal”ı oxuduğum üçün zəng etmişəm, - dedim, - mənə EySardan danışın, xahiş edirəm.
Əvvəl susdu, sonra “kimdir?” soruşdu, “bir oxucu” dedim sadəcə.
O, danışdı...əzbər bildiyim mətləblərin harasından nə dedisə, mən də qarşılıq verdim, bəlkə bir saat çəkdi bu söhbət, bəlkə də zaman dayanmışdı, bilmirəm.
- Çox sevinirəm, - dedi, - “İdeal” barədə bu qədər rahat danışa bilirəm, həm də bir xanımla...bağışlayın, siz hardasa işləyirsiz?
- Mən...məktəbi indi bitirmişəm, imtahana gəlmişəm, - dedim dilim topuq vura-vura, elə bil bayaqdan dil-dil ötən deyildim heç.
- Başa düşmədim, - səsi dəyişmişdi, - sənin neçə yaşın var ki?
- On altı... – mənim səsim tam ölmüşdü deyəsən.
- Mənim altmış altı yaşında dostlarım mənim yazdığımı başa düşməyiblər, sən hardan çıxdın belə, hə? – o qədər əsəbi dedi ki! – get, dərslərini oxu!
***
Dərslərimi oxudum, amma “İdeal”ı ötən heç bir roman olmadı mənim üçün.
“İdeal” məni ən müxtəlif fəlsəfələri, ən fərqli mifologiyaları, dinləri, ezoterikanı, mistikanı, metafizikanı, magiyanı, paralel aləmləri, meditasiayanı, insan ruhunu, dünya insanını, görünməyən dünyaları öyrənməyə vadar etdi.
Əlimdə olan və olmayan bütün imkanlardan və bütün imkansızlıqlardan yararlanmaq vardı bunlara can atmaq yolunda.
“İdeal” məni “Məhşər”ə və digər əsərlərə adlatdı.
***
Universitet illəri vaxtı da bəlkə min adamdan soruşdum onu, hər kəsdən bu cavabı aldım amma: “ Deyirlər, dəlidir, narahat etmək olmaz...”
Bir dəfə zəng etdim, qızı Sevil xanımla danışdım, görüşmək istədiyimi dedim, o da “Hal-hazırda xəstədir, sonra bir gün görüşərsiz” dedi.
“Azərbaycan” jurnalının yaradıcı heyəti içində imzası vardı deyə, onu görmək üçün son ümid kimi AYB binasına getmişdim. Jurnalın redaksiya heyəti oturan otağı tapıb, qapını döydüm, açanda isə pəncərədən küçəyə baxan qəribə kədərli bir adam elə qəribə bir kədərlə mənə diqqətlə baxıb söylədi:
- Səni bu hüsnü-camalü, bu kamal ilə görüb
Qorxdular Həqq deməyə, döndülər, insan dedilər... hə, xanım qız, sizə kim lazımdır? Və mən niyə bu beyti oxudum sizi görən kimi? Siz allah bağışlayın, özüm də bilmədim.
- Mənə Muğanna lazımdır, - dedim.
- Muğanna bəşəriyyətə lazımdır, - dedi gülümsəyərək və daha çox kədərlə baxdı üzümə, - deyirəm axı, niyə o beyti demişəm...heyf, Muğanna burda yoxdur, xəstədir, heç kimi görmək istəmir, sağalanda ilk yanına mən gedərəm bəlkə, siz də gələrsiz.
Amma mən Lənkərana dönməli oldum, o kim olduğunu bilmədiyim qəribə kədərli adam isə, bilmədim, görə bildimi onu sonra...
***
Muğanna mənim həyatımın və yazı bacarığımın bütün qarışıq və hətta xaotik dekorasiyaları üçün dəyişməz bir fon olaraq qaldı.
Anladığım, amma anlada bilmədiyim şeylərdi bunlar.
Sadəcə aprel havasının sərin kədərinə sığınıb yazıram.
Mən atamı da apreldə itirdim, Muğannamı da.
Elə bu da aprel üçün son yazım olacaq, bilirəm...