taxi
20:15 8 yanvar 2021

Əsirliyin ölümcül sirri, başıbəlalı hekayə, taksi sürən qəhrəman... – Onların filmləri

“Gecənin qaranlığında yuxuya gedə bilmirsən, qaranlıqlara baxırsan və düşünürsən ki, nəyə görə həyat məni belə zəlil etdi, nəyə görə bu cür cəzalandırdı?” – söhbət açacağım filmin qəhrəmanının hayqırtısıdır bu cümlə, müharibə insanının fəryadı...

 

Müharibə insan faciəsidir. Dünya bünövrə olandan müharibələr qaçılmazdır. Ancaq bununla belə, insanın ən böyük problemi müharibə deyil, özüdür; müharibələri törədən də insandır, onun bəlasını yaşayan da...

 

İnsan məfhumudur bugünkü mövzu. Daha doğrusu, Lent.az-ın “Onların filmləri” layihəsində “İnsanın taleyi” filmindən söhbət açıram. Müharibənin insan taleyinə təsirindən, sənin, mənim, ətrafımızdakı insanların həyatını bir heçə çevirməsindən bəhs edən mükəmməl filmdən.  

 

Film Mixail Şoloxovun eyniadlı əsəri əsasında çəkilib. Hekayə ilk dəfə 1957-ci il yanvarın 1-də “Pravda” qəzetində çap olunur. O vaxt SSRİ-nin məşhur aktyoru olan Sergey  Bondarçuk hekayədən necə təsirlənirsə, qərara gəlir ki, bu hekayəyə film çəkməklə rejissor kimi debüt etsin: “Oxudum və əsla Sokolovla o balaca oğlan, onun ailəsi, müharibə, əsir düşərgəsi fikrimdən çıxmadı. Bu filmi çəkmək arzudan, yaradıcılıq planından çox həyat məramıma çevrildi”.

 

İdeyanı gerçəkləşdirmək  üçün “Mosfilm”in rəhbərliyini və Şoloxovu inandırmaq ona uzun müddətə başa gəlir. Kinostudiyada hesab edirdilər ki, bu hekayə qısa metraja ancaq sığar. Şoloxov isə heç bir rejissor təcrübəsi olmayan bir aktyorun bu filmi çəkə biləcəyinə inanmırdı.  

 

Bondarçuk onların qərarını gözləmədən işə başlayır. O bütün əsəri oxuyub, müəllifin məsləhəti ilə Rostova yollanır, bəhs olunan məkanlara baş çəkir.

 

Ssenarini Yuri Lukinlə Fedor Şaxmaqanov işləyirlər. Biri Şoloxovun redaktoru, o biri isə ədəbi katibi idi. 1957-ci ilin dekabrında onların ssenarisi “Mosfilm”də qeyd-şərtsiz qəbul edilir.

 

Ola bilər, yeni nəsil əsərin məzmunundan bixəbər olar deyə, süjetdən qısaca bəhs edəcəm.

 

Andrey Sokolov sadə adamdır - sürücü. Müharibənin əvvəlindən davaya yollanıb. Elə ilk aylardan da yaralanıb, faşistlərə əsir düşüb. Əsir düşərgəsində isə cəhənnəmi yaşayıb.

Cəsarəti və dözümü sayəsində güllələnmədən qurtulub, əsirlikdən qaçır. Voronejdə olanda öyrənir ki, ailəsi - xanımı və qızı bombardmanda ölüblər. Oğlunun axtarışına çıxır və məlum olur ki, müharibənin lap son günü həlak olub.  

 

Müharibədən sonra vətənə qayıtmır, çünki onu orda heç kim gözləmirdi, ailəsi, əzizləri ilə bağlı acılı xatirələrdən başqa...

 

Gedib doğma yerlərdən uzaqda - Stalinqrad vilayətində sürücü işləməyə başlayır.

 

Həyatda heç kimi qalmayan, yaşamağa səbəbi olmayan adam orda təsadüfən anası müharibədə həlak olmuş, atası itkin düşən balaca Vanya ilə qarşılaşır. Uşaqla ünsiyyət onu qismən həyata qaytarır, hiss edir ki, uşağın da ona ehtiyacı var. Vəziyyət elə gətirir ki, Sokolov həm uşağın, həm də özünün həyata davam etmələri üçün yalan danışır – Vanyaya “mən sənin atanam” deyir.

 

Filmdə bir sadə insanın simasında, onun taleyi üzərində əslində müharibəni yaşayan bütöv bir xalqın faciəsi açılır.

 

Filmin qəhrəmanı sovet kinosu, təbliğatı üçün xarakterik deyildi. Müharibədən sonra kinoda əsirlikdə olan sovet əsgəri verilməmişdi. İdeologiya əsirlikdə olan söhbətini qəbul etmirdi, onun əsgəri əsir düşə bilməzdi. Əsirlikdən gələni isə vətən xaini kimi zatən güllələnmə gözləyirdi. Şoloxov əsərdə ustalıqla vəziyyəti açıb, sonunda da əsiri qəhrəman, mənən qələbə qazanmış çıxara bilmişdi. Gənc rejissor filmdə bunu verə biləcəkdimi, yoxsa özünü güdaza verəcəkdi... Ya bu tabu məhv olacaqdı, ya özü.

 

Baş rol Sergey Bondarçukun öz boynuna biçilib. Təbii ki, filmi çəkməyi düşünəndə aktyor baş rolda özünü düşünüb çəkməyi arzulamışdı – aktyordu hər halda. Şoloxov nədənsə onu baş rolda görmürdü və aktyorun əllərini əsas gətirib öz fikrini izah edir ki, “Sokolovun əlləri belə olmur axı...” Görəndə ki, Bondarçuku bu filmi çəkməkdən yayındıra bilmədiyi kimi baş roldan da ayırmaq olmayacaq, yanğısı böyükdür, fikrindən daşınır.

 

Film üzərində işlədiyi müddətdə Sergey Bondarçuk özü deyildi, büsbütün Sokolov olmuşdu. Filmi də Sokolov kimi çəkib - yəni onun nəzərləri ilə baxa bilib. Yəqin ki, onun 1942-ci ildən 46-cı ilə qədər orduda olması, müharibədə iştirak etməsi də həm obrazın, həm də müharibə haqqında filmin taleyində az rol oynamayıb.

 

Kastinqlərdə ən böyük problem Vanyanın tapılması idi. Bondarçuk yüzlərlə uşaqla görüşüb, sınaq çəkilişi etmişdi. Pavel Boriskini isə təsadüfən tapdı. 5 yaşlı Pavliki Kino evində uşaq filmlərinin nümayişi zamanı tamaşaçı uşaqlar arasında görən kimi atasına yaxınlaşıb, uşağı kino çəkmək istədiyini deyib və razılığını alıb.  

 

Pavelin atası tanınmış aktyor idi - Vladimir Boriskin. Çəkilişlər dövründə Pavelin atası ilə anası ayrıldılar, çünki atası içki düşkünü idi. Sonradan, Pavelin hardasa 9  yaşı olanda anası rejissor Yevgeni Polununlə evləndi. Bu səbəbdən bəzi mənbələrdə aktyor Polunin soyadı ilə qeyd edilir. Atalığı ona doğma atasından daha yaxşı baxıb, övladı olmadığından onu övlad kimi qəbul edib. Bəlkə elə soyadı dəyişdiyindən orta məktəbi qurtarandan sonra 3 dəfə Kinematoqrafiya İnstitutuna qəbul olmaq cəhdi boşa çıxıb. Heç kim tanımayıb ki, bu həmin Vanya rolunu oynayan adamdır. Nəhayət, bezib və bir daha cəhd etməyib. Futbol və akrobatika üzrə uğurları olsa da Moskvada taksi sürücüsü işləməyə başlayıb, indi də “Volkswagen Group Rus”da sürücüdür.

 

Filmdə çəkilən qalan aktyorlar hamısı demək olar ki, epizodlara çəkilirdilər. Eləsi vardı ki, bir neçə rolda oynayırdı. Məsələn, qrim ustası həm də hərbi əsirlərdən birini oynayırdı. Filmin məsləhətçisi SS zabiti roluna çəkilmişdi.

 

Epizodik rollarda məşhur aktyorlar belə çəkilmişdilər - Georgi Miller, Yevqeni Morqunov, Lev Borisov.

 

Sokolovun arvadı rolunda çəkilən Zinaida Kirienkonun məşhur olmasına rəğmən perronda vida səhnəsi kimi kiçik epizodla aktrisanın dramatik istedadı üzə çıxıb.

 

Kiçik rola həmkarının xatirinə çəkildiyini, amma həmin epizodla daha çox yadda qaldığını sonralar aktrisa özü də etiraf edib.

 

Çəkilişlərin coğrafiyası geniş olub. Don sahilində Kulikovski xutorunda, Voronejdə, Tambovda, Volqoqradda, Kalininqradda.

 

1959-cu ildə ekranlara çıxan film tez bir zamanda bütün SSRİ-nin kinoprokatında ən çox baxılan və nümayiş edilən film oldu. Həmin il filmə 40 milyon tamaşaçı baxıb.

 

Filmin müəllifi və baş rolun ifaçısı Sergey Bondarçuk 1994-cü ildə 74 yaşında dünyasını dəyişib. Ömrünün sonuna qədər kinoda və kino sahəsində rəhbər vəzifələrdə olub. Almadığı mükafat və fəxri ad qalmayıb. Məzarı Moskvada Novodeviçye məzarlığındadır.

 

İtalyan neorealizminin banisi Roberto Rosselliani “İnsanın taleyi” filmi haqqında deyib: “Bu film müharibə haqqında çəkilən ən güclü, ən möhtəşəm filmdir”.

 

 

 

# 9771
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar