Sevdiyi qızı qaçırtdı, 6 il nikahsız yaşadı, böyütdüyü uşaq qatil oldu - Niyazi ömrü
13 yanvar 2023 18:22 (UTC +04:00)

Sevdiyi qızı qaçırtdı, 6 il nikahsız yaşadı, böyütdüyü uşaq qatil oldu - Niyazi ömrü

Lent.az-ın “Gizlədilən xəzinələr” adlı layihəsinin növbəti yazısını təqdim edirik. Bu layihədə dünyaya yetərincə təqdim edə bilmədiyimiz sənətkarlarımızdan bəhs edirik. Bu gün unudulmaz sənətkar, dahi musiqiçimiz Niyazidən danışacağıq.

Dəfələrlə “Koroğlu” uvertürasını dinləmişəm. Müxtəlif orkestrlərin, müxtəlif dirijorların təqdimatında. Heç biri Niyazinin dirijorluğu altında çalınan uvertüra qədər möhtəşəm olmayıb. 

P.Çaykovskinin “Qaratoxmaq qadın”, A.Barodinin “Knyaz İqor”, C.Bizenin “Karmen”, C.Puççininin “Bohema”, B.Smetananın “Satılmış gəlin” operalarını Soltan Hacıbəyovun “Gülşən”, Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərini tamaşaya Niyazi hazırlamışdı. Bu əsərlər hamısı Qızıl Fondumuza daxil edilib. Fenomenal yaddaş sahibiydi. Fəaliyyəti yalnız dirijorluqla bitmir, özü də gözəl əsərlər bəstələyirdi.

Təkcə “Rast” simfonik muğamını qeyd etmək yetərli deyilmi? Rast" muğamı  Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb dünya musiqisinin qızıl fonduna daxil edilib. 

O hər bir əsərə öz enerjisini, öz ruhunu, öz ilhamını qatırdı. Niyazi nəfəsi dəymiş hər bir əsər daha zəngin çalarlara bürünürdü, dinləyicini alıb sehirli bir dünyaya aparırdı.

Konsert başlayırdı, çox ciddi, zəhmli sima ilə tamaşaçıları və orkestri salamlayıb, pultun arxasına keçirdi, gözlər onun düzgün, zərif qamətinə, əlindəki “sehrli çubuğa” çevrilirdi və başlanırdı… 

Kimsə zamanın necə keçməsindən xəbərdar olmurdu. Çox zaman heç üzünü də tanımırdılar və bu barədə məşhur bir gülməcə də var. Niyazi bir gün kaman ustası Habil Əliyevlə söhbət zamanı deyir ki, küçədə hamı sənə salam verir, mənə yox. Habil də cavab verir ki, siz həmişə camaata arxanızı çevirirsiniz, siz arxadan tanıyırlar, məni öndən.

Bu zarafatda acı bir həqiqət var idi. Biz dünyanı silkələyəcək, Azərbaycan brendi ola biləcək bir sənətkarı dünyaya tanıtmağı bacarmadıq. 

Halbuki Niyazi nə Raymond Paulsdan, Canluiji Celmettidən zəif sənətkar deyildi. Yüksək sənətkarlıq keyfiyyətlərinə görə Niyazini dünyada tək-tək yetişən A.Toskanini, V.Furtvengler, Knapersburş, Erix Playber kimi dirijorlarla müqayisə ediblər.
Doğrudur, yaşadığı Sovet dövləti məkanında ona qiymət verilmişdi. Azərbaycanın və SSRİ-nin Xalq artisti adına, SSRİ dövlət mükafatına, iki dəfə Lenin ordeninə layiq görülmüşdü. İki dəfə Stalin və Beynəlxalq Nehru mükafatları almışdı. Dövrünün ən yüksək fəxri adlarından sayılan Sosialist Əməyi Qəhrəmanı adını  da almışdı.

Niyazi Böyük Üzeyir Hacıbəyovun nəslindən idi, bəlkə bu möhtəşəm musiqi istedadı ona geniylə, qanıyla keçmişdi.

Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulmuşdu. Anası Böyükxanım ixtisasca həkim, atası Zülfüqar bəy isə Üzeyir bəy Hacıbəylinin qardaşı idi. Anasının yeganə, sevimli dayısı Heydərəli Tağızadə inqilabçı olub. Onun faciəli vəfatından sonra dayısının soyadını yaşatmaq məqsədilə özünə Tağızadə-Hacıbəyov soyadını götürüb.

Niyazi və Həcər xanım

Niyazinin ömür-gün yoldaşı Həcər xanım Cənubi Azərbaycandan idi. Onlar Mahaçqalada qohumları vasitəsilə tanış olmuşdular. Niyazi Həcər xanımı ailəsinin icazəsi olmadan qaçırmış, Həcər xanımın vətəndaşlığı olmadığı üçün 6 il dini nikahla birlikdə yaşamışdılar. Rəsmi qaydada yalnız 1940-cı ildə evlənir və birlikdə düz 51 il yol gedirlər. Əmisi Üzeyir bəy kimi (və bir çox dahilər kimi) onun da övladı olmur. Niyazi Ceyhun adlı bir oğlanı övladlığa götürür. Lakin bu uşaq məşhur ailənin faciəsinə çevrilir, gənclik çağlarında narkotik aludəçisinə çevrilib, evindən oğurluğa başlayır. 1990-cı ildə ana dediyi qadının, Həcər xanımın ölümünə səbəb olur. O zaman Niyazi artıq 6 il idi (1984-cü ildə) dünyadan köçmüşdü və yaxşı ki bu faciəni görmürdü. Oğlu öz evini qarət etməklə qalmamış, anasını da öldürmüşdü.

Niyazi və oğulluğu Ceyhun

Bu hadisəyə görə həbs olunmuş Ceyhun 2000-ci ildə azadlığa çıxıb, səfil həyatı keçirib. Deyilənə görə, atalığının mənzilinə ara-sıra baş çəkib, ağlayırmış, özünü söyürmüş...

O, 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti, 21 ünvandakı mənzildə yaşayıb. Evi bu gün muzey kimi xalqa açıqdır. 

Bu yazdıqlarımız Niyazi dühasının, onun xalq qarşısında, Azərbaycan mədəniyyəti qarşısında xidmətlərinin kiçik bir hissəsidir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18300
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar