Afaq Bəşirqızı: “Toydan üç gün sonra həyat yoldaşımı məhkəməyə çağırdılar”
30 oktyabr 2013 21:51 (UTC +04:00)

Afaq Bəşirqızı: “Toydan üç gün sonra həyat yoldaşımı məhkəməyə çağırdılar”

“Aləmi güldürəni güldürmək istəyənə gülürəm. Mən insanları çox sevirəm, onlara  bir təşnə kimi, mehrab kimi baxıram. Düşünürəm ki,  onları sevsəm, hər şey yaxşı olar. Hamı mənim insanlara qarşı addım atsa, qeyri-adilik olar”.  Bu sözləri APA TV-nin “Üç valet” verilişinin qonağı, xalq artisti Afaq Bəşirqızı deyib.

 

Müasir dövr barədə fikirlərini bölüşən aktrisa cənnət və cəhənnəm anlayışlarına da münasibətini açıqlayıb: “Əli əleyhissəlam  deyib ki, insanlar zəmanələrinə bənzəyirlər, amma zəmanə də bizlərdən ibarətdir axı. İstəyirəm cənnətdə olum, cəhənnəmdən çox qorxuram, amma o qədər günahlar etmişəm ki… Ola bilsin, üçüncü təbəqədə yer tutum, bəlkə yaxşı hərəkətlərin günahlarımdan çoxdur.  Bu həyatla axirətin fərqi ondadır ki, burada qismən sərbəstsən, mühakimə olunmursan, hətta bəzən mühakimə edirsən, amma o dünyada belə olmayacaq, mühakimə olunacaqsan”.

 

Afaq Bəşirqızı səmimi etiraflar da edib: “Fərqləndirməni, fərqi çox sevirəm, yaratdığım Söylü ilə Afaqın fərqini. Bu fərqi simalarda oxuyanda sevinmişəm ki, mən qalibəm, o fərqi oynaya bilmişəm. Bilirlər ki, mən Söylü deyiləm, Ziba deyiləm”.

 

Aktrisa həm də mütaliəni çox sevdiyini deyib: “İki dəfə Gi De Mopassanın əsərlərinin neçə cildlik nümunəsini ehtiyac üzündən satmışam, amma əlimə pul düşən kimi yenə onun kitablarını almışam, çünki onun kimi həyatı təhlil edən ikinci yazıçının olduğuna inanmıram”.

 

“Ömrümün qalan hissəsini Vaqif Səmədoğlu ilə bölərəm. Hamısını verə bilmərəm, çünki mənim də qayğıma ehtiyacı olanlar var”.

 

“Hansısa rolumun üstümdə damğa kimi qalmasını istəmirəm. Söylüdən sonra da çoxlu obrazlar yaratdım, Zəhra, Suqra, başqaları. Amma Söylünün damğasını silə bilmədim, bacarmadım”.

 

Xalq artisti yaratdığı Söylü obrazının həyatdakı gerçək Söylü ilə çox oxşar olduğunu bildirib: “Söylü mənə zəng eləyib dedi ki, çox sağ ol, əla obraz yaratmısan, həqiqətən belə qadınlar var, elə bizim kənddə də var. Bu gün Söylünün tərbiyəsinə böyük ehtiyac var.  Söylünü mənə Tükəzban adlı qadın sevdirdi.  Söylünün sədaqəti, lirikası, insanlığı, Moşudan fərqli olaraq,  məni çox cəlb etdi”.

 

Afaq Bəşirqızı başqa rollarından da söz açıb: “Suqranı, Zəhranı da yaşamışam.  Heç vaxt mövzudan, şəraitdən istifadə edən aktrisa olmamışam.  Etiraf edim ki, hələ arzuladığım obrazı oynamamışam”.

 

“Həyat rolumu yaxşı oynaya bilmədim, yarımçıq qoydum.  Amma hər şey yaxşı olacaq, mən sabahla yaşayıram. Məğlubiyyəti sevmirəm, mütləq bir çıxış yolu tapıram.  Doğmalarımı tez itirmişəm, indi də doğmalarım çox deyil. Amma dostlarım çoxdur. Moskvada “Bəşir Teatrı” yaratdım. Mənim yorulmağa ixtiyarım yoxdur.  Elə şeylər var ki, onu yalnız özüm özümə etiraf edə bilərəm”. Bunları da xalq artisti deyib.

 

Afaq Bəşirqızı ilk dəfə şərqşünaslıq fakültəsinə sənəd verdiyini bildirib: “ Atamın adından həyatda iki-üç dəfə istifadə etmişəm. Bunun biri də şərqşünaslıq fakültəsinə imtahan verəndə olub. Lakin  müəllim dedi ki, siyahıda sənin adın yoxdur”.

 

“Səbirsizəm. Bu xasiyyətimə görə həyatda bəzən uduzmuşam. Falçıya getməmışəm, amma zəng eləmişəm. Bunun mənə  köməyi olmasa da, təskinlik tapmışam”.

 

Aktrisa ailə həyatı qurması ilə bağlı da barədə maraqlı faktlar açıqlayıb: “Yoldaşımla 1979-cu ildə tanış olduq. Onda mən gənc aktrisa idim, o da komsomol katibi idi. Hər gün onun işlədiyi yerin yeməkxanasında nahar etməyə gedirdik. Nədənsə mənə elə gəldi ki, o, mənə söz atdı, çantamı fırlatdım ki onu vuram, əlimi göydə tutdu və çantamı cırdı. Ən maraqlısı bu idi ki, mən onu məhkəməyə verdim. Sonra biz evləndik və məhkəməyə müraciət etdiyimi də unutduq. Ərizəni geri götürmək yadımdan çıxdı. Toydan üç gün sonra həyat yoldaşımı məhkəməyə çağırdılar”.

 

Afaq Bəşirqızı deyib ki qadını sevmək azdır: “Onu qadın etmək lazımdır. Qadını qadın edən kişidir. Evi də ev edən kişidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4675
avatar

Oxşar yazılar